Məhkəmə qərarları › İş №2(006)-2084/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2084/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2084/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi zamanı ona məxsus inəyin tələf olması nəticəsində maddi zərər olaraq 1400 manat sığorta ödənişinin və 30 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 1430 manat məbləğin "xxxx" ASC Sığorta Şirkəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 may 2021-ci il tarixdə Quba rayonu Qımıl- Qazma kəndi ərazisində 19BD518 dövlət qeydiyat nişanlı “KAMAZ” yük markalı avtomobilin təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Kamaz” yük markalı 19BD518 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus inəyi vuraraq ölümünə səbəb olmuşdur. Yol-nəqliyat hadisəsi nəticəsində onun inəyinin ölməsi səbəbindən, ona maddi ziyan dəymişdir. Zərərin məbləği bu günün bazar qiymətləri ilə 1400 manat təşkil edir. Belə ki, inəyi kəsib ətini satsaydı, 130-140 kq ət sata bilərdi. İndiki bazar qiymətləri ilə hesablanarsa inəyinin qiyməti 1400 manat təşkil edərdi. Hadisədən 9 ay 14 gün keçməsinə baxmayaraq "xxxx" ASC Sığorta şirkəti tərəfindən ona dəymiş sığorta ödənişi həyata keçirilməmişdir. Dəfələrlə sığorta şirkətinin qaynar xətti olan 012936 nömrəsinə zəng edib maraqlanmağına, hətta, rəsmi olaraq Azərbaycan Respublikası Milli Bankına və "xxxx" ASC sığorta şirkətinə müraciət etməyinə baxmayaraq yenə də sığorta şirkətindən sığorta ödənişimi ala bilmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlavə cavabdeh qismində Cavabdeh2 cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, Cavabdeh2 İsrəfiİ oğlu Cəmiyyətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə PAA2001 138323 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış "KAMAZ-5511" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən xx.xx.2021-ci it tarixdə saat 08:20-də Quba-Qəçrəş yolunda bir baş inəyi vurmuş və nəticədə inək hadisə yerində tələf olmuşdur. Quba RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 14614/20766-1221 saylı Arayışında "KAMAZ-5511" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsində zərərvuran, inəyin sahibi İddiaçı isə zərərçəkən qismində göstərilmişdir. Cavabdeh2 videoçəkiliş aparılmaqla alınan izahatda o, inəyin anidən asfalt yola çıxdığını və hadisənin qarşısını almaq üçün manevr etməsinə baxmayaraq qəzanın baş verdiyini qeyd etmişdir. Həmin videogörüntünün olduğu CD məhkəməyə təqdim edilmişdir. X4 iddia ərizəsi ilə Nəsimi Rayon məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 1.400 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 1.430 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra AS-21 1048 saylı, xx.xx.2021-ci il tarixli məktubla Quba Rayon Prokurorluğuna işin araşdırılması üçün məktub göndərilməsinə baxmayaraq hər hansı bir nəticə əldə olunmamışdır. Eyni məzmunlu məktubla xx.xx.2022-ci il tarixdə yenidən Quba Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilənlərdən göründüyü kimi, hadisə Cavabdeh2 təqsiri nəticəsində deyil, mal-qaranı ötürən şəxsin təqsiri ucbatından baş verdiyindən həmin şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməli olduğu qənaətindədirlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı qərar qanuni və əsaslı olduğu üçün İddiaçı “AtaSığorta" ASC-yə qarşı “pul tələbinə" dair iddiasının rədd olunmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia "xxxx" ASC-yə münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə rədd edilməlidir. İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə saat 08:20-də Quba Qəçrəş yolunda “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qəçrəş B/S-nin müdiri Heydərov Zakir, Qəçrəş B/S-nin feldşeri Dostuyev Bəhmən, Qımılqazma kənd sakini İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, qımılqazma kənd sakini İddiaçı məxsus olan bir baş qonur rəngli, üç yaşlı, tox boğaz 250 kq yaxın diri çəkisi olan düyəyə baxış keçirilmişdir, baxış zamanı heyvan yerdə uzanmış vəziyyətdə idi. Nəfəsalması çətinləşmiş, istiliyi 35,6-ya düşmüş, qabaq sağ qolunun dizdən yuxarısı qapalı sınığı, arxa ətrafın çapma oynnağından yuxarı qapalı sınığı müəyyən edilmişdir. Boğaz olduğu üçün buzovu xaricdən palpasiya ilə yoxlanılmış və heç bir hərəkət olmadığı müəyyən edilmişdir. AA serialı, 657213 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. ƏN-İİİ serialı, 773143 nömrəli “Nəqliyyat vasaitələrindən sitifadə edilməsi haqqında” etibarnamənin surətindən görünür ki, "Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan X5 həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh2 vermişdir (xx.xx.2016-cı ildən xx.xx.2026-cı ilə kimi). Sözügedən avtomobil PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən icbari qaydada sığortalanmışdır. “Təbriz” firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, ölmüş inəyə qəssab tərəfindən baxış keçirilmiş və hadisə zamanı ölən inəyin (ölənə qədər) satışa yararlı ət çəkisi təqribən 140-150 kq müəyyən edilmişdir. 140-150 kq ətin o günki bazar qiyməti ilə dəyəri (1 kq ət 10 manat dəyəində hesablamaqla) 1400-1500 manat dəyərində olduğu müəyyən edilmişdir. Quba rayon prokuroru tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 154ş-22 saylı məktubdan görünür ki, faktla bağlı Quba RPŞ-nin DYPB-də inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsil ilə inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materialları öyrənilərkən qəbul edilmiş qərarın qanuni və əsaslı olması müəyyən edildiyindən qəbul edilmiş qərarın ləğvi ilə bağlı protest verilməmişdir. Bununla belə inzibati xəta haqqında iş üzrə icraatın nəticəsinə dair qəbul edilmiş qərarın və yol nəqliyyat hadisəsi barədə arayışın ləğvi ilə bağlı Azərbaycan Respublikası DİN-in BDYPİ-nə və ya Quba Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci və 922.2-ci maddələrinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixində Quba rayonu Qımılqızma kənd ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 idarə etdiyi “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus olan 1 baş inəyi vuraraq öldürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, “Kamaz 5511 yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, bu avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən, həmin hadisənin törədilməsində təqsirli bilinən şəxsin mülki məsuliyyəti icbari qaydada sığortalandığından və bu hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər üzrə sığorta ödənişinin həyata keçirilməsindən sığortaçının imtina etmək üçün qanuni əsası olmadığından, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh "xxxx" ASC hadisənin Cavabdeh2 təqsiri nəticəsində deyil, mal-qaranı ötürən şəxsin təqsiri ucbatından baş verdiyinə, həmin şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməli olduğuna, qeyd edilən faktla bağlı aidiyyəti orqanlara müraciət etdiyinə istinad etsə də, bununla bağlı, yəni iddiaçının müvafiq inzibati xətanın (mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) törədilməsində təqsirli bilinməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iş materiallarına əlavə olunmuş “Təbriz” firmasının xx.xx.2022-ci il tarixli arayışına əsasən ölmüş inəyin satışa yararlı ət çəkisinin real bazar qiymətinin 1400-1500 manat dəyərində olduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı dəymiş zərərin 1400 manat məbləğdə müəyyən edilmisini ağlabatan sayaraq qeyd edir ki, iddia "xxxx" ASC-yə münasibətdə bu məbləğdə təmin edilməli və İddiaçı xeyrinə sığorta ödənişi qismində 1.400 manat məbləğində pul tutulmalıdır. Belə ki, iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Cavabdeh2 qarşı olan iddia tələbi ilə əlaqədar həmçinin qeyd edir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği sığortaçı olan "xxxx" ASCdən tam tutulduğundan iddia bu cavabdehə münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İddia tələbi cavabdeh "xxxx" ASC-yə münasibətdə tam təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin cavabdehdən iddiaçının xeyrinə tam tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia "xxxx" ASC Sığorta Şirkətinə münasibətdə təmin edilsin. Sığorta ödənişi kimi 1400 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 1.430 manat məbləğində pul cavabdeh "xxxx" ASC Sığorta Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar