Məhkəmə qərarları › İş №2(006)-2071/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2071/2021

30.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2071/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 5.737 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 oktyabr 2004-cü il tarixdən başlayaraq 02 aprel 2018-ci il tarixə qədər Cavabdeh ASC-də hüquqi işlər üzrə mütəxəssis assistenti, hüquqi işlər üzrə mütəxəssis, Hüquq Departamentinin baş mütəxəssisi, Hüquq Departamentinin direktor vəzifəsinin icra edicisi, Hüquq Departamentinin direktor müavini – şöbə rəisi, Hüquq Departamentinin Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Cavabdeh ASC-də struktur dəyişikliyi edilmiş və o, 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə təyin edilmişdir (02.04.2018, əmr № 57k) və əmək haqqı 2.700 manatdan 1.800 manata endirilmişdir. 02.04.2018-ci il tarixdə müvafiq qaydada imzalanmış və təsdiqlənmiş Vəzifə Təlimatına uyğun olaraq vəzifəsinin icrasına başlamışdır. Cavabdeh ASC tərəfindən «vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişikliyi haqqında» 16 iyun 2020-ci il tarixli 56/k saylı əmr verilmişdir və əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsi rəhbər tutularaq: onun Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünasına 16 iyun 2020-ci il tarixdən müvəqqəti olaraq Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş və həmin tarixdən ona ştat cədvəli üzrə əmək haqqı həddi çərçivəsində 2.000 manat məbləğində aylıq əmək haqqı müəyyən edilmişdir. Əmrdən göründüyü kimi, ona Hüquq Departamentində boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir, yəni 16 iyun 2020-ci il tarixdən baş hüquqşünas kimi Vəzifə Təlimatı üzrə icra etdiyi öz işindən əlavə boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirməyə başlamışdır. Əmrə əsasən ştat cədvəli üzrə həmin tarixdən baş hüquqşünas vəzifəsinə görə ona 2.000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Bununla yanaşı 16 iyun 2020-ci il tarixdə Cavabdeh ASC ilə arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 10 saylı əlavə imzalanmışdır. 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən: - 16.06.2020-ci il tarixdən müqavilənin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: 1.2. İşçi Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilir. Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir. İşçinin əsas iş yeridir. 4.1. İşçiyə hər ay 2.000 manat (bütün vergilər və məcburi ödənişlər daxil olmaqla) məbləğində əmək haqqı ödənilir. Əlavədən də göründüyü kimi, 2.000 manat əmək haqqı baş hüquqşünas vəzifəsinə görə müəyyən edilmişdir. O, Cavabdeh ASC-də qüsursuz 14 illik iş təcrübəsindən sonra 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, belə qənaətə gəlmişdir ki, boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı müəyyən edilərək ödəniləcəkdir. Onun 20 ilə yaxın qüsursuz iş təcrübəsi nəzərə alınaraq, ona başqa bir işəgötürən tərəfindən daha yaxşı şərtlərlə daha yüksək vəzifəyə iş təklifi gəlmiş və o, həmin təklifi qəbul edərək, Cavabdeh ASC-yə 18 noyabr 2020-ci il tarixdən işdən çıxması barədə ərizə vermiş və həmin gün onun cavabdehdə son iş günü olmuşdur. 19 noyabr 2020-ci il tarixdə ona son haqq-hesab ödənilmiş və ödəniş məbləğindən görmüşdür ki, ona Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödənilməmişdir. O, 19 noyabr 2020ci il tarixdən hüquqlarının pozulduğunu aşkar etmiş, çünki həmin tarixə qədər bilməzdi ki, ona icra etdiyi boş vəzifəyə görə əlavə əmək haqqı sistem əhəmiyyətli bank tərəfindən ödənilməyəcəkdir. Bununla belə, pozulmuş hüquqlarının bərpası ilə bağlı o, Cavabdeh ASC-yə 01 dekabr 2020-ci il tarixdə müraciət etmişdir. Müraciətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsaslanaraq, 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək icra etdiyi boş vəzifəyə görə hesablanmalı olan 5.737 manat əlavə əmək haqqının müvafiq qaydada ödənilməsi xahiş olunmuşdur. Cavabdeh ASC əlavə əmək haqqının ödənilməsinə dair müraciətinə cavab olaraq 11 yanvar 2021-ci il tarixli 11/08-65 saylı məktub göndərmiş və həmin məktubunda onun vəzifəyə təyin edilməsi və vəzifə üzrə əmək haqqı məbləğinin müəyyən edilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, onun vəzifəsi 02 aprel 2018-ci il tarixdən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsi olmuşdur və əmək haqqı ştat cədvəli üzrə 16 iyun 2020-ci il tarixdən 2.000 manat müəyyən edilmişdir. 16 iyun 2020-ci il tarixli 56/k saylı əmr və eyni tarixdə 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə edilmiş 10 saylı əlavəyə əsasən o, baş hüquqşünas vəzifəsində qalmaqla boş olan digər vəzifəni – Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını 18 noyabr 2020-ci il tarixədək yerinə yetirmişdir. Onun icra etdiyi boş vəzifə üzrə əmək haqqı məbləği 2.250 manat təşkil etmişdir. Həmin əmək haqqının yarısı 1.125 manat təşkil edir ki, 16 iyul 2020 (1-ci ay), 16 avqust 2020 (2ci ay), 16 sentyabr 2020 (3-cü ay), 16 oktyabr 2020 (4-cü ay), 16 noyabr 2020-ci il (5-ci ay) tarixləri üzrə 1.125 x 5 = 5.625 manat, 17-18 noyabr 2020-ci il tarixləri üzrə (1125 : 20 x 2) hər gün üçün 56,25 manat olmaqla cəmi 112,50 manat, ümumilikdə 5.737 manat əlavə əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 3-cü hissəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Hazırkı mübahisədən bəlli olur ki, o, 5 ay 2 gün boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirmişdir. Həmin Məcəllənin 4-cü hissəsinə əsasən əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının MPM ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməklə xarakterizə olunur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 7.650 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı əlavə olaraq göstərmişdir ki, Cavabdeh ASC-nin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim etdiyi Cavabdeh ASC-nin İdarə Heyəti tərəfindən 19.02.2020-ci il tarixdə (protokol № 09, qərar № 1) təsdiq edilmiş Cavabdeh ASC-nin Baş Ofisi üzrə Ştat Cədvəlindən çıxarışdan müəyyən olunmuşdur ki, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək haqqı məbləği 3.000 manat müəyyən olunmuşdur. Bununla da icra etdiyi Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə tələb etdiyi əlavə əmək haqqı məbləğinin həcmi artırılmalıdır. Boş vəzifə üzrə əmək haqqı məbləği 3.000 manat olduğundan, həmin əmək haqqının yarısı 1.500 manat təşkil edir ki, 16 iyul 2020 (1-ci ay), 16 avqust 2020 (2-ci ay), 16 sentyabr 2020 (3-cü ay), 16 oktyabr 2020 (4-cü ay), 16 noyabr 2020-ci il (5-ci ay) tarixləri üzrə 1.500 x 5 = 7.500 manat, 17-18 noyabr 2020-ci il tarixləri üzrə (1500 : 20 x 2) hər gün üçün 75 manat olmaqla cəmi 150 manat, ümumilikdə 7.650 manat əlavə əmək haqqı ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə Cavabdeh ASC ona qarşı qaldırılmış iddia tələbinə dair etirazında Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin boş olmasını və həmin vəzifənin onun tərəfindən icra edilməsini etiraf etmişdir. Etirazdan görünür ki, cavabdeh işçinin əmək hüquqlarının pozulmasının və onun aradan qaldırılmasına yönəlmiş hərəkətlər etmək əvəzinə, sənədləri saxtalaşdırmaqla ödənişdən yayınmaq məqsədini güdür. Cavabdeh ASC onun iddia ərizəsinə etirazında Əmək Məcəlləsinin 61.2, 82 və 162-ci maddələrinə istinad etmişdir, lakin düzgün tövsif etməmişdir. Cavabdeh qeyd edir ki, 16.06.2020-ci il tarixli 56k saylı əmrindən də göründüyü kimi, iddiaçıya yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Bir daha qeyd etmək istəyir ki, 16.06.2020-ci il tarixdən 18.11.2020-ci il tarixə qədər Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi boş olmuşdur və boş olduğuna görə də, icrası rəsmi qaydada ona həvalə edilmişdir. İş materiallarında olan sübutlar – 16.06.2020-ci il tarixli 56k saylı əmr və 16 iyun 2020-ci il tarixdə Cavabdeh ASC ilə arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 10 saylı əlavədə 16 iyun 2020-ci il tarixdən müvəqqəti olaraq Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 16 iyun 2020-ci il tarixdə Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi boş olmuşdur. Bu faktı Cavabdeh ASC etirazında da bir daha təsdiq etmişdir. O, həmin vəzifəni 18 noyabr 2020-ci il tarixədək icra etmişdir. Cavabdeh etirazda 16 iyul 2020-ci il tarixli əmrdən və 21 iyul 2020-ci il tarixli əmrdən qeyd edir. Bu əmrlərin qəbul edilməsindən onun rəsmi məlumatı olmamış və həmin əmrlər ilə bağlı 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə heç bir əlavə və dəyişiklik olmamışdır. Bu hal da ona dəlalət edir ki, bu əmrlər sonradan hazırlanmış və iddiaçı və cavabdeh arasında əmək münasibətlərinə saxtalaşdırma cəhdləri olmuşdur. Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının – əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 57-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Onun 16.06.2020-ci il tarixdən 18.11.2020-ci il tarixə qədər Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrasının həyata keçirilməsinə dair sübutları təkzibedilməzdir, zərurət yaranarsa əlavə sübutların yerində müayinə və tədqiq etmək mümkündür. Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri Əmək Məcəlləsinin 14-cü maddəsində göstərilmişdir və məhkəmə də həmin maddəyə uyğun olaraq əmək münasibətləri sahəsində Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarını qorumalıdır. İzahatına əlavə olaraq bir daha qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək icra etdiyi boş vəzifəyə görə hesablanmalı olan 5.737 manat əlavə əmək haqqı Cavabdeh ASC-dən tutulmalı və ona ödənilməlidir. İş materiallarına əlavə etdiyi 16.06.2020-ci il tarixli 56/k saylı Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynovun imzaladığı əmrdən göründüyü kimi, əmrin verilməsinə əsas həmin bankın Hüquq Departamentinin direktoru İ.Quliyevin təhriri məruzəsi və əmək müqaviləsinə 16.06.2020-ci il tarixli əlavə olmuşdur. İş materiallarına əlavə etdiyi ərizədən göründüyü kimi, onun tərəfindən 01.12.2020-ci il tarixdə bankın İdarə Heyətinin sədri Orxan Hüseynova 16.06.2020-ci il tarixdən 18.11.2020-ci il tarixədək icra etdiyi boş vəzifəyə görə hesablanmalı olan 5.737 manat əmək haqqının ödənilməsi xahiş edilmişdir. 16.06.2020-ci il tarixli 56/k saylı əmri imzalayan İdarə Heyətinin sədri Orxan Hüseynov 11.01.2021-ci il tarixli 17/08-65 nömrəli məktubunda müraciətinə cavabında 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrə istinad etmişdir. Həmin 11.01.2021-ci il tarixli 17/08-65 nömrəli məktubda 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrə istinad edilməmişdir. Bu da özlüyündə bir daha ona dəlalət edir ki, 11.01.2021-ci il tarixə qədər 21.07.2020-ci il tarixli 70/k saylı əmr olmamışdır, sonradan əvvəlki tarixə yazılmış və sənədlərdə saxtakarlıq edilmişdir. Eyni zamanda bildirmək istəyir ki, 21.07.2020-ci il tarixli 70/k saylı əmrdə onun verilməsinə dair heç bir əsas göstərilməmişdir, halbuki 16.06.2020-ci il tarixli 56/k saylı əmrdə əsas göstərilmiş, 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavə edilmiş, işçi və işəgötürən tərəfindən imzalanmışdır. 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr ilə bağlı əlavənin edilməməsi hazırda sübut olaraq təqdim etdiyi 20.10.2020-ci il tarixli 11 saylı əlavədən də məlum olur. 11 saylı əlavədə yalnız əmək müqaviləsinin 4.4-cü bəndi yeni redaksiyada qəbul edilmişdir. Bununla da, 21.07.2020-ci il tarixli 70/k saylı əmr sənədlərdə saxtalaşdırma aparılmaqla qəbul edildiyi və həmin əmr barədə məlumatı olmadığı üçün sübut sayıla bilməz. Qeyd edilənlərdən bir daha məlum olur ki, 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr 11.01.2021-ci il tarixdən sonra əvvəlki tarixə hazırlanmış və sənədlərdə saxtalaşdırma aparılmışdır. Hesab edir ki, bu saxtakarlığa görə bankın İdarə Heyətinə nəzarət funksiyasını həyata keçirən Müşahidə Şurasına və X1 müvafiq qaydada təqdimat göndərilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, Hüquq Departamentinin dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi funksiyasını daşıdığı 16.06.2020-ci il tarixdən 18.11.2020-ci il tarixə qədər rəis kimi bank daxili sənəd dövriyyəsində həmin şöbənin digər baş hüquqşünasına icra edilməsi üçün sənəd yönləndirilmiş, sənəd qəbul edilmiş, müvafiq məhkəmə qərarları əsasında bank sirri təşkil edən məlumat və sənədlər protokol qaydasında onun tərəfindən, o cümlədən digər iki nəfər hal şahidləri tərəfindən imzalanaraq hüquq mühafizə orqanlarına verilmişdir. Həmin sübutları yerində müəyyən etməklə qiymətləndirmək mümkündür. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrinə əsasən cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası İddiaçı 16.06.2020-ci il tarixdən müvəqqəti olaraq həmin şöbənin rəisi vəzifəsinin icrası həvalə edilmiş və bununla əlaqədar onun aylıq əmək haqqının məbləği 2.000 manat olaraq müəyyən edilmişdir. Qeyd edilən əmrə əsasən İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavə edilmişdir. Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k saylı əmrinin mətnindən də göründüyü kimi, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə istinad edilmişdir. Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Qeyd edilən maddədən göründüyü kimi, əlavə əmək haqqının verilməsi üçün işçi həm özünün, həm də ki əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirməlidir. 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən də göründüyü kimi, iddiaçıya yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əmək Məcəlləsinin qeyd edilən maddəsi müəyyən səbəblərdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçilərə aiddir. İddiaçı Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməmişdir. Belə ki, əmr verilən tarixdə, yəni 16.06.2020-ci il tarixdə Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi vakant olmuşdur. Eyni zamanda, bildirir ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrinə əsasən cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş və İddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmişdir. 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrdən göründüyü kimi, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmr qüvvədən düşdükdən sonra belə cavabdeh iddiaçının əmək haqqını olduğu kimi (2.000 manat məbləğində) saxlamışdır. Qeyd edilənlərə əsasən, hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasını 16.06.2020-c il tarixdən 18.11.2020-ci il tarixə qədər 7.650 manat əlavə əmək haqqının ödənilməsini xahiş edir. Qeyd edilən iddia tələbi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, 05 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, belə qənaətə gəlmişdir ki, boş vəzifə olan Dövlət və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəkdir. Beləliklə, iddiaçı özü də etiraf edir ki, 16.06.2020-ci il tarixdən sonrakı aylar ərzində aldığı əmək haqqında yaranmış fərqlə bağlı məlumatı olmuşdur. 16.08.2020-ci il tarixdə iddia müddəti bitmişdir. İddiaçı isə 2021-ci ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli «vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişiklikliyi və haqqında» adlanan əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsi rəhbər tutularaq cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası İddiaçı 16.06.2020-ci il tarixdən müvəqqəti olaraq həmin şöbənin rəisi vəzifəsinin icrası həvalə edilmiş və bununla əlaqədar onun aylıq əmək haqqının məbləği 2.000 manat həddində müəyyən edilmişdir. - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən 16.06.2020-ci il tarixdən müqavilənin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: 1.2. İşçi Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilir. Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir. İşçinin əsas iş yeridir. 4.1. İşçiyə hər ay 2.000 manat (bütün vergilər və məcburi ödənişlər daxil olmaqla) məbləğində əmək haqqı ödənilir. - Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli «başqa işə keçirilməsi haqqında» adlanan əmrindən görünür ki, cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş, və İddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə əsasən Cavabdeh ASC-də 5 ay 2 gün boş vəzifə olmuş Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasını yerinə yetirdyi üçün 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 7.650 manat əlavə əmək haqqının ona ödənilməli olmasını mübahisələndirir, cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçının Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməməsini, bu vəzifəni müvəqqəti icra etməsini, bu vəzifənin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmr qüvvədən düşdükdən sonra belə iddiaçının əmək haqqını olduğu kimi (2.000 manat məbləğində) saxlamasına, nəhayət iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən iddiaçı Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, aylıq maaşı müəyyən edilmiş, müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilmişdir. Müqaviləyə əsasən işçinin (iddiaçının) əsas iş yeri kimi ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsi göstərilmişdir. İş materiallarında olan 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən göründüyü kimi, qeyd edilən əlavə həmin əmrin verilməsinə əsas olmuş və iddiaçı əsas iş yeri olan ASCnin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə təyin edilməklə yanaşı ona şöbə rəisinin vəzifəsinin icrası da müvəqqəti həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61.2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Maddi hüquq normasının mənasına görə, əlavə əmək haqqının verilməsi üçün işçi həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirməlidir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Göründüyü kimi, Əmək Məcəlləsinin qeyd edilən maddəsi müəyyən səbəblərdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçilərə şamil olunur. İşin faktiki müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməmişdir. Belə ki, əmr verilən tarix olan 16.06.2020-ci ildə Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi vakant olmuşdur. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrinə əsasən cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş və bununla da İddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmiş, başqa sözlə, cavabdeh iddiaçının əmək haqqını olduğu kimi - 2.000 manat həddində saxlamışdır. Göründüyü kimi, iddiaçı 16.06.2020-ci il tarixdən 21.07.2020-ci il tarixə kimi Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasını yerinə yetirmiş və 18 noyabr 2020-ci il tarixədək (işdən azad olunana kimi) qüvvədə qalmış 16.07.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsinə əsasən də baş hüquqşunas vəzifəsində 2.000 manat həddində əmək haqqı almışdır. Məhkəmə iddiaçının “05 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, boş vəzifə olan Dövlət və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə dair qənaətə gəlməsi» ilə bağlı dəlilinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı 16.06.2020-ci il tarixdən sonrakı aylar ərzində aldığı əmək haqqında yaranmış fərqlə bağlı hüquqlarının pozulmasını aşkar etdiyi təqdirdə iş münasibətlərində olduğu dövrdə bununla bağlı ASC rəhbərliyinə həmin vaxt müraciət etmək hüquqlarının olmasını bilirdi, lakin nəyə görə bu hüququndan istifadə etməməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə bu halın mövcudluğunu, xüsusən də iddiaçının hüquqşünas ixtisasının olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlə əmək münasibətlərində olduğu dövrdə vəzifələrini həyata keçirdiyi iş üzrə 16.06.2020-ci ildən sonra aldığı əmək haqqını mübahisələndirməməsi onun qeyd edilən məbləğlərlə razılaşmasını təsdiq edir və özünun qeyd etdiyi kimi nədənsə ehtiyat edərək sonradan şöbə rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə ümid etməsinə dair izahatları subyektiv mülahizədən başqa bir şey deyildir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının 21 iyul 2020-ci il tarixli əmrdən rəsmi məlumatı olmaması, 11.01.2021-ci il tarixə qədər 21.07.2020-ci il tarixli 70/k saylı əmrin olmamaqla sonradan əvvəlki tarixə yazılması və bununla da sənədlərdə saxtakarlıq edilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh ASC-nin İdarə Heyətinin sədri Orxan Hüseynovun iddiaçının 01.12.2020-ci il tarixli məktubuna 11.01.2021-ci il tarixli 17/08-65 nömrəli cavabdeh məktubunda 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrlə yanaşı, 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrə istinad etməməsi sonuncu qeyd edilən əmrin əvvəlki tarixə hazırlanması və sənədlərdə saxtalaşdırma aparılmasına dəlalət etmir. Belə ki, 21.07.2020-ci il tarixli 70/k saylı əmrin məzmunundan görünür ki, əmrdə iddiaçıdan başqa digər işçinin də (X3) başqa işə keçirilməsi göstərilmişdir. Bu halın mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, iddiaçı 21.07.2020-ci il tarixdən sonra cavabdehlə əmək münasibətlərini 18.11.2020-ci il tarixə kimi əmək qanunvericiliyinə əsasən davam etdirdiyi halda, həmin tarixli əmr barədə məlumatlı olmamasına dair dəlilləri həm əsassız, həm də inandırıcı deyildir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı onunla cavabdeh arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 20.10.2020-ci il tarixdə 11 saylı əlavəni təqdim etməklə sözügedən əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr ilə bağlı əlavənin edilməməsi ilə həmin əmrdən məlumatsız olmasını sübut etməyə çalışsa da məhkəmə hesab edir ki, bu dəlil də əsassızdır. Belə ki, əvvəla bu əlavəyə əsasən müqavilənin 4.4-ci bəndinin redaksiyasında hazırki mülki işin predmetinə aid olmayan məsələ üzrə dəyişiklik edilmişdir. Bundan da əlavə, bu dəyişikliyə qədər 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 21.07.2020ci il tarixli 70/k nömrəli əmr ilə bağlı əlavənin edilməməsi faktı olsa da, bu həmin əmrin qanunsuz və ya saxta olmasına dəlalət etmir. Belə ki, İddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən onun əsas iş yeri kimi ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsi göstərilmişdir. Eyni zamanda müqavilədə onun müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilməsi qeyd edilmişdir. 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən də göründüyü kimi, İddiaçı yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. 10 saylı əlavədə iddiaçıya müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilməsi funksiyası adından da göründüyü kimi, müvəqqəti xarakter daşıyır, daimi olmamışdır. Qeyd edilən vəzifənin icrasının müvəqqəti xarakterli olmaqla onun icrasının artıq iddiaçı tərəfindən icra edilməli olmaması isə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrlə rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri əsassızdır. Məhkəmə həmçinin iddiaçının 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi təqdirdə tərəflərin razılığı ilə 12 iyul 2010-cu il tarixli 56 saylı Əmək Müqaviləsinin 1.2-ci bəndindən "Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir" müddəasının çıxarılmalı olması, eləcə də, əmək müqaviləsinə əlavə edilməli olmasına dair dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61.2ci maddəsində boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilməsi təsbit edilsə də, işçinin razılığı ilə işlədiyi boş vəzifə üzrə əmək funksiyasının icrasının işəgötürənin təşəbbüsü ilə dayandırıldığı halda işçinin razılığının alınması nəzərdə tutulmamışdır. Beləliklə də, 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi üçün yenidən tərəflərin razılığı ilə Əmək Müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilməsinə də hüquqi əsas olmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı işdən azad edilərkən də cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası kimi azad edilmişdir. Məhkəmə daha sonra iddiaçının 21.07.2020-ci il tarixli 70/k saylı əmrdə onun verilməsinə dair heç bir əsas göstərilməməsinə dair dəlilinə də qiymət verərək hesab edir ki, bu halda iddiaçının həmin əmrin qanuniliyini mübahisələndirmək hüququ yaransa da, o bu hüququndan istifadə etməmişdir. Halbuki, məhkəmənin qənaətinə görə iddiaçıya sözügedən əmrin həqiqətən də cavabdehin iddiaya olan etirazından sonra məlumatlı olduğu təqdirdə, o həmin andan əmrin ona aid hissəsinin qanunsuz olmasını mübahisələndirmək hüququndan istifadə edə bilərdi. Lakin iddiaçı bu əmrin tək ona deyil, cavabdeh ASC-nin başqa işçisinə münasibətdə də verilməsinə baxmayaraq onu saxta adlandırsa da, guya ona məlum olan vaxtdan əmrin özünə aid hissəsini mübahisələndirmək hüququndan istifadə etməməsi məhkəmənin yuxarıda gəldiyi qənaətin (əmr barədə məlumatlı olmamasına dair dəlillərin əsassız və inandarıcı olmaması) bir daha düzgün olmasını təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki tələbində də 21.07.2020-ci il tarixli 70/k saylı əmrin qanuniliyini mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığı üçün təmin edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin hazırki mübahisəyə tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşin materiallarından görünür ki, iddiaçının tələbinin mahiyyəti pul tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pul tələbi barədə iddiası əsassız olsa da, tərəfindən məhkəməyə müraciət üçün müddət buraxılması halına yol verilmədiyi üçün cavabdehin hazırki mübahisəyə bu müddətin tətbiqinə dair ərizəsi də təmin edilə bliməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar