Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2013/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə xidməti vəzifələrinin icrası zamanı yaralanaraq 2-ci qrup əlil olduğunu nəzərə alaraq 6.600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sovet Ordusunda hərbi xidmətdən sonra 20 avqust 1992-ci il tarixində könüllü olaraq Tovuz rayon Hərbi Komissarlığına gəlmiş və oradan Dağlıq Qarabağ ərazisində döyüşən hərbi hissəyə göndərilərək hərbi xidmətə başlamışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təkrar hərbi xidmətinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində başlamışdır. N noyabr 1992-ci il tarixində onları N saylı hərbi hissəyə keçirdilər. Sovet Ordusunda hərbi xidmət keçdiyindən onu hərbi hissədə tağım komandiri vəzifəsinə təyin etdilər. Döyüş yolu Ağdam rayonunun Canyataq, Gülyataq, Dovşanlı, Vəng və Ağdərə rayonunun Çıldran kəndlərindən keçmişdir. 16 oktyabr 1992-ci il tarixində o, öz tağımı ilə Qazançılar kəndi uğrunda gedən döyüşdə iştirak etmişdir. Döyüş zamanı yaralanan və şəhid olanlar oldu. Ağır itkilər bahasına düşmənin hücumlarını dəf etmişlər. Düşmən tərəf də böyük itkilərə məruz qalmışdır. O, ağır yaralı snayperçi X1 döyüş mövqeyindən çıxararaq onu xilas edərkən özü də ağır yaralanmışdır. Onu Ağdam rayonunun Xindırıstan kəndindəki mülki xəstəxanaya yerləşdirdilər. Orada ona ilk tibbi yardım göstərdilər. O, ağır açıq kəllə-beyin travması almışdır. Kəllənin sol nahiyyəsində və gicgahında çoxsaylı qəlpə yarası diaqnozu ilə başından Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Yaraları bir qədər sağalandan sonra əsgər çatmadığından yenidən döyüşlərə qayıtmışdır. O zaman hərbi hissələri Sərsəng su anbarının ətraflarında döyüş mövqeyində idi. Hal-hazırda keçmişdə aldığı xəsarətləri ona əziyyət verir. Gündən-günə müalicələrə ehtiyacı artır. Ehtiyata buraxılandan sonra dəfələrlə müalicələr almışdır. Müalicələrdən sonra da özünü narahat hiss edir. Buna görə də, xidməti vəzifələrinin icrası zamanı aldığı kəllə-beyin travması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən şəhadətləndirilmiş və ona 11.10.2024-cü il tarixinədək Azərbaycanın müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup müharibə əlilliyi verilimişdir. 28 yanvar 2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Lakin o, bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin döyüşən hərbi hissəsində hərbi xidmət keçərkən xidməti vəzifələrinin icrası zamanı ağır yaralandığına, ayağını və əl barmaqlarını itirdiyinə və qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi aldığına görə icbari sığorta pulu ala bilməmişdir. O, hərbi xidməti vəzifələrinin icrası zamanı əlil olduğuna görə qanunla nəzərdə tutulan sığorta məbləğinin ödənilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, indiyə qədər ona sığorta pulu ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1972ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində doğulmuşdur. İddiaçı DİN Daxili Qoşunlarda hərbi xidmətə olmuş, Qarabağ uğrunda gedən döyüşlər zamanı 16.10.1992-ci il tarixdə odlu silah mərmi partlaması nəticəsində yaralanmışdır. «Başın arxa ənsə nahiyəsində bir ədəd, başın sol gicgah nahiyəsində bir ədəd, başın sol təpə-gicgah sərhəddində bir ədəd, sol əlin ovuc səthində bir ədəd, sol əlin V barmağının distal və proksimal falanqasının arxa səthində iki ədəd, sol diz oynağının ön bayır səthində bir ədəd köhnə çapıq toxumaları» diaqnozu ilə müalicə və müayinə olunmuşdur. Həmin yaralanmalar hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11.10.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı «Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Kəllədaxili travmanın nəticələri. Posttravmatik ensefalopatiya. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəfə). Şəxsiyyətin və davranışın kəskin pozuntusu. Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 6-7 dəfə). Keçirilmiş QKBT-sı. Şəxsiyyətin və davranışın kəskin pozuntusu. Posttravmatik ensefalopatiya» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2013/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2013/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver