Məhkəmə qərarları › İş №2(006)-1993/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1993/2021

03.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1993/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi X3, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» ASC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 1415 saylı kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» ASC-nin Səbail filialı ilə onun arasında xx xxxxxx 2012-ci il tarixdə 1415 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə uyğun olaraq «xxxx» ASC-nin Səbail filialına «VAZ- 21154» markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuşdur. Həmin tarixdən sonra kredit borcunu o, mütəmadi olaraq cədvəldə göstərilən məbləği vaxtlıvaxtında ödəmişdir. Bir müddət sonra kredit borcunu maddi imkanı ilə bağlı ödəyə bilməmişdir. Bununla bağlı, «xxxx» ASC-nin əməkdaşı olan X4 ödənişi etmədiyinə görə mülkiyyətində olan avtomobili xx.xx.2015-ci il tarixdə götürmüş və buna dair akt tərtib edərək, öz imzası ilə təsdiq etmişdir. xx.xx.2015-ci il tarixdə yenidən ona zəng edərək, avtomobilə dair ünvan 1 mənzil 24 ünvanda yaşayan Cavabdeh3 ilə müqavilə bağlanmasını və həmin şəxsin 7.064 manat borcun onun tərəfindən ödənilməsini və «VAZ-21154» markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə saxlanılmasını, «xxxx» ASC tərəfindən avtomobilə baxış lazım olduğu halda dərhal həmin baxışa şərait yaradacağını öhdəsinə götürməsini və heç bir halda heç bir şəxsə mülki etibarnamə, sürmək üçün etibarnamə verməyəcəyini öhdəsinə götürərək, bu halın bank vəsaitinin məqsədli şəkildə başqa istiqamətə yönəldilməsi kimi başa düşdüyünə, bu halın dələduzluq faktı olmasını dərk etməsi barədə öhdəlik götürmüşdür. Avtomobili başqa şəxsə satdıqları üçün həmin şəxsə etibarnamə verilməli olduğu üçün həmin şəxsə etibarnamə vermişdir ki, avtomobilə dair müqavilə onun adından ləğv edilərək, bank tərəfindən avtomobili alan şəxslə müqavilə bağlansın. Həmin tarixdən bu günə kimi avtomobil barədə heç bir məlumatı olmamışdır. Lakin xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən ona bildiriş gəlmiş və bildirişdə 5.299 manat 48 qəpik guya borcunun olması və buna dair restrukturizasiya müqaviləsinin bağlanmasını təklif edirlər. Qeyd etdiyi kimi, cavabdehlər yuxarıda qeyd edilən avtomobili xx.xx.2015-ci il tarixdə ondan təhvil almışlar və Cavabdeh3 satıldığı, onunla öhdəlik müqaviləsi bağlanılması və ödənişlərin onun tərəfindən ödənilməsinə dair razılığa gəlmişlər. Bundan başqa, 5 ildən çoxdur ki, ondan pul tələb edilməmiş və bu o deməkdir ki, artıq iddia qaldırılması üçün iddia müddəti ötürülmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisələndirilən kredit müqaviləsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(006)-7518/2014 saylı qətnaməsi mövcuddur. Həmin qətnaməyə əsasən iddiaçıdan cəmi 5819,48 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və cavabdeh «xxxx» ASC-nin nümayəndəsinin izahatı ilə oxşar izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 2013-cü ildə «xxxx» ASC-nin klienti olmuşdur. Hər ay 240 manat pul ödəmək müqabilində ona avtomobil krediti müqaviləsi bağlamaq təklif olunmuşdur və o, həmin təkliflə razı olmuşdur. Lakin iki ay ödənişləri mütəmadi həyata keçirsə də, onunla kredit müqaviləsi bağlanmadığına görə həmin avtomobildən imtina edərək banka təhvil vermişdir. Bu səbəbdən, iddianın ona dair hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(006)-7518/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, «xxxx» ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulması və tutmanın ipotekaya qoyulmuş avtomobilə yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli 1415 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 5.496 manat 15 qəpik əsas borc, 293 manat 33 qəpik faiz, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.819 manat 48 qəpik pulun tutulması; tələb üzrə tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş «VAZ-21154» markalı ** NC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi; həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra, icra vərəqəsi xx.xx.2015-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə icra olunması üçün ərazi aidiyyatı üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, yuxarıda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun hazırkı iş üzrə iddiaçıdan tutularaq banka ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında kredit müqaviləsi bağlanması, həmin müqaviləyə əsasən iddiaçının cavabdehdən kredit alması, kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasının təmini olaraq avtomobilin ipoteka ilə yüklü edilməsi, borcun vaxtında və tam şəkildə ödənilməməsi, cavabdeh bankın məhkəməyə müraciət etməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qətnamə preyudisial əhəmiyyət kəsb edir və hazırkı iddianın təmin edilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxx» ASC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar