Məhkəmə qərarları › İş №2(006)-2141/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2141/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2141/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü övladı X2 üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair xx.xx.2019-cu il tarixli qərar üzrə Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, artıq 2 aydır ki, cavabdeh 220 manat məbləğində alimenti ödəyir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirmişdir ki, hazırda işləmir, lakin xx.xx.2016-cı il təvəllüdlü X1 üçün artıq iki aydır ki, hər ay 220 manat aliment ödəyir. Ərizə təqdim edərək, uşağın saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı 19066963 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Məmmədov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, ailə mübahisəsi alimentin miqdarının artırılması üzrə mediasiya işi ilə bağlı xx.xx.2023-cü il tarixə, saat 14:40-a ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyası barədə xx.xx.2023-cü il tarixdə göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixdə Cavabdeh çatdırılmış, lakin o, sessiyada iştirak etməmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 009574 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 14 fevral 2015-ci il tarixdə 53 nömrə ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 667469 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 14 fevral 2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 fevral 2015-ci il tarixdə 53 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh ilə bağlanmış hər hansı əmək müqaviləsi və gəliri barədə məlumat yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 14 fevral 2015-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X3 anası – İddiaçı yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək, Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməsini tələb edir. Cavabdeh isə ərizə təqdim edərək, uşağın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat alimentin tutulmasına razı olduğunu bildirir və artıq iki aydır ki, 220 manat məbləğində ödəniş etdiyini qeyd edir. İddiaçı da cavabdehin bu dəlilini təsdiq edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin alimentin məbləğinin artırılması olduğunu qeyd etsə də, tələb mahiyyət etibarilə alimentin tutulma qaydasının dəyişdirilməsinə uyğun gəlir. Belə ki, məhkəmə qətnaməsi ilə cavabdehdən qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulması müəyyən edilmiş, hazırda iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Buna görə də məhkəmə hazırki tələbi alimentin tutulma qaydasının dəyişdirilməsi kimi qiymətləndirir. Tələblə əlaqədar məhkəmə hesab edir ki, cavabdehin hazırda işləmədiyi müəyyən edildiyindən, yəni onun maddi vəziyyətində dəyişiklik olduğundan, bundan əlavə o, sabit pul məbləğində alimenti ödəməyə razı olduğundan, alimentin tutulma qaydası dəyişdirilməli, aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Belə ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün alimentin tutulma qaydasının dəyişdirilməsi barədə iddianı qəbul edir və iddiaçıya hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin iddianı etiraf etməsində uşağın maraqlarına zidd heç bir hal müəyyən etmədiyindən, etirafı qəbul edir və cavabdehin maddi vəziyyətinin dəyişməsini, uşağın mənafeyini, digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün kifayət deyildir, buna görə də alimentin tutulma qaydası dəyişdirilməlidir. İddiaçının “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin artırılması” tələbinə münasibətdə qeyd edilməlidir ki, qanunvericiliyə əsasən, hazırki qətnamə ilə müəyyən edilmiş alimentin tutulma qaydası qətnamə qanuni qüvvəyə mindiyi tarixdən dəyişdirilməlidir. Məhkəmə uşağın mənafeyini, cavabdehin iddianı etiraf etməsini, cavabdehin maddi vəziyyətinin dəyişməsini və digər diqqətəlayiq halları nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3045/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar