Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1992/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 3 il 7 ay 1 gün müddətində qeyd edilən şirkətdə işə qəbul olunmuş və xx.xx.2019-cu il tarixli 23 nömrəli əmrlə həmin gün Heydər Əliyev adına neft emalı zavodu layihəsinə taxtabəndçi vəzifəsinə təyin olunmuşdur (müqav.bənd 1.2 və 2.3). xx.xx.2019-cu il tarixli 231 nömrəli əmrlə o, ğaxtabənd briqadirinin köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci ilədək həmin vəzifədə işləmişdir. xx.xx.2022-ci il tarixli 155 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunmuşdur. İşdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən iddiaçının əmək haqqı kartına 4041 manat, xx.xx.2022-ci il tarixdə 61.92 və 55 manat, cəmi 4157,92 manat pul köçürülmüşdür. Əmək müqaviləsinin 1.3-cü bəndinə əsasən müqavilə hüquqi qüvvəyə mindiyi gündən yaranmış əmək münasibətləri: tərəflərin hüquq və vəzifələri, məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalar və prinsiplərlə tənzimlənir. Əmək müqaviləsində: 4.16-cı bəndə əsasən gündəlik 8 saat, həftəlik 40 saatdan çox olmayan iş saatı; 4.17-ci bəndə əsasən iş saatının 09.00-da başlanması, 18.00-da başa çatması, 13.00-dan 15.00-dək nahar fasiləsi; 4.21-ci bəndə əsasən həftənin 1-5ci günləri işin saat 09.00-da başlanması 18.00-da başa çatması, saat 13.00dan 15.00-dək naar fasiləsi, şənbə günləri isə saat 10.00-dan işin başlanması, saat 16.00da başa çatması, nahar fasiləsi 13.00-dan 14.00-dək müəyyən olunmuşdur. Lakin şirkətdə işlədiyi 3 il 7 ay 1 gün ərzində şirkət rəhbərliyinin tapşırığına əsasən o, iş vaxtından artıq işlərə cəlb edilmiş (iddiaçıya bu barədə rəsmi əmr olub-olmaması barədə məlumat verilməmiş, həmin əmr olduğu halda belə onunla tanış edilməmişdir) gündəlik iş saat 09.00-da deyil, faktiki olaraq 07.30-da (yəni 1 saat 30 dəqiqə tez) başlamış və saat 18.00da başa çatmalı olduğu halda faktiki olaraq 20.00-də (yəni 2 saat artıq) başa çatmışdır. Nahar fasiləsi üçün ayrılmış vaxt əmək müqaviləsinə əsasən saat 13.00-dan 15.00-dək, yəni 2 saat nəzərdə tutulduğu halda, faktiki olaraq 12.00-dan 13.00-dək, 1 saat vaxt ayrılmış, yəni iddiaçı 1 saat artıq işləmişdir. Şənbə günləri əmək müqaviləsi üzrə iş başlamalıdır 10.00-da, faktik olaraq iş başlanmışdır 07.30-da, yəni 2 saat 30 dəqiqə tez başlanmışdır. İş vaxtı başa çatmalıdır 16.00-da, faktik olaraq başa çatmışdır 17.30-da, yəni iddiaçı 1 saat 30 dəqiqə artıq işləmişdir. Beləliklə, həftəlik iş saatlarının müddəti əmək müqaviləsi üzrə 40 saat olmaqla, aylıq (yəni 4 həftəlik) 160 iş vaxtına ödənilən əmək haqqının məbləği müqavilə üzrə (bənd 4.1)911,73 manat (1 saat üçün 5.69 manat müəyyən edilmişdir). 2019-2022-ci illərdə əmək vəzifəsinin faktiki icrası həftənin 5 günü gündəlik 4 saat 30 dəqiqə, şənbə günü 4 saat, ümumilikdə həftə ərzində 26 saat 30 dəqiqə, ay ərzində 106 saat (4 həftə x 26 saat 30 dəq=106 saat), il ərzində 1272 saat (12 ay x 106 saat = 1272 saat) təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının hər il üçün qəbul edilmiş qərarları ilə 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 2019-cu il üçün 1926 saat, 2020-ci ilin üçün 1922 saat, 2021-ci il üçün 1920 saat, 2022-ci il üçün 1921 saat müəyyən edilmişdir. İddiaçı 2019-cu ildə faktiki icra etdiyi iş saatlarının ümumi həcmi illik 21 gün məzuniyyət günləri nəzərə alınmamaqla (21 gün x 8 saat = 168 saat) 3030 saat, yəni norma üzrə müəyyən edilmiş 1926 saatdan artıq olaraq 1104 saat işləmihşdir. 2020-ci ildə müvafiq olaraq artıq iş saatlarının həcmi 1108 manat, 2021-ci ildə 1110 saat, 2022-ci ildə 1109 saat təşkil etmişdir. 2019-2021-ci illər, yəni üç il ərzində cəlb edildiyi artıq iş saatlarının həcmi (1104+1108+1110+1109=4431) 4431 manat təşkil etmişdir. Bununla yanaşı, 2022-ci ilin yanvar ayından 30 avqust tarixədək, 8 ay ərzində cəlb edildiyi artıq iş saatlarının həcmi 848 saat (32 həftə x 26 saat 30 dəq=848 saat) təşkil etmişdir. Beləliklə, 2019-cu ilin yanvar ayından 2022-ci ilin 30 avqust tarixə kimi cəlb edildiyi artıq iş saatlarının ümumi həcmi 5279 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbinə əsasən iş vaxtında artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək müqaviləsinin 4.1-ci bəndi ilə nəzərdə tutulmuş aylıq əmək haqqının məbləği 911,73 manatın aylıq iş saatlarına nisbəti ilə saat hesabı əmək haqqının məbləği 5.69 manat təşkil edir. Bununla da, 2019-2022-ci illər üzrə 5279 saat təşkil edən artıq iş saatlarına görə şirkət tərəfindən İddiaçı (5279 saat x 11.38 manat = 60075,12 manat) 60075,12 manat əmək haqqı kimi pul hesablanmalı idi. 2019- 2022-ci illərdə əmək haqqı kimi hesablanmış və iddiaçıya ödənilmiş pulun cəmi məbləği 59818 (2019-cu ilin əmək haqqı cədvəli yoxdur, həmin il aylıq 1034 manat olmaqla təxmini hesablanmışdır) manat olmuşdur. Həmin məbləğin 39204,39 manatı qeyd edilən dövr üzrə gündəlik iş normasına uyğun (aylıq 911.73 manat x 43 ay = 39204,39 manat) hesablanmış məbləğ, 20614 manat isə əlavə ödənilmiş məbləğ olmuşdur. Ödənilməli olan 60075,12 manatdan 20614 manat çıxıldıqdan sonra qalıq məbləğ, yəni 39461,02 manat ona əlavə ödənilməli olan məbləği təşkil edir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə işdən azad edilərkən onun əmək kitabçası verilməmiş, rəsmi müraciət etdikdən sonra əmək kitabçası xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı işdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə ƏƏSMN 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək işçiz statusunda qeydiyyata alınmışdır, bu günədək hələlik işlə təmin olunmamışdır (sənədin nömrəsi **********). xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şirkətin təqsiri üzündən əmək kitabçasının verilməsi ləngidildiyinə görə ödənilməli olan orta əmək haqqının 141 günlük məbləği (orta əmək haqqı 60 manat x 141 gün = 8460 man) 8460 manat təşkil edir. Ümumilikdə, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının məbləği 39461 manat və əmək kitabçasının verilməsi ləngidildiyinə görə ödənilməli olan orta əmək haqqının məbləği 8460 manat olmaqla şirkət tərəfindən ona ümumilikdə 47921 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 47921 manat pulun tutulub İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək bildirmişdir ki, qeyd edilən iddia ərizəsində onlar 2 tələb irəli sürmüşlər. Birincisi, işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı ona ödənilməyən haqla, ikinci tələb isə ona əmək kitabçasının qanunvericilikdə göstərilən vaxtdan gec verilməsi ilə əlaqədar ona dəymiş ziyanla bağlıdır. Bununla bağlı tərəflərindən məhkəmə əmək müqaviləsi, işçinin iş vaxtının rejimi ilə bağlı sənəd, ona ödənilmiş əmək haqqı barədə bankdan çıxarış təqdim edilmişdir. İddiaçı cavabdeh şirkətdə işlədiyi 3 il 7 ay 1 gün müddətində iş vaxtından artıq işlərə cəlb edilmişdir. Bununla bağlı əmrin verilib-verilmədiyi ilə əlaqədar onlarda hər-hansı məlumat yoxdur. Həmçinin həmin əmri vermək vəzifəsi işçinin yox, işəgötürənin üzərindədir. Əgər verilməyibsə bu işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Həmçinin əmrin mövcud olmaması əlavə işlərə cəlb edilmə faktının olmaması anlamına gəlmir. İddiaçı cavabdeh tərəfindən əlavə işlərə cəlb edilsə də, ona bununla bağlı haqq tam şəkildə ödənilməmişdir. Bundan əlavə işçi işdən çıxdıqdan sonra ona əmək kitabçası qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən o, yeni işə başlaya bilməmiş və bununla da ona maddi ziyan dəymişdir. İddiaçının əlavə işlərə cəlb edilməsi faktını məhkəməyə təqdim edilmiş işçinin iş vaxtının rejimi ilə əsaslandırırlar. Həmin sənəddə işçinini işə gəldiyi və işdən çıxdığı vaxtlar öz əksini tapmışdır. İddiaçıya yeni iş təklif olunmayıb. İddiaçı həmin vaxt ərzində işsiz kimi qeydiyyatda olub. İddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırkı mülki iş üzrə İddiaçı ilə xx.xx.2019-cu il tarixdən əmək müqaviləsi bağlayaraq cavabdeh şirkətdə işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işlədiyi 4 ilə yaxın bir müddətdə hər hansı bir tələbi və narazılığı olmamış və bununla bağlı rəhbərliyə müraciət etməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Halbuki hazırki mülki iş üzrə iddiaçı 2019-cu il tarixdən bu yana olan pul tələbləri ilə bağlı məhkəməyə müraciət etmiş və prosessual müddəti ötürmüşdür. İddiaçının əlavə işlərə cəlb edilməsi ilə bağlı əmr mövcud deyildir. İşçi könüllü razılıq əsasında əlavə işlərə cəlb edilmiş və ona bununla bağlı aylıq bonuslar ödənilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmaşını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Müki iş materiallarında (bundan sonar iş materilları) olan «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlardan görünür ki, İddiaçı Heydər Əliyev adına X5 taxtabənd briqadirinin köməkçisi vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilmişdir. Əmək müqaviləsi «47/c işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti,quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda (Az.Res.Əmək Məcəlləsi)» bəndində qeyd olunan səbəbə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3 il 7 ay 1 gün müddətinə bağlanmışdır (bənd 2.3). İşçi xx.xx.2019-cu il tarixdən iş başlayır (bənd 2.4). İşçiyə hər ay 911,73 manat məbləğində əmək haqqı ödənilir (bənd 4.1). İşçi əmək funksiyasını əmək normal şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına manat məbləğdə əlavə müəyyən edilir (bənd 4.4). İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir (bənd 4.16). İş saat 09.00 başlanır, saat 18.00 qurtarır (bənd 4.17). Nahar vaxtı saat 13.00-dan saat 15.00-dəkdir (bənd 4.18). İş vaxtının rejimi barədə: həftənin 1-5-ci bən işə başlama saatı: 09.00, işin bitmə saatı: 18.00, nahar vaxtı: 13.00, nahar vaxtının bitmə saatı:15.00, şənbə günü işə başlama saatı: 10.00, işə bitmə saatı: 16.00, nahar vaxtı: 13.00, nahar vaxtının bitmə saatı: 14.00, istirahət günü - bazar günüdür (bənd 4.21).
8. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında ********** nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 3 saylı Bakı DOST Mərkəzinə xx.xx.2022-ci il tarixdə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işsiz statusunda qeydiyyata alınmışdır.
9. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 48.445,07 manat məbləğində pul ödənilmişdir.
10. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o xx.xx.2019-cu ildə «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin «H.Əliyev adına neft emalı zavodu» layihəsinə taxtabəndçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə taxtabənd briqadirinin köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) işdən azad olunmuşdur.
11. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı İddiaçı X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış müraciətdə və yazmış olduğu izahatda müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmadığını və iş vaxtından artıq işlərə görə əvvəlki dövürlər üçün ödəmələrin müəssisə tərəfindən həyata keçirilmədini bildirmişdir. «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına **********5 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq İddiaçı aid sənədlərin, Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirirlər ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli, 1410-İVQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2023-cü il tarixədək dayandırıldığından müraciətində qeyd etdiyi sahibkarlıq subyektində yoxlama aparılması mümkün olmamışdır. Bildirirlər ki, müəssisənin rəhbərliyi tərəfindən sənədlər tam təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 12 nömrəli, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 2019-cu il üçün 1926 saat, 2020-ci ilin üçün 1922 saat, 2021-ci il üçün 1920 saat, 2022-ci il üçün 1921 saat müəyyən edilmişdir.
13. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/2-02228/2023 saylı, xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokolundan görünür ki, İddiaçı X2nda iştirak etmiş, lakin «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə «X2 barədə bildiriş» çatdırılmış, eləcə də mobil telefonları ilə əlaqə saxlanılmış, telefonla özünü Rövşanə xanım kimi təqdim edən şəxs şirkətin mediasiya sessiyası barədə məlumatlı olduğunu, lakin onlar mediasiya sessiyasında iştirak etməyəcəklərini bildirərək, iştirakdan qəti şəkildə imtina etmişlər.
14. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/2-02228 saylı, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək haqqı üzrə pul tələbi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 11.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh şirkətinin Heydər Əliyev adına X7 taxtabəndçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixdə taxtabənd briqadirinin köməkçisi vəzifəsinə keçirilmişdir. Tərəflər arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək - 3 il 7 ay 1 gün müddətinə bağlandığı ilə əlaqədar iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) işdən azad olunmuşdur. Hazırda iddiaçı iddia edir ki, şirkətdə işlədiyi 3 il 7 ay 1 gün ərzində şirkət rəhbərliyinin tapşırığına əsasən o, iş vaxtından artıq işlərə cəlb edilmiş, 2019-cu ilin yanvar ayından xx.xx.2022-ci il tarixə kimi cəlb edildiyi artıq iş saatlarının ümumi həcmi 5279 manat təşkil etmişdir. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilərkən onun əmək kitabçası verilməmiş, rəsmi müraciət etdikdən sonra əmək kitabçası xx.xx.2023-cü il tarixdə verilmişdir. Əmək kitabçasının verilməsi ləngidildiyinə görə iddiaçıya ödənilməli olan orta əmək haqqının 141 günlük məbləği 8460 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı iş vaxtından artıq görülən işə görə əmək haqqının məbləği 39461 manat və əmək kitabçasının verilməsi ləngidildiyinə görə ödənilməli olan əmək haqqının məbləği 8460 manat olmaqla, ümumilikdə 47921 manat məbləğində cavabdeh şirkətindən onun xeyrinə tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur.
18. Həmin Məcəllənin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “ə” bəndinə əsasən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır.
19. Göstərilən Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
20. Azərbaycan Respublikası Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
21. Məhkəmə qeyd edir ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir və iddia tələbi bu hissədə rədd edilməlidir.
22. Məhkəmə həmçinin qeyd edir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir ( işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi.
23. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
26. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
27. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
28. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
29. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.
30. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
31. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
32. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
33. Məhkmə iddia tələbinin əmək kitabçasının veriliməsi ləngidildiyinə görə ödənilməli olan orta əmək haqqının 8460 manat məbləğində tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir.
34. Belə ki, işçinin əmək kitabçasını həqiqətən işəgötürən tərəfindən ləngidilməsi halı məhkəmə tərəfindən müəyyən edilməmiş (bunu cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclası zamanı öz izahatında bildirərək iddiaçıya əmək kitabçasını gəlib alınması təklif olunsada müsbət cavab verilməmişdir) , edilmiş olsaydı da belə işçiyə hər hansı bir işin real təklif olunması iddiaçı tərəfindən sübuta yetirilə bilməməklə sadəcə ehtimala əsaslanmışdır.
35. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
36. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
38. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.
39. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
41. Bundan əlavə isə iddiaçının iddiasının özü əsassız hesab ediliyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə yenədə qeyd edir ki, iddia tələbi iddiaçının xx.xx.2019-cu ildən etibarən iş vaxtından artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanıb həmin tarixdən ona ödənilməsi ilə əlaqədar olduğundan, əmək haqqı ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan 1 ildən əvvəlki müddət üçün ödənilməyən əmək haqqının tələb edilməsi ilə bağlı iddia tələbi, eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə əlaqədar da təmin edilməməlidir.
42. İddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.»
43. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
44. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
46. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətləri ötürdüyündən, həmçinin qaldırılan iddia tələbinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir.
47. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh «X8 ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov