Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2153/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı “gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı “gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin Quba rayonu Vəlvələ çay ərazisində qum-çınqıl karxanası tərfindən ona gecə vaxtı yerinə yetirilən iş rejiminə görə ödənilməmiş 26512 manat məbləğində əmək haqqının və 60 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlanaraq, cavabdeh “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Quba rayonu Vəlvələ çay ərazisində qum-çınqıl karxanası tərəfindən ona gecə vaxtı yerinə yetirilən iş rejiminə görə ödənilməmiş 36090,5 manat məbləğində əmək haqqının və 60 manat mediasiya prosesi üçün ödənilmiş rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, 423 gün üzrə faiz məbləği (423 x 361) 152703,0 manat olmaqla, ümumilikdə 36095,5+152703,0+600=188858,5 manat vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə sonuncu ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı bu hərəkətin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən icraata qəbul edilməmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: “DKT İnşaat Sanayi və Ticaret Anonim Şirkəti”nin Quba rayonu Vəlvələ çay ərazisində qum-çınqıl karxanası 2023-cü ilin yanvar ayında fəaliyyətə başlamışdır. xx.xx.2023-cü il tarixdən həmin qum-çınqıl karxanasında aşpaz və mətbəx təmizlikçisi kimi işə başlamışdır. 20 X4 Gününə, 21 yanvar şənbə gününə, 22 yanvar isə bazar gününə təsadüf etdiyindən onunla əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Bu müddət ərzində 87 bazar günü olub, 42 bayram günü olub, 26 gün icazəli olub, 6864 saat işdə olub, 4004 normativ saatı var, 2860 fərq saatlarıdır. Əmək müqaviləsi tarixindən hesablansa, işlədiyi 2860 saat 7-yə bölündükdə 408,5 gün təşkil edir (2860 saat : 7 gün = 408,5 gün). İşlənmiş bayram, bazar, matəm, seçki günlərinin cəmi 129 gün təşkil edir ki, bundan da 26 gün (işləmədiyi günlər) çıxdıqda 103 gün qalır (129 gün – 26 gün = 103 gün). 19-22 (4 gün) əmək müqaviləsiz işləmişdir. 20 ay gecə növbəsində işləməyi üçün əmək haqqına əlavələrinin ödənilməsi – maaşın 40% olmala hesablanmalıdır (maaşın 40% X 20 ay X 240 = 4800 manat). Bayram, qeyri-iş günləri (istirahət), matəm, seçki günlərində əmək haqqının 2 misli miqdarında, cəmi 105 gün təşkil edir (79 X 23 = 1817 manat) (24 X 46 = 1104 manat). Bundan başqa, çalışdığı əlavə iş saatları əmək haqqının minimum 2 misli miqdarında hesablanmalıdır. Belə ki, 2860 saat: 7 saat = 408,5 gün təşkil edir ki, onun da 2 misli 23 manata vurulduqda nəticə 18791 manat təşkil edir. Nəticədə, ona ümumilikdə ödənilməli məbləğ 26512 manat təşkil edir (18791 manat + 1817 manat+ 1104 manat + 4800 manat = 26512 manat). Dəfələrlə şirkətin Quba rayonundakı və Bakı şəhərindəki nümayəndələrinə müraciət etmişdir. Lakin onun pulu ödənilməmişdir. Qeyd olunan məsələ ilə bağlı Quba rayon polis şöbəsinə və prokurorluğuna ərizə ilə müraciət etmişdir. Oradan ona rəsmi qaydada bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinə, o cümlədən “DKT İnşaat Sənaye və Ticarət Anonim Şirkəti”nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 235A, mənzil 5-də yerləşən baş ofisinə də ərizə ilə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. 2025-ci ilin yanvar ayında əmək mübahisəsinin həlli üçün Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin qarşı tərəf mediasiya sessiyasında iştirak etmədiyindən ona xx.xx.2025-ci il tarixdə müvafiq arayış təqdim edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, haqlıdır, onun hüquqları pozulmuşdur. İddia tələbinin həcminin artırılması barədə ərizənin əsaslandırıldığı hallar: Onunla bağlanmış əmək müqaviləsinə görə əmək haqqı 600 manat qeyd edilmişdir. Gecə növbəsində çalışdığı üçün 600 manat +40%=840 manat təşkil edir. Gündəlik əmək haqqı 32.30 manat (840:26 iş günü=32.30 manat) təşkil edir. Qeyri iş günləri – (79+24) x 18.60=1915.80 manat, Əlavə iş saatları – 408.5 x18.60=7598.10 manat, Müqaviləsiz iş günləri – 2x32.30=64.60 manat, cəmi 9578.50 manat təşkil edir. Əvvəlki iddia ərizəsində qeyd olunmuş 26512 manat pul tələbi ilə 9578.50 manat toplandıqda 26090.5 manat təşkil edir. İddia müddətinin tətbiqinə dair ərizə: İddiaçı oğlunun iddia ərizəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən cavabdehdən ödənilməmiş 36090,5 manat məbləğində əmək haqqının və 60 manat mediasiya xərclərini tələb edir. İş materiallarından göründüyü kimi Əmək Məcəlləsinin 296.4cü maddəsinin tələblərinə görə - pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı 2023-cü ildən iki il keçdikdən sonra məhkəməyə müraciət etdiyi üçün həmin dövrə ödəncləri tələb etmək üçün tətbiq olunan bir il müddəti ötürmüşdür. Cavabdeh İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən hesab edilir ki, iddia ərizəsi təmin edilməməlidir. Bu səbəbdən də məhkəmədən iddia müddətinin ötürüldüyü nəzərə alınaraq, İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “gecə vaxtı, qeyri-iş günlərində və əlavə iş saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı tələbinə” dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işdən öz xahişi ilə çıxmışdır. Çünki nisbət tarazlığı pozulurdu, iş yoldaşları 800 manat əmək haqqı alırdı, o isə 600 manat alırdı. Əslində 840 manat almalı idi. Əmək müqaviləsinə nə yazılıb bilmir, ona əmək müqaviləsi təqdim olunmamışdır. Ona bildirilib ki, hər ay əskik vurulan mələğ son haqq-hesabda ödəniləcəkdir. Şirkətdə 20 ay işləmişdir. İşdən çıxan günün sabahı şirkətə xahişnamə ünvanlamışdır. Tabel olmayıb, işə girib-çıxanda heç nəyə imza çəkməmişdir. Ona 36.091 manat son haqq-hesab, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il dövr üçün gecə növbəsində çalışdığı üçün ona əlavə 40% ödənilməli idi. xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Həmin dövr qeyri-iş günlərinə düşdüyü üçün xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil, iddianı qəbul etmədiyini, iddiaçının iddiasını təsdiq edəcək sübutların olmamasını, iddiaçıya əmək haqqının əmək qanunvericiliyinə uyğun şəkildə ödənildiyini, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazının olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli, xxxxxxx000300 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2023-cü il tarixdə müddətli, əmək haqqı məbləği 669,71 manat olmaqla əmək müqaviləsi bağlanılmış və İddiaçı məşğulluq təsnifatı üzrə yeməkpaylayan, əmək müqaviləsi üzrə yeməkxana işçisi (Quba layihəsi) vəzifəsində işə qəbul olunmuşdur. Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli, K2532 saylı “işə qəbul” üzrə əmrindən görünür ki, 23 yanvar 2023-cü il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, İddiaçı cəmiyyətə yeməkxana köməkçisi (Quba layihəsi) vəzifəsinə işə qəbul edilməsi, işçi ilə tam maddi məsuliyyət haqqınd müqavilə bağlanılması əmr edilmişdir. İddiaçı tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı öz xahişi ilə 16 sentyabr 2024-cü il tarixindən tutduğu yeməkxana köməkçisi (Quba layihəsi) vəzifəsindən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı üzrə xx.xx.2024-cü il tarixli, K6290 saylı “işdən azad olunma barədə” əmrindən görünür ki, 16 sentyabr 2024-cü il tarixdən cəmiyyətin yeməkxana köməkçisi (Quba layihəsi) vəzifəsində çalışan, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Quba 1 saylı Mediasiya Təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00005 saylı arayışından görünür ki, xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin edilmiş mediasiya prosesində yalnız İddiaçı iştirak etmişdir. Həmçinin İddiaçı tərəfindən 60 manat İMS xərci ödənilmişdir. (mediator: H.Əliyev) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Baı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli, 77595/2024 saylı məktubundan görünür ki, X2 Xidmətinin Bakı şəhər İdarəsinə verilən izahatda İddiaçı xx.xx.2025-cü il tarixindən işləyini, artıq iş saatlarında, bayram və istirahət günlərində işə cəlb edildiyini bildirsə də, bununla bağlı təsdiqedici sənədləri araşdırmaya təqdim etməmişdir. X1 şahid olaraq X2 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatında İddiaçı artıq iş saatlarında, bayram və istirahət günlərində. Gecə saatlarında işə cəlb edildiyini bildisə də, bununla bağlı təsdiqedici sənədlərinin olmadığını qeyd etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunnun tələblərinə uyğun olaraq müraciətin araşdırılması ilə bağlı İddiaçı aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün Cavabdeh-nin Azərbaycan Respublikasındakı Filialının ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva, ev 235A, mənzil 5) xx.xx.2024-cü il tarixli 3-17-5/2-64245/2024 saylı məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı İddiaçı ilə cəmiyyətin rəhbərliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Tədim edilən bank çıxarışında İddiaçı 2577.86 manat ödəniş edildiyi məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən adi olan sənədlərin təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəyi, həmçinin müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Quba Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 452ş-24 saylı məktubundan görünür ki, müraciətin əmək münasibətlərindən yaranmış mübahisə ilə əlaqədar olduğu, odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edilməsinin mümkünlüyü, Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar qane etməzsə, həmin mübahisənin həlli çün məhkəməyə müraciət edilməsinin mümkünlüyü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll olunduğu, fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın məqsədəuyğunluğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 2940/2025 saylı “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məktubundan görünür ki, vəsatətdə göstərilən sənədlər ekspertiza tədqiqatına tam şəkildə təqdim edilmədiyindən iş üzrə materialların icrasız geri qaytarıldığı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı məşğulluq təsnifatı üzrə yeməkpaylayan, əmək müqaviləsi üzrə yeməkxana işçisi (Quba layihəsi) vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixdən işdən azad olunduğu tarixədək qeyri-iş günlərində, gecə növbəsində, əmək müqaviləsi olmadan 4 gün, habelə əlavə iş saatlarında işlədiyinə görə ona əmək haqqının ödənilməli olmasını bildirir. Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır. Həmçinin iddianın iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş edir. Məhkəmə formalaşmış təcrübəyə əsasən ilk olaraq cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək iddia tələbinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən «fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər» ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə, iddia müddəti tətbiq edilməklə iddia həmin dövr üzrə əmək haqqının ödənilməsi hissəsində rədd edilməlidir. Beləliklə də, məhkəmə bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, həmin dövr üzrə iddia tələbinə iddia müddəti tətbiq edildiyi üçün hüquqi nəticə etibarı ilə iddiaçının “gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı tələbinə dair araşdırma aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət görmür. İddiaçının məhkəməyə müraciət etdiyi dövrdən əvvəlki 1 illik müddətə daxil olan iş dövrü – xx.xx.2024-xx.xx.2024-cü il tarixi üzrə isə iddiaçı tərəfindən əmək haqqı tələbinə münasibətdə qeyd olunur ki, iddiaçı tələbini təsdiq edən halları sübuta yetirə bilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni hansı tarixlərdə və hansı müddətdə əlavə işlərə cəlb olunması ilə bağlı hər hansı konkret məlumat təqdim edə bilmir, tələbini ümumi sözlərlə əsaslandırır. Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır. Beləliklə də iddiaçı “gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı” tələbinə dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında işləməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını müdafiə edərək verdiyi izahatı özüözlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməldir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 60 manat İMS xərci İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı “gecə vaxtı, qeyri-iş günlərində və əlavə saatlarında yerinə yetirilən iş rejiminə görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 60 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2153/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2153/2025
17.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver