Məhkəmə qərarları › İş №2(006)-217/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-217/2021

20.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-217/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının, X6 qızının katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ödənilməmiş əmək haqqının tutulması” iddia tələbinə dair mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “ödənilməmiş əmək haqqının tutulması” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 34000 (otuz dörd min) manat məbləğində ödənilməmiş əmək haqqının “xxxx” ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01.11.2005-ci il tarixindən 26.08.2019-cu il tarixədək cavabdeh “xxxx” ASC-nin Gədəbəy filialında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli 137 saylı Qərarına (bundan sonra-Qərar) uyğun olaraq Gədəbəy şəhərində (1500 metrədən 2000 metrədək) işləməsi ilə əlaqədar əmək haqqına minimum 20% əlavə edilməli olduğuna baxmayaraq həmin əlavə ona verilməmişdir. Bununla əlaqədar 28.10.2019-cu il tarixli 106/2019 saylı məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinə və “xxxx” ASC-nə müraciət edilərək İddiaçı qarşı əmək qanunverciliyinin və müvafiq Qərarının tələblərinin kobud pozulması barədə məlumat verərək məsələnin həll edilməsində köməklik göstərilməsi xahiş edilmiş, lakin həmin müraciətlər 31.10.2019-cu il tarixdə rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti (məsul şəxs Rəhimova), 04.11.2019-cu il tarixdə rəsmi qaydada xxxx (məsul şəxs Babazadə) tərəfindən qəbul edilməyinə baxmayaraq, bir aydan artıq müddət keçmiş və iddiaçıya hər hansı bir rəsmi cavab verilməmişdir. Həmin Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 35106,4 (otuz beş min yüz altı manat qırx qəpik) manat məbləğində ödənilməmiş əmək haqqının “xxxx” ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, ekspert rəyində göstərilən məbləğlə razı olduğunu və iddianın rəydə göstərilən məbləğ üzrə təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi almasına baxmayaraq, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsində Qərarda nəzərdə tutulmuş əlavə məbləğin ödənilməsi göstərilməmişdir. Lakin müqavilədə bu barədə bəndin nəzərdə tutulmaması “xxxx” ASC-nin İddiaçı həmin əlavə məbləği ödəməməsi demək deyil. İddiaçı əmək haqqına hər ay 20 faiz əlavə ödənilmişdir. Eyni zamanda iddiaçı müvafiq tələb üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətinə bildiriş göndərilsə də, nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı: - 01 noyabr 2005-ci il tarixdən 05 oktyabr 2007-ci il tarixədək xxxxnın Şəmkir filialının Gədəbəy şöbəsinə 3 aylıq sınaq müddəti ilə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş; - 05 oktyabr 2007-ci il tarixdən həmin bankın Şəmkir filialının Gədəbəy şöbəsinin müdiri vəzifəsinn icrası iddiaçıya həvalə edilmiş, 07 mart 2008-ci il tarixə isə müddətli müqavilənin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verilmiş; - 14 may 2008-ci il tarixdən 12 dekabr 2008-ci il tarixinədək ABB Ağstafa şöbəsində aparıcı mütəxəssis (xəzinədar əməliyyatçı) vəzifəsində işləmiş; - 12 dekabr 2008-ci il tarixdən 26 avqust 2019-cu il tarixədək həmin bankın Gədəbəy şöbəsinin müdiri vəzifəsində çalışmışdır; İşəgötürən “xxxx” ASC ilə işçi İddiaçı arasında bağlanmış 10.12.2008-ci il tarixli müddətli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12.12.2008-ci il tarixdən 31.12.2009-cu il tarixədək ASC-nin Gədəbəy şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə ilə əmək haqqının məbləği hər ay 365 manat məbləğində müəyyən edilmişdir; “xxxx” ASC ilə işçi İddiaçı arasında bağlanmış 01.07.2019-cu il tarixli “10 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə əlavə”dən görünür ki, işəgötürən iddiaçıya əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) əmək haqqına 20% məbləğində əlavənin ödənilməsi öhdəliyini öz üzərinə götürür və bu əlavə 01 iyul 2019-cu il tarixdən qüvvəyə minir; “xxxx” ASC-nin 21.02.2020-ci il tarixli 18/894 saylı məktubundan görünür ki, bankın “Gədəbəy” şöbəsinin müdiri vəzifəsində çalışmış İddiaçı 2005-ci il tarixindən 2019-cu ilin avqust ayınadək olan dövr ərzində aldığı əmək haqqı məbləğinə dair məlumatları aşağıdakı kimir: 01.07.2005-31.12.2006 – 120 manat, 01.01.2007-31.12.2009 – 365 manat, 01.01.2010-31.12.2010 – 438 manat, 01.01.2011-31.12.2011 – 440 manat, 01.01.2012-31.12.2012 – 1415 manat, 01.01.2013-31.12.2013 – 1655 manat, 01.01.2014-31.12.2014 – 1585 manat, 01.01.2015-30.06.2019 – 1810 manat, 01.07.2019-26.08.2019 – 1810 + 362 manat (20% əlavə ödəniş); “xxxx” ASC-nin 14.08.2020-ci il tarixli İR-362 saylı məktubundan görünür ki, “xxxx” ASC-nin Şəmkir filialının Gədəbəy, Tovuz və Ağstafa şöbələrinin müdirlərinin 2016-2018-ci illər üzrə əmək haqqı məbləğinə dair məlumatları aşağıdakı kimidir: İddiaçı (şöbə müdiri: Şəmkir-Gədəbəy) 1810 manat, X5 (şöbə müdiri: Şəmkir-Tovuz) – 1630 manat, X2 (şöbə müdiri: Şəmkir-Ağstafa) 1690 manatdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 01.11.2005-ci il tarixindən 26.08.2019-cu il tarixədək “xxxx” ASC-nin Gədəbəy filialında bir neçə vəzifədə işləmişdir. İddiaçı onu mübahisələndirir ki, o, işlədiyi dövrdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi müvafiq Qərarına uyğun olaraq Gədəbəy şəhərində (1500 metrədən 2000 metrədək) işləməsi ilə əlaqədar əmək haqqına minimum 20% əlavə edilməli olduğuna baxmayaraq həmin əlavə ona verilməmişdir. Cavabdeh isə iddiaçıya əlavələrin ödənildiyini, belə bir tələb üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iki məsələyə qiymət verilməlidir. Birincisi iddiaçıya işlədiyi müddətdə əmək haqqı ödənilməlidirmi, ödənilməlidirsə bu məbləğ nə qədər olmalıdır. İkinci iddiaçı belə bir tələb irəli sürmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşmüdür. Məhkəmə belə qənaətə gəlir ki, ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi A.Bəgülov yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı 16.12.2019-cü il tarixdə, yəni, ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddətini keçirməklə (buraxmaqla) məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə iddia müddəti ilə bağlı ərizəni qismən qəbul edərək, iddiaçının tələbi əmək qanunverciliyində göstərildiyi kimi onun hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etdiyi vaxta kimi, yəni 16.12.2018-ci il tarixindən 16.12.2019-cu il tarixə olan dövrün nəzərə alınmalı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 43.2-ci maddəsinin ə) bəndinə əsasən Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Bundan başqa “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli 137 saylı Qərarının (bundan sonra-Qərar) 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Qərara 1 nömrəli əlavədə Gədəbəy rayonunun, o cümlədən Gədəbəy şəhərinin dəniz səviyyəsindən 1500 metrdən-2000 metrədək olan yaşayış məntəqəsi olması qeyd edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilmişdir. Həmçinin “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli 461 №-li Fərmanında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarına 1,2 artımlar (əmsallar) tətbiq edilsin. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndi ilə təyin edilən əməkhaqlarına artımlar (əmsallar) Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə büdcə vəsaiti hesabına, başqa müəssisə, idarə və təşkilatlarda çalışan işçilərə isə onların öz vəsaitləri hesabına ödənilir. Mübahisə ilə bağlı qeyd olunması vacibdir ki, məhkəmənin iş üzrə qəbul etdiyi qərardada əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və sonuncunun 9/172 saylı 26 fevral 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Gəncə filialına təhkim edilmiş şöbə müdirlərinin əmək haqları (əməkhaqqı ortaq məbləğ götürməklə) 2005-2011-ci illərdə Gədəbəy şöbə müdirinin əmək haqqısından artıq olmuş, yalnız 2012-ci ildən sonra Gədəbəy şöbə müdirinin əməkhaqqısında digər şöbə müdirləri ilə müqaisədə artım müşahidə olunur (təxmini 4-6 faiz) və yalnız 2015-ci ildə bu məbləğ 20% yaxın olmuşdur. Ekspert rəyinin nəticəvi hissəsində müəyyən edilmişdir ki, İddiaçı “xxxx” ASC-nin Gədəbəy rayon şöbəsində işlədiyi müddətdə əmək haqqına hər ay 20% əlavə ödənilməli olarsa, 01.07.2005ci il tarixindən 30.06.2019-cu il tarixinədək hər iş ilinə görə ödənilməli olan 20% əlavənin məbləği ümumilikdə 40.551,20 manat məbləğində müəyyən edilir (ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir). Məhkəmə tərəfindən rəyinin aydınlaşdırılması və yaranmış sualların cavablandırılması üçün rəy vermiş ekspert X1 ifadəsində apardığı hesablamalara görə “xxxx” ASC tərəfindən İddiaçı 16.12.2018-ci il tarixindən 01.07.2019-cü il tarixinədək olan dövr üçün (yəni 6 ay 15 gün) hesablanmış 20% ödənilməli olan əlavənin verilmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı 01.11.2005-07.03.2008-ci il tarixlərini və 12.12.2008-26.08.2019-cu il tarixlərini əhatə edən dövlərdə Azərbaycan Respublikasında dəniz səviyyəsindən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən “xxxx” ASC-nin Gədəbəy rayon şöbəsində işləmişdir. Lakin qanunverciliyin iddia müddəti ilə bağlı müddəaları nəzərə alındıqda iddiaçının 16.12.2018-ci il tarixindən 16.12.2019-cu il tarixə olan dövr üzrə ödənilməmiş əmək haqqını tələb etmək hüququ yaranmışdır. Belə ki, Qərarının 1 nömrəli əlavəsinə əsasən Gədəbəy rayonu, o cümlədən Gədəbəy şəhəri dəniz səviyyəsindən 1500 metrdən — 2000 metrədək olan yaşayış məntəqəsidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən bank tərəfindən ona hər ay 20% ödənilməli olan əlavənin verilməsi nəzərdə tutulsa da, həmin öhdəlik bank tərəfindən tam yerinə yetirilməmiş, yalnız müvafiq ilin 2 ayı üzrə (01.07.2019-26.08.2019-tarixlərində 1810 + 362 manat) 20% əlavə ödəniş edilmiş, qalan 16.12.2018-ci il tarixindən 01.07.2019-cü il tarixinədək olan dövr üçün (yəni 6 ay 15 gün) hesablanmış 20% ödənilməli olan əlavənin verilməsi təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin) 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Nazirlə Kabinetinin müvafiq Qərarına uyğun olaraq, İddiaçı 16.12.2018-ci il tarixindən 01.07.2019-cü il tarixinədək olan dövr üçün (yəni 6 ay 15 gün) hesablanmış, lakin cavabdeh tərəfindən ona hər ay 20% ödənilməli olan əlavə verilmədiyindən, 2353 (iki min üç yüz əlli üç) manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh “xxxx” ASC-dən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat isə dövlət nəfinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən 2353 (iki min üç yüz əlli üç) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat cavabdeh “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar