Məhkəmə qərarları › İş №2(006)-214/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-214/2024

11.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-214/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Brand Credit" Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı "kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2021-ci il tarixli 603/SM-21 saylı müqavilə üzrə 1115,60 manat kredit borcunun həmçinin ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2021-ci tarixli 603/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən borcluya 30 ay müddətinə 6500 manat məbləğində, kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 21 iyun 2021-ci tarixli 603/SM-21 saylı müqavilə üzrə 1115.60 (bir min yüz on beş manat altmış qəpik) manat kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2021-ci tarixli 603/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 45 %-lə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin "Borc verən" tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: a) əlverişsiz şəraitin yaranması nəticəsində "Borc alanın" lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda; b) kreditin qaytarılması ilə bağlı "Borc verənə" maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə; v) bu Müqavilənin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Həmin müqavilələrin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc valan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 84 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilənin 11.2-ci bəndinə əsasən bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qayatarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilələrin 13.7-ci bəndinə əsasən "Borc Alan" razılaşdırılmış ödəniş şərtlərini pozduqda,krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə " Borc verən" "Borc alan"a qarşı borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü ödənilməli olan, lakin ödənilməmiş məbləğin 0.5% (sıfır tam onda beş) miqdarında dəbbə pulu tətbiq edə bilər. Həmin müqavilələrin 15.2-ci bəndinə əsasən bu müqavilə "Borclu"nun "Kreditor" qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Həmin müqavilələrin 17-ci bəndinə əsasən tərəflər mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X3 cavabdeh tərəfindən 100 manat ödənildiyini, odur ki, iddia tələbini 100 manat miqdarında azaldaraq, 1015,60 manat və 32 manat rüsum miqdarında məbləğ tələb etdiklərini bildirmişdi. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21 iyun 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 30 ay müddətinə 6.500 manat məbləğində kredit verilmişdir. 21 iyun 2021-ci il tarixdə həmin kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında girov müqaviləsi imzalanmış, cavabdehə məxsus, ümumi dəyəri 4267 manat olan 2 ədəd saat, sep, sep silsilə, qolbağ, 2 ədəd monetka, 2 ədəd sırga, 2 ədəd üzük və qırıq sepdən ibarət qızıllar girov predmeti olaraq iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli, 603/SM-21 saylı müqavilə üzrə ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvəl üzrə xx.xx.2021xx.xx.2023-cü il dövrü ərzində cəmi 10943,25 manat kredit ödənişinin (6500 manat əsas məbləğ, 4443,25 manat faiz məbləği) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 21 iyun 2021-ci il tarixli, 603/SM-21 saylı kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1115,69 manat borcu mövcuddur. İşin materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh borcunu ödəməsinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8850 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 21 iyun 2021-ci il tarixli, 603/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 31 mart 2023-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan borcu 1177,04 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas kredit borcu 1071,25 AZN - faiz borcu 105,79 AZN İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 32 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 31 mart 2023-cü il tarixə (pretenziya məktubunun tarixi) cavabdehin kredit müqaviləsi üzrə əsas borcu müqavilə müddəti bitən tarixə 1177,04 manat təşkil edir. Lakin "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi cavabdeh tərəfindən 100 manat ödəndiyini, odur ki, iddia tələbini 100 manat miqdarında azaldaraq, 1015,60 manat və 32 manat rüsum miqdarında məbləğ tələb etdiklərini bildirmişdi. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 1015,60 (bir min on beş manat, altmış qəpik) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 32 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 1015,60 (bir min on beş manat, altmış qəpik) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar