Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1976/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1992-ci il tarixindən xx xxxxxx 1994-cü il tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və xx xxxxx 1994-cü il tarixində Qaradiz istiqamətində gedən hərbi əməliyyatlar zamanı ağır yaralanmışdır. Həmin ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ömürlük 1-ci qrup Qarabağ müharibəsi əlilliyi təyin edilmişdir. Lakin İddiaçı hərbi xidmət zamanı xəsarət almış hərbi qulluqçu kimi təyin edilmiş sığorta məbləğini bu günə kimi ala bilməmişdir. Dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə qanunvericiliklə ona təyin olunmuş sığorta məbləğini almaq üçün müraciət etməsinə baxmayaraq iddiaçının müraciətləri təmin olunmamışdır. Sonuncu dəfə İddiaçı 2020-ci ilin oktyabr ayında sığorta məbləğinin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir, lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat sığorta pulunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı Füzuli rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağrılmış, xx xxxxxx 1993-cü ildə hərbi hissəyə göndərilmiş və xx xxxxxx 1994-cü ildə tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən təxris olunmuşdur. İş materiallarında olan xx.xx.1994-cü il tarixli, 10221 №-li Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı “sol parietal bölgənin sümük toxuması qüsuru 42 sm2 sahəsi ilə əməliyyatdan sonra – kəllənin dekompressiv trepanasiyası (xx.xx.1994) dəlib-keçən odlu silah yaralanması nəticəsində (xx.xx.1994). Açıq kəllə-beyin travmasının nəticələri (baş beyinin zədələnməsi xx.xx.1994) orta dərəcədə ifadə edilmiş sağ tərəfli hemiparezlə. Postkontuzion (xx.xx.1994) sol tərəfli eşitmə itkisi. Pıçıldayan nitqin qavrayışı sağdan 6 m, soldan 1 m məsafəsində” diaqnozu qoyulmuşdur, “yaralanma və travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışlardır.” İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzulu Rayon Şöbəsinin 1087 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1994cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin HHK-ı tərəfindən hərbi uçotdan silinməklə hərbi xidmətə yarasız hesab edilmişdir. xx.xx.1995-ci il tarixində SHXÇDX-nin Füzuli rayon şöbəsində qeydiyyata alınıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli müayinə aktından çıxarışa əsasən, İddiaçı “kəlləni dəlib-keçən odlu silah yaralanması, baş beyinin əzilməsi, dekompressiv trepanasiya. Ən son vəziyyət sağ tərəfli hemiparez” diaqnozu qoyulmuşdur. Həmçinin eyni çıxarışda qeyd olunur ki, İddiaçı müddətsiz 1-ci qrup əlildir, əlilliyinin səbəbi isə Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı əlillikdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 07-07-596 №-li məktubunda bildirili ki, İddiaçı 1994-cü ildə həqiqi hərbi xidmət zamanı xəsarət alaraq tərxis olunmuşdur və bununla əlaqədar İ qrup əlillik dərəcəsi almışdır. Müraciət etmək hüququndan uzun müddət keçdiyi üçün İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1976/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1976/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver