Məhkəmə qərarları › İş №2(006)-2071/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2071/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2071/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.1976-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. Sabirabad RHK tərəfindən 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və döyüş bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. xx xxxxxx 1998-ci ildə hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman düşmən tərəfin açdığı odlu silahdan ağır yaralanmışdır. xx.xx.1998-ci ildə yaralanma səbəbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Poliknikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona “kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” – diaqnozu təyin edilmişdir. “Hərbi Travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması” faktı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 731 saylı qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifələrini yerinə yetirən zamanı odlu silahdan yaralanıb əlil olduğu üçün Azərbaycan Respublikasl Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci ildə ona İİ dərəcəli əlillik təyin edilmişdir. Bütün bunlara baxmayaraq hərbi qulluqçulara qanunla şamil edilən dövlət icbari şəxsi sığorta ödənişini bu vaxtda kimi ala bilməmişdir. Belə ki, Dövlət icbari şəxsi sığorta ödənişi öhdəliyi cavabdeh Dövlət Sığorta Kommersiya şirkətinin üzərinə düşür. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti xx.xx.2017ci il tarixli arayışından görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan DSMK Sabirabad rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, №037481 saylı vəsiqəsindən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli, 731 saylı qərarından görünür ki, Sabirabad RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.1998-ci ildə aldığı və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliknikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətlandirmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Kəllə boşluğuna nüfuz etməyən odlu silahdan kor güllə yaralanması, kəllə boşluğundan xaric xəlbir sümüyünün yad cismi (metal-güllə)” (Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 72 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 01 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayışı, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 190 saylı travma haqqında arayış, MN MHHK-nın həkim-mütəxəssisinin cərrahi rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır”. Və xx.xx.2014-cü ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Xroniki sfenoidit, remissiya mərhələsində” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Və xx.xx.2014-cü ildə MN MHP-nın hərbihəkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “sol gözün hioermetropiyası 0,75D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1.0 olmaqla” (MN MHP tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 1034 saylı arayış ilə təsdiq edilir), “ümumi xəstəlikdir”. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasəniddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıyacavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6.600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar