Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2000/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızının iştirakı ilə, iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızının Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 10 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment miqdarının artırılaraq, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, ödənilməmiş aliment 2 ay (aprel 2019-may 2019) - 400 manat və mediasiya xərcləri - 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 iyul 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Ailə həyatından 40 gün keçdikdən sonra 15.08.2018-ci il tarixində əri onunla bir yerdə yaşamaq istəmədəyini deyib, ona qarşı agressiv hərəktləri göstərib və onu yaşadıqları evdən gecə vaxtı govub. Həmin vaxtdan hamilə olduğuna baxmayaraq yoldaşı onun vəziyyətilə və səhəttilə maraqlanmayıb. Cavabdehlə birgə nikahlarından 10.04.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.07.2019-cu il tarixli, 2(006)-4106/2019 qətnaməsi ilə, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 10.04.2019-cu il təvəllüdlü X2 onun yanında qalması müəyyən olunmuşdur. X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə 160 manat, habelə X5 3 yaşına çatanadək cavabdehdən hər ay 40 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, 3 iyun 2019-cu il tarixindən aliment almağa başlamışdır. Bu halda ,10.04.2019-cu il tarixində anadan olan X5. 2 ay (aprel 2019 və may 2019) cavabdehdən aliment tutulması xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə 2019-cu ildə cavabdehdən tutulması qət edilmiş 160 manat məbləğində aliment 2022-ci ildə uşağın saxlanılması üçün kifayət etmir. Azərbaycan Respublikasında "yaşayış minimumu haqqında" qanun layihəsinə əsasən isə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün -170 manat, 2021-ci il üçün - 175 manat, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. O, cavabdehə 07 fevral 2022-ci il tarixində aliment artırılması üzrə tələbi və mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin qanunda nəzərdə tutlmuş 10 gün ərzində cavabdehdən hec bir cavab gəlməmişdi. O, 17 fevral 2022-ci il tarixində 6 saylı mediasiya təşkilata müraciət etmiş və mübahisə üzrə mediator X7 təyin edilmişdir. 25 fevral 2022-ci il tarixində onun və cavabdehin iştirakı ilə mediasiya sessiyası keçirilib. Sessiya zamanı cavabdeh təklifi ilə razı olmadı. Bütün bunlar və Cavabdeh ilə birgə nikahdan olan uşağın mənafeyi nəzərə alınaraq onun saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmalı və cavabdehdən uşaq üçün hər ay 300 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 3 saylı Bakı “ASAN xidmət” qeydiyyat şöbəsi tərəfindən 09.05.2019-cu il tarixdə verilmiş AZ-İV serialı, 285574 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10.04.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4106/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, X6 ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 02 iyul 2018ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1755 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 10 aprel 2019-cu il təvəllüdlü X2 anası X3 yanında qalması, Cavabdeh 10 aprel 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat, habelə X5 3 yaşına çatanadək Cavabdeh hər ay 40 (qırx) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 03 iyun 2019-cu il tarixdən hesablanmaqla tutularaq X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 13.09.2019-cu il tarixdə verilmiş AZ-İ serialı, 328628 nömrəli nikahın pozulması haqqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 324 nömrə ilə qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya xərci olaraq 50 manat məbləğində pul ödənilmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından bir uşağı anadan olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmuşdur, uşaq iddiaçının himayəsindədir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4106/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 10.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat, habelə X5 3 yaşına çatanadək hər ay 40 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 10.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment miqdarının artırılaraq, hər ay 300 manat sabit pul məbləğində alimentin, 2 ay üçün ödənilməmiş ( aprel 2019 - may 2019) - 400 manat məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-4106/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı (İsmayılova) İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 10.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızına ödənilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin iddianın “2 ay üçün ödənilməmiş ( aprel 2019 - may 2019) - 400 manat məbləğində alimentin Cavabdeh tutularaq Fərəcova (İsmayılova) Raminə Tahir qızının xeyrinə ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçı alimentin alınması üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində aliment almadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4106/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 10.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızına ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızına ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4106/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsinə əsasən 10.04.2019-cu il təvəllüdlü X1 üçün Fərəcova (İsmayılova) Raminə Tahir qızının xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 10.04.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızına ödənilsin. İddia digər hissədə rədd edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Fərəcova (İsmayılova) Raminə Tahir qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2000/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2000/2022
04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver