Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2112/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin bağlanmaması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin bağlanmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz davranışı nəticəsində 2022-ci ilin sentyabr ayından başlanılmaqla hər ay onun legitim gözləntisi olan 700 manat əmək haqqının hesablanmaqla 3500 manat məbləğində pulun tutulub ona ödənilməsi; onun Express Banka olan 1000 manat kredit borcunun və Beynəlxalaq Banka olan 1200 manat kredit borclarının cavabdeh tərəfindən ödənilməsi; onun MKR-də ləkələnmiş kredit tarixçəsinin qarşılığı olaraq 5000 manat mənəvi zərərin alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci il tarixdə anadan olmuşdur. Ali təhsillidir və doktorluq mərhələsində təhsi alır. 2020-ci ilin sentyabr ayında “Azərsığorta” dövlət şirkətində işləmişdir. 2020-ci ilin sentyabr ayından “Azərsığorta” dövlət şirkətində işləmişəm. 2022-ci ilin avqust ayında "xxxx" MMC ilə tanış oldu. Həmin şirkətdə müsahibədə oldu və logistika sahəsində çalışmaq istədiyini bildirdi. Müsahibədən uğurla keçdiyi bildirildi. Cavabdehin kadrlar üzrə mütəxəssisi Ayşən xanımla vatsap mesencerində yazışdığı zaman ona bildirildi ki, hazırda əmək müqaviləsi üzrə işlədiyi “Azərsığorta” dövlət şirkəti ilə əmək müqaviləsinə xitam versin və tez bir zamanda müqavilə bağlamaq üçün Cavabdeh- ə yaxınlaşsın. O, həqiqətən də belə etdi və sənədlərini götürüb cavabdehin yerləşdiyi ofisə gəldi. Burada təxminən 1 ay işlədi. Hər dəfə onunla əmək müqaviləsinin imzalanıb-imzalanmadığını soruşduqda ona müxtəlif səbəblər gətirilirdi. Yekunda onunla əmək müqaviləsinin bağlanmayacağını bildirdilər. Əsas kimi onu gətirirdilər ki, şirkətin maddi vəziyyəti yaxşı deyil və faktiki olaraq müflis olmuşdur. Bu səbəbdən də onunla əmək müqviləsinin bağlanması mümkünsüzdür. O, bundan sonra maddi zərərə düşdüyünü hiss etdi. Belə ki, onun stabil gəliri olduğu halda, aylıq 600 AZN (300AZN rəsmi əmək müqaviləsi üzrə ödəniş + 300AZN bonus) olduğu halda o, aldadıldığını və faktiki olaraq həm bu maaşından, həm də az olan maaşından məhrum olunduğunu anladı. Belə ki, cavabdehlə əmək müqaviləsi bağlanılacağı halda rəsmi 700 AZN əmək haqqı ödəniləcəy bildirilmişdir. Bu səbəbdən də ilk öncə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ərizə ilə müraciət etdi. Araşdırma aparıldı və nəticədə xx.xx.2022-ci il tarixdə **********5 saylı məktubla Bakı Ərazi İdarəsi tərəfindən cavab verildi ki, həqiqətəndə pozuntu olmuşdur. Nəticə etiban ilə protokol tərtib edilmiş və iş üzrə intizam tənbehinin tətbiq edilməsi üçün material məhkəməyə göndərilmişdir. O da bu cavabı aldıqdan sonra cavabdehə mediasiya təklifi göndərməklə cavabdehi mediasiya sessiyasına çağırmışdır. Cavabdehlə X2 iştirak etməyi üçün xx.xx.2022-ci il tarixdə saat 10:00-a dəvət olundu. O, həmin İMS-da iştirak etdi. Lakin cavabdeh iştirak etməkdən imtina etdi və o, X2 itirak etməyinə dair arayış aldı. Cavabdehin ümumiyyətlə saymazyana və qanunları tapdalamaqla müşahidə olunan davranışı onun maddi zərərə düşməyinə səbəb olmuşdur. Bu səbəbdən hazırkı ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Maddi zərəri onunla əsaslanır ki, o, "xxxx" ASC-nin Sumqayıt filialından 3000 AZN məbləğində kredit götürmüşdü və aylıq ödəniş 150 AZN olmaqla 24 ay müddətinə qaytarmalı idi. Bu kredit müqaviləsi üzrə 15 ay kredit ödəmələri tam gecikməsiz həyata keçirilməkdə idi. Digər krediti isə Beynəlxalq Bankda rəsmiləşdirilmişdir. Oradakı məbləğ 1200 AZN idi və həmin məbləğ tərəfindən tam gecikməsiz aylıq 120 AZN olmaqla ödənilirdi. Hazırda hər iki kredit müqaviləsi üzrə gecikmələr var. Bu gecikmələrin səbəbi isə cavabdehin hərəkətidir. Məhz bu səbəbdəndir ki, onun həm kredit tarixçəsi ləkələnmişdir həm də, ciddi maddi problemlə üz-üzə qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə müvafiq olaraq hüquqi şəxs "xxxx" MMC barəsində protokol tərtib edilməklə inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul edilərək müvafiq qaydada məhkəməyə göndərilmiş, həmçinin, müəssisəsinin vəzifəli şəxsi barəsində də həmin Məcəllənin eyni maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X1 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-7629 saylı, xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, "xxxx" MMC mediasiya prosesinin davam etdirilməsinə maraqlı olmamışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, öz istəyi ilə xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. ARDSKŞ-nin xx.xx.2022-ci il tarixli, 386K nömrəli Əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 0085130 saylı Əmək kitabçasından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının ARDSKŞ ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, yuxarıda sadalananla müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında müvafiq danışıqlar aparılsa da, hər hansı əmək müqaviləsi bağlanmamış, cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi ilə bağlı hər hansı ilkin müqavilə və ya öhdəlik müəyyən edilməmişdir. Onunla cavabdeh "xxxx" MMC arasında müqavilə olmadan İddiaçı əmək fəaliyyətinə cəlb edilməsi faktı, inzibati tənbehvermə haqqında qərarla öz təsdiqini tapsa da, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Xidmətinin qeyd edilən qərarı ləğv edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, inzibati icraat çərçivəsində qəbul edilmiş qərar Məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Bundan başqa, iddianın, iddiaçının kredit borclarının cavabdeh tərəfindən ödənilməsi hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəlki əmək müqaviləsinin xitamı iddiaçının özünün sərbəst iradəsi daxilində baş verdiyindən iddia həmin hissədə də əsasssızdır. Həmçinin, iddiaçı, cavabdeh tərəfindən ona mənəvi zərər vurulması ilə bağlı da məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin bağlanmaması” tələbinə dair iddiası rədd edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinin bağlanmaması nəticəsində vurulmuş zərərin ödənilməsi”” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2112/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2112/2023
30.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver