Məhkəmə qərarları › İş №2(006)-2060/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2060/2023

04.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2060/2023 04.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliyə xitam verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək izahatında qeyd etmişdir ki, Cavabdeh QBKT ilə Abdullayev Şirindil Ziyaddin oğlu arasında 28 fevral 2017ci il tarixdə bağlanmış **********7800 saylı kredit müqaviləsinə əsasən bank borcluya 1296 manat məbləğində pul vermişdir. Həmin kredit müqaviləsi üzrə Abdullayev Şirindil Ziyaddin oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə guya onunla 28 fevral 2017-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsindəki imzalar ona məxsus deyildir. O, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldikdən sonra Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları onunla əlaqə saxladıqda baş verən proseslərdən xəbər tutmuşdur. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Faktiki olaraq bu müqavilə onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Onun vəziyyətini hədsiz dərəcədə pisləşdirmişdir. Zaminliyə xitam verilməsi ilə bağlı digər hal isə kreditorla razılaşma olmadığı zaman baş verə bilər. Yəni, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilir. Bu zaman isə həmin şəxsin zaminliyinə xitam verilir. O, faktiki olaraq ilkin götürülmüş kreditdən məlumatı olmuşdur. Sonrakı götürülmüş kreditdən məlumatı olmayıb və kredit xətti müqaviləsinin növbəti verilən kreditə onun razılığının olmaması zaminliyə xitam üçün əsasdır. Zaminlik halına start verilməsi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı zaman da verilə bilər. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2014-cü ildə götürülmüş kreditə görə onun zaminliyinə xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, **********1386 saylı Kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2017-ci il tarixli Sazişin surətindən görünür ki, Cavabdeh MMC QBKT ilə Abdullayev Şirindil Ziyaddin oğlu aralarında xx.xx.2016-cı il tarixli, **********1386 saylı kredit müqaviləsinin restrukturizasiya olunması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, **********7800-915398№-li zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC QBKT ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin İddiaçı kredit alan Abdullayev Şirindil Ziyaddin oğlunun kredit müqaviləsi üzrə yaranan öhdəliklər üzrə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun zamin kimi kredit alanla eyni həcmdə birgə məsuliyyət daşıdığı qeyd edilmiş və bildirilmişdir ki, **********7800 saylı kredit müqaviləsinə əsasən X1 təşkilata ümumilikdə 497.20 manat məbləğində borcu vardır. Həmin məbləğin ən qısa müddət ərzində tamamilə ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ş.Abdullayev ilə Cavabdeh MMC QBKT arasında kredit müqaviləsi, sonradan həmin müqavilənin restrukturizasiyasına dair saziş bağlanmış, eyni zamanda İddiaçı ilə Cavabdeh MMC QBKT arasında həmin müqavilələrin təminatı kimi xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin zaminlik müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Tələbini onunla əsaslandırır ki, həmin müqavilə onun iştirakı olmadan bağlanılmışdır və oradakı imza ona məxsus deyildir. Digər tərəfdən, iddiaçı MPM-in 477-ci maddəsinə istinad edərək həmin müqaviləyə xitam verilməli olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0, 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh QBKT ilə Abdullayev Şirindil Ziyaddin oğlu arasında 28 fevral 2017-ci il tarixdə bağlanmış **********7800 saylı kredit müqaviləsinə əsasən bank borcluya 1296 manat məbləğində pul vermişdir. Həmin kredit müqaviləsi üzrə Abdullayev Şirindil Ziyaddin oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ilə 28 fevral 2017-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Lakin Zaminlik müqaviləsindəki imza İddiaçı məxsus deyildir. İş materiallarından göründüyü kimi cavabdeh tərəf kredit alanın borcunun olduğunu bildirsə də, indiyə kimi müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırkı halda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tələblə müraciət etməli olduğu halda, bu müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbində zaminlik müqavilələrinə xitam verilməsi xahiş edilsə də, iddia tələbinin əsaslandırılmasından və tərəflərin məhkəmə baxışı zamanı verdikləri izhatalardan müəyyən edilir ki, iddia tələbi zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməsi ilə əlaqədardır. Ona görə də məhkəmə iddia tələbinin zaminliyə xitam verilməsi tələbi kimi qəbul edilməsini və iddia tələbinin bu baxımdan qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixli, **********7800-915398 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2017-ci il tarixli, **********7800- 915398№-li zaminlik müqaviləsinə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx.xx.2017-ci il tarixli, **********7800-915398№-li zaminlik müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar