Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2082/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X6, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkilinümayəndəsi Vəkil iştirakları ilə İddiaçı X4 X9 və X12 prosessual varislər, X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Seyran Kamil oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin xitam edilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 aprel 2008-ci il tarixli QSC “Bank Standart” KB ilə X13 arasında 001 saylı "xxxx" müqavilənin xitam edilmiş hesab edilməsi, QSC “Bank Standart” KB ilə X10 arasında 28 aprel 2008-ci il tarixdə 001 saylı ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 ərizə təqdim edərək, F.Nəbiyevin iddia tələbləri üzrə mübahisə predmeti olan əməkdaşlıq müqaviləsi onun maraqlarına toxunduğundan, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia ərizəsi təqdim edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqavilənin xitam edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçı ilə QSC “Bank Standard” KB arasında 001 saylı "xxxx" müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçının müştərilərinin bankdan almış olduqları kredit məbləğinə görə 7.600.000 manat məbləğində pul vəsaitinin ödənilməsinə təminat verilmişdir. İddiaçı həmin müqaviləyə xitam verilməsi barədə bildirişi 2015-ci ildə banka göndərmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi yoxdur və müqavilə artıq neçə ildir ki, öz qüvvəsini itirmişdir. Bununla bağlı 2015-ci ildə məhkəmə mübahisələri olmuş və bankın tələbləri təmin edilməmişdir. Müqavilədə zaminliyin verilmə müddəti göstərilməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, bu müqaviləyə mülki qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xitam verilir. Müqavilənin zaminliklə bağlı müddəalarına artıq xitam verilmişdir, yəni iddiaçının bank qarşısında heç bir öhdəliyi yoxdur. Bununla bağlı bank tərəfindən iddiaçıya qarşı hər hansı iddia tələbləri irəli sürülməmişdir. Ona görə də iddiaçı ilə bank arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 saylı "xxxx" müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı X3 vəkili-nümayəndəsi Vəkil iddia tələblərinin azaldılmasına, sonradan isə iddianın əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB (Əmanətlərin Sığortalanması Fondu) qarşısında heç bir öhdəlik yaranmadığından iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82.4 kv.m olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 75.1 kv.m olan qeyri-yaşayış sahəsi və 49.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinin iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. X4 xx.xx.2023-cü ildə ölməsi müəyyən edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 hüquqi varisi müəyyən edilənədək iddiaçı X4 cavabdehlər LPO QSC «Bank Standart» KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı «birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi» tələbinə dair 2(006)-2056/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.metr, 75.1 kv.metr və 49.3 kv.metr olan qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dən alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Zərurət olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə isə iş üzrə icraat təzələnmişdir. X1 hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərardaddan cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi qərara alınaraq şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1585/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə şikayət təmin edilmiş, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi X14 bildirdi ki, məhkəmənin icraata xitam verilməsi barədə qərardadı apellyasiya qaydasında ləğv edilərək iş məhkəməyə qaytarıldıqdan sonra keçirilmiş məhkəmə iclaslarında hazırki iş üzrə prosessual varislər iştirak etməmişlər. Bu hal isə onların işə mahiyyəti üzrə baxılmasına dair niyyətlərinin olmasını sual altında qoyur. Prosessual varislərin iddiaya mahiyyəti üzrə baxılması barədə iradələrinin olub-olmamasının aydınlaşdırılması üçün onların məhkəmə iclaslarında iştiraklarını zəruri hesab etdiyindən, həmçinin, bank barəsində aparılan cinayət işinin icraatı davam etdiyindən, mübahisələndirilən müqavilə ilə əlaqədar prosessual varislərə və başqa 700 nəfərə qarşı bank tərəfindən iddia irəli sürüləcəyindən məhkəmə baxışının təxirə salınmasını məhkəmədən xahiş etdi. İşə mahiyyəti üzrə baxılacağı təqdirdə isə iddianı qəbul etmədiyini bildirərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili-nümayəndəsi Vəkil Bakı Apellyasiya Məhkəməsinin göstərişinə əsasən işə mahiyyəti üzrə baxılmalı olduğunu, cavabdeh tərəfin təxir vəsatətinin isə əsassız olduğunu, işin lüzumsuz uzadılmasına gətirib çıxaracağını, cavabdeh tərəfin hazırki iş üzrə qarşılıqlı iddia verə bilmək imkanının olduğunu, lakin bundan istifadə etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, prosessual varislər X9 və X12, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, prosessual varis X9 xx.xx.2023-cü ildə ərizə təqdim edərək, səhhəti ilə əlaqədar növbəti iclaslarda iştirak edə bilmədiyi üçün iclasların onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digərləri isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş üzrə məhkəmə baxış iclasının təxirə salınmasına əsas olmadığından, həmçinin, prosessual varis X9 xx.xx.2023-cü ildə səhhəti ilə əlaqədar növbəti iclaslarda iştirak edə bilməyəcəyi, lakin iclasların onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi barədə ərizə təqdim etdiyindən məhkəmə hesab edir ki, həm prosessual varisin işə mahiyyəti üzrə baxılması barədə fikrinin qəti olması, həm də artıq yeddi aydan çoxdur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan digər mülki işin icraatının məhz bu işə görə dayandırıldığı müəyyən edildiyindən, hazırki işə mahiyyəti üzrə baxılaraq həll edilməsi bütün tərəflərin hüquqlarına müvafiq olmaqla yanaşı, mülki işə ağlabatan müddətdə baxılması prinsipi baxımından zəruridir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: QSC “Bank Standard” KB ilə X13 arasında bağlanmış 28 aprel 2008-ci il tarixli 001 nömrəli "xxxx" müqavilədən görünür ki, bank sahibkarın müştəriləri üçün kredit verir, sahibkar isə öz müştərilərinin bankdan almış olduğu kredit məbləğinin bu müqavilə ilə müəyyən edilmiş hissəsinə görə öhdəlik daşımağı öz üzərinə götürür. Bu müqaviləyə əsasən sahibkar bank qarşısında 7.600.000 (yeddi milyon altı yüz min) AZN məbləğində pul vəsaitinin ödənilməsinə təminat verir. Azərbaycan Respublikasının Mərkəzi Bankının işlərində rəhbər tutmaları üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara ünvanladığı xx.xx.2013-cü il tarixli, 06/05-158 saylı məktubundan görünür ki, maliyyə vasitəçiliyinin genişləndirilməsi, əhalinin maliyyə xidmətlərinə çıxış imkanları və kanalların artırılması, habelə maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi Mərkəzi Bankın əsas hədəflərindəndir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən müxtəlif layihələr həyata keçirilir, bankların təşəbbüsləri dəstəklənir. Aparılmış müşahidələr göstərir ki, son zamanlar bir sıra banklar tərəfindən Mərkəzi Bankın xüsusi icazəsi alınmadan bankın struktur bölmələrinin yerləşdiyi ünvanlardan kənarda, səyyar məntəqələr qurmaqla bank xidmətləri göstərilir. Nəzərə çatdırılır ki, səyyar məntəqələr vasitəsi ilə müştərilərdən məlumatların toplanılması, anderraytinqin həyata keçirilməsi, sənədlərin rəsmiləşdirilməsi kimi biznes proseslər bankın əməliyyat risklərini artırmaqla yanaşı qanunvericiliyin tələblərinə ziddir və qeyri-prudensial praktika hesab olunur. Odur ki, banklar bu cür məntəqələrin fəaliyyətini 3 iş günündən gec olmayaraq dayandırmalı və bu barədə Mərkəzi Banka məlumat verməlidirlər. Əks halda Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təsir tədbirləri və sanksiyalar tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(102)-4572 saylı qərarından görünür ki, iddiaçı QSC “Bank Standard” KB-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, QSC “Bank Standard” KB-nin cavabdehlər X7 və X5 qarşı borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə ilkin, X3 QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqavilənin təminat haqqında müddəalarına və ipotekaya xitam verilməsi, habelə X4 QSC “Bank Standard” Kommersiya Bankına qarşı birgə əməkdaşlıq haqqında müqaviləyə xitam verilməsi haqqında qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, bank ilə S.Kamilov arasında bağlanmış xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq müqaviləsi məzmununa görə zaminlik müqaviləsi olmaqla müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olmuşdur. Qeyd edilən müqavilənin şərtlərinə görə S.Kamilov onun müştərilərinə verilən kredit sonuncular tərəfindən qaytarılmadığı təqdirdə kreditin qaytarılmasını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq S.Kamilovun müştəriləri tərəfindən hansı məbləğdə və hansı müddətdə kredit götürülməsi və qeyd edilən kredit məbləğlərinin borclular tərəfindən qaytarılmasına dair iş materiallarına sübutlar əlavə edilməmişdir. Eyni zamanda iş materiallarında xx.xx.2008-ci il tarixli birgə əməkdaşlıq müqavilələri üzrə iddiaçıdan borc götürmüş şəxslərə qarşı pul tələbinə dair iddia qaldırmaq imkanının itirilməsinə dair hər hansı bir sübut yoxdur. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, iddiaçı xx.xx.2008-ci il tarixli müqavilənin və MPM-in 4.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin müqavilə üzrə borc götürmüş şəxslərin götürdükləri borcu qaytarmaqdan imtina etdikləri barədə, eyni zamanda borcu qaytarmaqdan imtina etdikləri halda həmin şəxslərə qarşı iddia verilməsinə dair sübut təqdim etmədən borcun qaytarılmasına dair S.Kamilova qarşı iddia vermişdir. İş üzrə verilmiş qalan tələblər, o cümlədən qarşılıqlı iddia tələbləri də ilkin iddianın borc tələbinə dair hissəsi ilə bağlı olduğundan həmin hissələrdə də ərizələr baxılmamış saxlanılmalıdır. LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 06 aprel 2023-cü il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən tələb olunan sənəd sayı çox olduğundan müvafiq məlumatlar vahid cədvəldə cəmləşdirilərək məhkəməyə təqdim edilmişdir. Cədvəldə QSC “Bank Standard” KB ilə X4 müştəriləri arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 1286 sayda kredit müqaviləsi üzrə borc məlumatları əks olunmuşdur. Cədvəlin “Status” hissəsində “Kredit” qeyd olunan 1152 sayda iş üzrə məhkəməyə müraciət olunmamışdır. Statusu “Hüquq” olaraq göstərilən 11 sayda iş üzrə məhkəmə mübahisəsi davam etdirilir. Statusu "xxxx" olan 122 sayda iş üzrə yekun məhkəmə aktları çıxarılmışdır. QSC “Bank Standard” KB ilə X4 müştəriləri arasında bağlanmış müqavilələr üzrə qalıq borcları əks etdirən siyahıdan görünür ki, vaxtı keçmiş qalıq borc 962,518,05 AZN, V.K faiz qalıq 3,155,798.80 AZN, cərimə qalıq 594,377.67 AZN-dir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçı ilə bank arasında bağlanmış və hazırda xitam edilmiş hesab edilməsi tələb edilən birgə əməkdaşlıq haqqında müqavilə zaminlik müqaviləsi kimi qiymətləndirilmiş, həmin müqavilənin müştərinin kredit öhdəliklərinə münasibətdə aksessor öhdəlik statusunda olması müəyyən edilmişdir. Belə ki, bu müqavilə bankın Kamilov Seyran qarşısında hər hansı öhdəliyi götürməməsi şərti ilə, Kamilov Seyranın isə məhz gələcəkdə müştərilərinin bank qarşısında yaranacaq öhdəliklərinin təmin edilməsi üçün bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən bankın müştərilərə verdiyi kredit onların arasında bağlanan kredit müqavilələri ilə tənzimlənir. Bu isə o deməkdir ki, əməkdaşlıq müqaviləsi məhz həmin kredit müqavilələrinə münasibətdə aksessor öhdəlikdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə görə, sözügedən kreditlər üzrə müştərilərə bankda ssuda hesabları açılır. Müqavilənin imzalandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının təsdiq etdiyi “Banklarda ssuda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 2.6-cı bəndinə görə, bankın müştərilərə verdiyi kreditlərin uçotu ssuda hesabında aparılmalıdır. Bu da onu təsdiq edir ki, kredit müqavilələri üzrə əsas öhdəliyi yaradan tərəf məhz müştərilər olmaqla, burada Kamilov Seyranın öhdəliyi aksessor xarakterlidir. Əməkdaşlıq müqaviləsinin 1.1-ci bəndində bankın Kamilov Seyranın müştərilərinə kredit verəcəyi nəzərdə tutulması bankla K.Seyran arasında kredit öhdəliyinin yaranması kimi qəbul edilə bilməz. Çünki burada öhdəliyin digər elementi – kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ ehtiva edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, əməkdaşlıq müqaviləsinin 2.1.1-ci bəndində bankın müştərilərə bankdaxili reqlamentlə müəyyən edilmiş hallarda və qaydada kredit verməsi, 3.3-cü bəndində isə K.Seyran ilə bank arasında kredit verilmiş şəxsin sahibkarın müştərisi olması ilə bağlı fikir ayrılığı yarandıqda bankın mövqeyinin əsas götürülməsi və düzgün hesab edilməsi qeyd edilmişdir. Göründüyü kimi, kreditin kimə, hansı hallarda və hansı qayda ilə verilməsi bankın mülahizəsinə əsaslanmış, K.Seyranın isə hər hansı müştərisinə kredit verilməsini tələb etmək hüququ əməkdaşlıq haqqında müqavilədə nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı ilə bank arasında bağlanmış müqavilənin gələcəkdə yaranması ehtimal edilən borc öhdəliyi üzrə zaminlik müqaviləsi olması işin mübahisəsiz halını təşkil edir. Hazırda iddiaçı bankla arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqavilə üzrə aralarında heç bir əməkdaşlıq yaranmadığını, yəni müqavilənin formal, puç olduğunu bildirərək müqavilənin məhkəmə qaydasında da xitam edilmiş hesab edilməsini, bank isə müqavilə əsasında onlar arasında əməkdaşlığın yarandığını, iddiaçının bank qarşısında aktiv öhdəliklərinin mövcud olduğunu bildirərək, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə və bankın etirazının dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-439/2023 nömrəli işi üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamədə də məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən Kamilov Seyranın müştərilərinə kreditlər verilməsini sübut edən sənədlər (müqavilələr, kassa məxaric orderləri və s.) məhkəməyə təqdim edilməmiş (sənədlərin çoxluğu səbəbilə...), yəni cavabdeh tərəfin iddiaya etirazını əsaslandırdığı dəlillər məhkəmədə müvafiq qaydada sübuta yetirilməmişdir. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubu və ona əlavə edilmiş cədvəl isə həmin şəxslərin məhz Kamilov Seyranla bank arasında bağlanmış müqavilə üzrə bankdan kredit götürmələri, yaranmış borcu qaytarmamaları və s. kimi halların aydınlaşdırılması üçün zəruri məlumatları özündə əks etdirmir. Məhkəmə tərəfindən əldə edilmiş 2(103)-2519/2017 saylı mülki işin materiallarında olan müqavilələr də məhkəmə tərəfindən araşdırılmış və məhkəmə belə hesab etmişdir ki, həmin müqavilələr də Kamilov Seyranın bank qarşısında öhdəliyinin yaranmasını təsdiq edən sənədlər deyildir. Deməli, həmin iş üzrə cavabdeh tərəf xx.xx.2008-ci il tarixli müqavilə üzrə Kamilov Seyranın bank qarşısında konkret öhdəliyinin yarandığını müvafiq qaydada sübuta yetirə bilməmişdir. Belə olan halda işin hallarının araşdırılması nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, Kamilov Seyranın bank qarşısında heç bir öhdəliyi yaranmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, mübahisələndirilən müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər arasında yaranmış öhdəliklərin tam icra edilməsinədək qüvvədədir. Məhkəmə hesab edir ki, həmin bəndin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin müddəaları kontekstində şərh olunmalı və nəzərə alınmalıdır ki, həmin maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, “tərəflər arasında yaranmış öhdəliklərin tam icra edilməsinədək qüvvədədir” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması əvvəlcədən bəlli olmadığından, zaminliyin verilməsinin konkret müddəti barədə söz demək mümkün deyildir. Həmçinin, nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Qeyd olunan maddəyə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət, həmçinin, hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Seyran Kamilovla bank arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliklərin icrasının vaxtı çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır. Ehtimal edilsə ki, bankın təqdim etdiyi kredit müqavilələri bu əməkdaşlıq müqaviləsi çərçivəsində bağlanmışdır, belə olan halda həmin müqavilələr araşdırılaraq müəyyən edilir ki, müqavilələrin icra müddəti 2010-2011-ci illərdə başa çatmış, beləliklə də, Seyran Kamilova (zaminə) qarşı 2011-2012-ci il tarixlərinədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, kəsici müddətdir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsinə zərurət yoxdur. Bu müddət məhkəmə tərəfindən tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kamilov Seyranın mübahisələndirilən müqavilə üzrə bank qarşısında heç bir öhdəliyi yaranmadığından, həmçinin, zaminliyə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddətin tətbiqinə əsaslar olduğundan, iddia cavabdeh banka münasibətdə təmin edilməli, iddiaçı X13 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləyə xitam verilmiş hesab edilməlidir. Lakin mübahisələndirilən müqavilənin tərəfi olmadığından məhkəmə hesab edir ki, iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməməlidir. Çünki Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh hesab olunmur və buna görə də iddianın ona münasibətdə təmin edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 477.0, 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı X13 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləyə xitam verilmiş hesab edilməli, iddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X13 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı "xxxx" müqaviləyə xitam verilmiş hesab edilsin. İddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2082/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2082/2024
22.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver