Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2161/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya hüququnu pozan qanunsuz hərəkətləri ilə ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 500 000 manat təzminat tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildə ona ƏƏSMN DSMF Abşeron rayon şöbəsinə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi 20/3385 saylı 30 may 2018-ci il tarixli məktubu ilə müraciətinə cavab verərək, yaşa görə əmək pensiyası hüququ verən 25 il stajın və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanmadığından yaşa görə ona əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmamasını bildirmişdir və xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək, cəmisi 10 sığorta stajının və fərdi hesabın sığorta hissəsində 1878.82 manat pensiya kapitalının olması barədə DSMF Binəqədi rayon şöbəsinin arayışını ona təqdim edmişdilər. Sonradan DSMF Binəqədi rayon şöbəsi sığorta stajının xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək, yəni 1 il 10 ay, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 8011, 78 manat olması barədə 09-1373 saylı xx.xx.2018-ci il tarixli yeni arayış vermiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 04 sentyabr 2018-ci il tarixli ərizə ilə təkrarən DSMF Abşeron rayon şöbəsinə müraciət edərək dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. DSMF Abşeron rayon şöbəsi 20/5480 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə ərizəsinə cavab verərək, 15 il dövlət qulluğu stajı olmadığından pensiyasına qulluq stajına görə əlavənin hesablanmasının mümkünsüz olmasını bildirmişdir.Bununla əlaqədar iddia ərizəsi ilə DSMF-nin Abşeron rayon şöbəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə DSMF-də struktur dəyişiklikləri baş vermiş-Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial təsis olunmuş, bununla əlaqədar, iddia təldbini ona dövlət qulluqçusu kimi pensiya təyin olunması hissəsində geri götürmüşdür və ona dövlət qulluqçusu kimi pensiya təyin olunması xahişi ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Sonuncu dövlət qulluğu stajının 15 ildən az-7 il 2 ay 22 olması kimi əsassız qənaətə gələrək, 216313 69364 saylı məktubu ilə ona dövlət qulluqçusu kimi pensiya hesablnamasının qanunvericilik baxımından mümkün olmamasını bildirmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı İddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözü gedən cavabının qanuniliyini mübahisələndirmiş, ona dövlət qulluqçusu kimi pensiya hesablanmasının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1 (112)-7472/2021 saylı 21- dekabr 2021-ci il tarixli qərarı ilə mənə dövlət qulluqçusu kimi pensiya təyin olunmasının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə etməklə, iddia tələbi təmin etmişdir. Qarşı tərəf Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli əsaslı və qanuni qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bundan sonra do DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-l{102)-1819/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya¬sının 2-l(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etməklə Dövlət Sosial Müdafiə Fondunun onun pensiya almaq hüququnu pozan qanunsuz hərəkətləri nəticəsində çəkdiyi mənəvi psixoloji iztirablara və əziyyətə görə 500.000 manat mənəvi ziyan vurduqlarını iddia edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 14-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqanların təsnifatına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Bunun üçün də ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İş materiallarından göründüyü qanunsuz hərəkətləri ilə iddiaçıya ziyan vuruduğu iddia edilən Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericilikdə inzibati orqan kimi təsnif edilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati orqan statusu daşıdığını, mübahisə predmetinin isə həmin inzibati orqanın əməkdaşlarının qanunsuz olduğu ehtimal edilən hərəkətlərin (hərəkətsizliyinin) nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın ödənilməsi tələblərindən ibarət olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı iddiada qaldırılan məsələ inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələbə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli olduğu qənaətinə gəlir və hesab edir ki, belə olan halda iddiaçıya həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267 və 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki iddia tələbi ilə bağlı ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2161/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2161/2023
16.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver