Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2173/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq, aliment, qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1300 № ilə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun yanında qalmaları, uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 236 manat olmaqla iki uşağın saxlanması üçün hər ay 478 (dörd yüz yetmiş səkkiz) manat məbləğində alimentin tutulması, 6150 (altı min yüz əlli) manat dəyərində hədiyyə olaraq ona verilmiş qızıl-zinət əşyalarının, onlar olmadığı halda dəyərinin, yəni 6150 manat məbləğində pulun onun xeyrinə Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1333/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq, aliment, qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələbinin “İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələbi hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və bu barədə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1300 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə Bakı şəhərində X5 və xx.xx.2020-ci il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri tutmadığından iddiaçı ilə cavabdehin bir yerdə yaşamaları baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq xx.xx.2023-cü il tarixdən kəsilmişdir. Həmin vaxtdan təsərrüfatı birgə idarə etmirlər. İddiaçının cavabdehlə barışması, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanılması mümkün deyildir. Ailə həyatı qurulanadək iddiaçıya cavabdeh tərəfindən 4800 (dörd min səkkiz yüz) manat dəyərində 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət 750 əyarlı, 400 qram İtaliya istehsalı olan komlekt, 720 (yeddi yüz iyirmi) manat dəyərində 750 əyarlı, 6 qram İtaliya istehsalı olan 1 (bir) cüt sırğa, 270 (iki yüz yetmiş) manat dəyərində 585 əyarlı, 3 qram Türkiyə istehsalı olan 1 (bir) ədəd alyans üzük, 360 (üç yüz altmış) manat dəyərində 585 əyarlı, 4 qram Türkiyə istehsalı olan 1 (bir) ədəd üzük olmaqla, cəmi 6150 (altı min yüz əlli) manat dəyərində qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. Cavabdeh iddiaçıdan xəbərsiz hədiyyə olaraq verilmiş həmin qızıl-zinət əşyalarını götürmüş və hazırda könüllü olaraq qaytarmaq istəmir. İstər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, istərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən iddiaçıya hədiyyə olaraq verilmiş qeyd edilən əşyalara mülkiyyət hüququ ona məxsusdur. Ona görə də həmin əşyalar iddiaçıya qaytarılmalıdır. Lakin, cavabdeh könüllü olaraq həmin qızıl-zinət əşyalarını qaytarmır.
4. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, iddiaçıya toy hədiyyəsi kimi verilmiş, tələb olunan qızıl-zinət əşyalarının əlamətləri tam qeyd olunaraq iddianın xahiş etdim hissəsini aşağıda qeyd edilən kimi nəzərə alınmasını xahiş etmişdir.
5. 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət İtaliya istehsalı olan 750 əyarlı, 40 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat olan komplekt, İtaliya istehsalı olan 750 əyarlı, 6 qram, 720 (yeddi yüz iyirmi) manat dəyərində 1 (bir) cüt sırğa, Türkiyə istehsalı olan 585 əyarlı, 3 qram, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd alyans üzük, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qram, 360 (üç yüz altmış) manat dəyərində 1 (bir) ədəd üzük olmaqla, cəmi 6150 (altı min yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarıdır.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzürlü hesab edərək, məhkəmədə gətirdiyi dəlillərin çıxış kimi qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Eyni zamanda, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında xx.xx.2024-cü il tarixli 5 ədəd qızıl əşyalarının girov qoyulması barədə məhkəməyə aktın əslini deyil, ksero surətini təqdim etdi. Ksero surətdə qeyd edilən qızıl-zinət əşyaları iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları deyildir. Belə ki, aktda qızıl-zinət əşyalarının əyarı, istehsal ölkələri qeyd edilməyib. Belə olan halda onların qiymətləri necə müəyyən edilib? Aktda qiymətləndirici Əliyev Arifin imzası yoxdur. Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən girov qoyulmuş qızıl əşyaları hələ də girovda olmaqla geri alınmamışdır. Belədirsə, cavabdehin iddia etdiyi kimi qızıl-zinət əşyaları iddiaçıda necə ola bilər? İmzaların qarşısında “M.Y”-də möhür vurulmamışdır. Paketə daxil olan aktda qeyd edilən qızıl-zinət əşyalarının foto-şəkilləri yoxdur. Əşyaların nə vaxt, kimə təhvil verilməsi hissəsində qeydiyyat və imza yoxdur. İddiaçı ilə cavabdeh arasında nikah Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 2024cü ilin mart-aprel ayında pozulmuşdur. Deməli, iddiaçı evdən gedəndə qızıl-zinət əşyaları onun dediyi kimi cavabdehdə olmuşdur. Əgər cavabdehdə deyildirsə boşanmadan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh onları necə girov qoymuşdur. Bundan əlavə cavabdeh məhkəmə iclasında qızılzinət əşyaları ilə bağlı ziddiyyətli ifadələr vermişdir. Əvvəl göstərmişdir ki, qızıl-zinət əşyaları olmamış, sonra isə qeyd etmişdir ki, qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Boynuna alsın iddiaçıya 1000 manat verər. Məhkəmənin əvvəlki iclasında isə göstərmişdir ki, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət qızıl dəsti dostu ilə mağaza açmaq üçün sərf etmiş, lakin işləri alınmamışdır. Həmin dəsti iddiaçı üçün qonşusundan almışdır. Məhkəmənin hazırlıq iclasına iddiaçının mənzildən öz xoşuna getməsi ilə şahid gətirəcəyini bildirsə də xx.xx.2024-cü il tarixli iclasda şahidin gəlmədiyini və gəlməyəcəyini bildirdi.
8. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə dəqiqləşdirməni nəzərdə keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3187/2024 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər İddiaçı, X3 və X1 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki, dalan 14, 2 nömrəli evin, 6 nömrəli mənzilinə dair istifadə hüquqları olmayan hesab edilməsi və mənzilin cavabdehlərə məxsus əşyaların götürülməklə boşaldılması qət edilmişdir.
10. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3302 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, internet saytlarında, bazarlarda, zərgərlik məmulatlarının satışı mağazalarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, mülki iş materiallarında göstərilən zərgərlik məmulatları: - 1 qramının qiyməti 120 manat 1 cüt sırğadan, 1 ədəd üzükdən, 1 ədəd bilərzikdən, 1 ədəd klounlu sepdən ibarət, 40 qram, İtaliya istehsalı olan 750 əyarlı qızıl dəstinin ümumi qiyməti (dəyəri) 4800 manat; - 1 qramının qiyməti 120 manat, 6 qram, İtaliya istehsalı olan 750 əyarlı 1 cüt sırğanın ümumi qiyməti (dəyəri) 720 manat; - 1 qramının qiyməti 90 manat, 3 qram, Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd alyans üzüyün ümumi qiyməti (dəyəri) 270 manat; - 1 qramının qiyməti 90 manat, çəkisi 4 qram, Türkiyə istehsalı olan 585 əyarlı 1 ədəd üzüyün ümumi qiyməti (dəyəri) 360 manatdır.
12. Beləliklə, mülki iş materialında göstərilən 04 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6150,00 manat müəyyən olunur.
13. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmişdir. Belə ki, qızıl sikkələr istehsal ilindən, əyyarından kütləsindən, qulplu və ya qulpsuz olmasından asılı olaraq müxtəlif qiymətlərə olur.
14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekpsertiza təqdiqatının dəyəri 60 (altmış) manat təşkil edir.
15. Sorğu vasitəsilə məhkəməyə daxil olmuş: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 0355/GL nömrəli cavab məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında (Sizin Lombard) xx.xx.2024-cü il tarixli, MQxxxxxxx-101625 nömrəli Lombard kredit müqaviləsi bağlanmış və özünə məxsus olan qızıl əşyalarını lombard girovuna qoymuşdur. Müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. - Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış: - xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, tam mülkiyyət hüququ üzrə ona məxsus olan qızıl-zinət əşyalarını girov qoyaraq, şəxsi istehlak məqsədilə 20 ay müddətinə, 2760 (iki min yeddi yüz altmış) manat məbləğində lombard krediti verilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MQxxxxxxx-101625 nömrəli kredit müqaviləsinə əsasən ona verilmiş 2760 (iki min yeddi yüz altmış) manat məbləğində kreditin ödəniş cədvəlinə əsasən 5 (beş) iş günü müddətinə ödənişi gecikdirdiyi halda kreditin təminatı kimi ona məxsus olan xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktına əsasən 901 USD məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyə müraciət edilmədən satılaraq borcunun əvəzinə yönəldilməsinə razıdır. - "xxxx" ASC (borcverən-girov saxlayan) ilə Cavabdeh (borclu-girov qoyan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MQxxxxxxx-101625 nömrəli kredit və girov müqaviləsindən görünür ki, borcverən-girov saxlayan borcverən-girov saxlayana 20 ay müddətinə, illik 45% dərəcəsi ilə 2760 manat kredit verir, borclu-girov qoyan isə bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi daşınar əmlakını girov qoymaqla, krediti qaytarmaq öhdəliyi götürür. - "xxxx" ASC (borcverən-girov saxlayan) ilə Cavabdeh (borclu-girov qoyan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MQxxxxxxx-101625 nömrəli kredit və girov müqaviləsinə Əlavə №1-dən (qiymətləndirmə və təhvil-təslim aktından) görünür ki, likvid qiyməti 226.2 USD ümumi çəkisi 8.7 qram olan 1 ədəd 750 əyarlı “boyunbağı-kulon”, likvid qiyməti 322.4 USD ümumi çəkisi 12.4 qram olan 1 ədəd 750 əyarlı “komplekt”, likvid qiyməti 58.8 USD ümumi çəkisi 2.8 qram olan 1 ədəd 585 əyarlı “sırğa”, likvid qiyməti 54.6 USD ümumi çəkisi 2.6 qram olan 1 ədəd 585 əyarlı “üzük” və likvid qiyməti 239.2 USD ümumi çəkisi 9.2 qram olan 1 ədəd 750 əyarlı “qolbaq” olmaqla, ümumi dəyəri 901 USD (doqquz bir dollar 00 sent) məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları girov qoyulmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi: 16.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaq, aliment, qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1333/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə “qızıl-zinyət əşyalarının qaytarılması və s.” tələbinin ümumi tələblərdən ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
17. İddiaçı hazırda ona hədiyyə edilmiş 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət İtaliya istehsalı olan 750 əyarlı, 40 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat olan komplekt, İtaliya istehsalı olan 750 əyarlı, 6 qram, 720 (yeddi yüz iyirmi) manat dəyərində 1 (bir) cüt sırğa, Türkiyə istehsalı olan 585 əyarlı, 3 qram, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd alyans üzük, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qram, 360 (üç yüz altmış) manat dəyərində 1 (bir) ədəd üzük olmaqla, cəmi 6150 (altı min yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarının qaytarılmasını, qaytarılması mümkün olmadıqda, dəyərinin - 6150 (altı min yüz əlli) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsini xahiş edir.
18. Məhkəmə iddia tələbinin İtaliya istehsalı olan, 750 əyarlı, 6 qram, 720 manat dəyərində bir cüt sırğanın və Türkiyə istehsalı olan 585 əyarlı, 3 qram, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd alyans üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin sırğanın və üzüyün mövcudiyyəti barədə məhkəməyə heç bir sübut (şəkil, video və s.) təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasında həmin sırğanın şəklinin olmadığını ifadə etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi sırğanı və üzüyü görmədiyini bildirmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İtaliya istehsalı olan, 750 əyarlı, 6 qram, 720 manat dəyərində bir cüt sırğanın və Türkiyə istehsalı olan 585 əyarlı, 3 qram, 270 (iki yüz yetmiş) manat dəyərində 1 (bir) ədəd alyans üzüyün mövcud olmasını və iddiaçıya məxsus olmasını sübut edə bilmədiyi üçün iddia tələbi həmin hissədə rədd edilməlidir.
20. Məhkəmə iclasındakı tərəflərin izahatlarından aydın olur ki, iddiaçı evin qapısını açmadığına və iddiaçının işləməsinə görə tərəflər arasında mübahisə yaranmış, iddiaçı həmin evdə yaşayacağını və iş tapıb işləyəcəyini bildirmişdir. Eyni zamanda iddiaçı cavabdehə onun (cavabdehin) və valideynlərinin bu evə gəlməməsini bildirmiş, bundan sonra cavabdeh iddiaçını evdən çıxartmışdır. Yəni, tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçı evdən rahat şəkildə çıxmamış, gecə saatlarında (saat 23:00-24:00) mübahisəli şəkildə çıxarılmışdır. Cavabdeh ilə iddiaçı yaxın qohum olduqları üçün (xala oğlu, xala qızı) qızıllara görə cavabdeh barədə polisə müraciət etməmişdir.
21. Məhkəmə iddia tələbinin Türkiyə istehsalı olan 585 əyarlı, 4 qram, 360 (üç yüz altmış) manat dəyərində 1 (bir) ədəd üzük hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillərdən (mülki işin 28-ci səhifəsində) göründüyü kimi, iddia edilən həmin üzük iddiaçının barmağındadır. Məhkəmə prosesində iddiaçı sol əlinin 3-cü barmağında olan üzüyün (mülki iş materiallarının 28-ci səhifəsində) həmin üzük olduğunu və dayısının ona hədiyyə aldığını, gecə vaxtı evdən çıxarılarkən tələsik çıxdığı üçün qızılların evdə qaldığını, digər barmağında olan üzüyün isə onun (iddiaçının) özündə olduğunu bildirmişdir. Yəni, iddiaçı tərəfindən həmin üzüyün mövcudluğu və iddiaçıya məxsus olduğu sübut edilmişdir. Cavabdeh isə məhkəmə iclasında onda qızıl olmadığını nə varsa iddiaçının özündə olduğunu bildirmiş və müvafiq üzüyün əyarına və ya 4 qram olmasına münasibətdə etirazını ifadə etməmişdir.
22. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan, onlar tərəfindən həqiqiliyi təsdiqlənən mesajlardan görünür ki, iddiaçı qızılların (Şirvan dayının aldığı üzüyün) ona qaytarılmasını yazdıqda cavabdeh “heçnə vermədiyini, cehizlərini, şkafı gəlib götürməsini” yazmışdır. İddiaçının “qızıllarımı gətir ver” ifadəsinə qarşılıq “sən almısan?”, “sənə bir çöp də verən deyiləm”, ”pulunu mən verib almışam, götür cer-cehizini redd ol çıx get” ifadəsini yazmışdır. Yəni, cavabdeh tərəfindən onda qızıl olduğu inkar edilməmiş, əksinə “məhkəmə qərar verər, verərəm” yazılmışdır.
23. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin Türkiyə istehsalı olan 585 əyarlı, 4 qram, 360 (üç yüz altmış) manat dəyərində 1 (bir) ədəd üzük hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının üzüyün mövcudluğunu və ona məxsus olduğunu sübut etməsini, iddiaçının evdən gecə saatlarında, mübahisəli şəkildə tələsik çıxmasını, evdən həmin vəziyyətdə çıxarkən əşyaları götürməyi unutmağın kifayət qədər ağlabatan olduğunu, tərəflər arasında olan yazışmalarda cavabdehin onda qızıl olduğunu inkar etməməsini nəzərə alaraq iddia bu hissədə təmin olunmalıdır.
24. Məhkəmə iddia tələbinin 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət İtaliya istehsalı olan 750 əyarlı, 40 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat olan komplekt hissəsinə münasibətdə qeyd edir ki, həmin dəstin mövcudluğu və iddiaçıya məxsus olması tərəflərin mübahisələndirmədiyi hallardır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirir ki, 2021-ci ildə biznes qurmaq istəyirdi. Bu məqsədlə iddiaçı həmin qızıl dəstini satması üçün ona vermişdir. O da həmin dəsti satıb, hələ tərəflər arasında münasibət korlanmayan vaxt biznes qurmağa çalışmış və iflas etmişdir. İddiaçı isə deyilənlərin həqiqət olmadığını bildirmişdir. Cavabdeh həmin dəsti satdığı, nə vaxt satdığı, həmçinin, kimə satdığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən həmin dəsti 2021-ci ildə satıdığı və həmin pula “Kontank Home”dan iddiaçı üçün telefon aldığını bildirmiş və qızıl dəstini satdığı barədə Məhkəməyə "xxxx" ASC tərəfindən möhürlənmiş xx.xx.2024-cü il tarixli akt təqdim etmişdir. Lakin, həmin aktdakı girov qoyulan qızılların mübahisənin predmeti olan qızıl dəsti ilə üst-üstə düşməsi cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, Məhkəmə tərəfindən göndərilmiş sorğuya "xxxx" ASC tərəfindən göndərilmiş cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən girov qoyulan qızılların hansı qızıl olduğu müəyyən edilməmiş, həmçinin, qızılların xx.xx.2024-cü il tarixdə tərəflər faktiki ayrı yaşadığı və məhkəmədə hazırkı mübahisə davam edən vaxtda girov qoyulduğu müəyyən edilmişdir.
25. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qızıl dəstinin cavabdehə 2021-ci ildə verilməsi cavabdeh tərəfindən etiraf edilir. Cavabdeh həmin qızıl dəstini satdığını və ya onun sonrakı taleyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Cavabdeh müxtəlif iclaslarda birbirinə zidd olan izahatlar verərək, gah qızılı satıb biznes qurduğunu, gah qızılı satıb həmin pula iddiaçı üçün telefon aldığını bildirir. Eyni zamanda baxış iclasında məhkəməyə xx.xx.2024-cü il tarixdə girov qoyulmuş qızıllar barədə sübut təqdim edir.
26. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan qızıl dəsti cavabdehdə verilmişdir. Cavabdeh qızıl dəstinin ona verildiyini bildirdiyi an sübutetmə yükü cavabdehin üzərinə düşmüş olur. Lakin, cavabdeh qızıl dəstinin sonrakı taleyinin necə olduğunu sübut edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Formal mülahizələrlə və inandırıcı olmayan ifadələrlə məhkəmədə izahat vermişdir. Eyni zamanda, iddiaçı qızıl dəstinin neçə qram olduğu barədə əsaslı dəlilləri məhkəməyə təqdim etməmiş, cavabdeh isə təxminən 22-25 qram olduğunu etiraf etmişdir.
27. Məhkəmə iddia tələbinin 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət İtaliya istehsalı olan 750 əyarlı, 40 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat olan komplekt hissəsinə münasibətdə hesab edir ki, cavabdehin həmin qızıl dəstinin ona verildiyini etiraf etməsi, dəstin 40 qram olmadığını, təxminən 22-25 qram olduğunu etiraf etməsini, qızıllar ona verildikdən sonra qızılın sonrakı taleyi barədə əsaslı sübut təqdim etməməsini, eyni zamanda bu barədə formal və ziddiyyətli ifadələr verməsini nəzərə alaraq iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan fotoşəkillərdən qızıl-zinət əşyasının ümumi çəkisi müəyyən etmək qeyri-mümkündür. Cavabdeh isə bildirir ki, həmin qızıl-zinət əşyasını özü almışdır və əşyanın real çəkisi 22-25 qram təşkil etmişdir. Həmin əşyanın dəyərinə münasibətdə isə məhkəmə iş materiallarında olan ekspert rəyini əsas götürməyi məqsədə uyğun hesab edir. Belə ki, həmin rəyə əsasən qızılın qramı real bazar dəyərinə uyğun olaraq 120 manatdan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində göstərilən birinci əşya (komplekt) 25 qram çəkidə, 750 əyarlı, 3000 manat (25x120) dəyərində 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 ədəd klon sep (komplekti) dəsti hesab edilməlidir. Məhkəmə iddia tələbini ümumilikdə nəzərə alaraq qeyd edir ki, İtaliya istehsalı olan 750 əyarlı üzük, 1 cüt sırğa, qolbaq və klonlu boyunbağıdan ibarət 25 qramlıq 1 dəstin, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qramlıq 1 üzüyün alınaraq İddiaçı naturada qaytarılması mümkün olmadıqda onların dəyərinə müvafiq pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
28. Əşyalar cavabdehin qanunsuz sahibliyində olan zaman cavabdehin əşyaları satması, girov qoyması və s. halları nəzərə alınmaqla, əgər həmin əşyaların qaytarılması mümkün deyilsə, həmin əşyaların pul məbləği ilə ölçülən dəyəri iddiaçıya qaytarılmalıdır. Məhkəmənin həmin əşyaların dəyərini müəyyən etmək imkanı olmadığı üçün ekspertiza rəyini mötəbər hesab edir və müvafiq ekspertiza rəyinə əsaslanmaqla əşyaların dəyərinin müəyyən edilməsini ədalətli hesab edir.
29. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3302 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 ədəd klonlu sepdən ibarət İtaliya istehsalı olan 750 əyarlı, 25 qram, olan komplektə münasibətdə 1 qramının qiyməti 120 manatdan, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qram, 1 (bir) ədəd üzüyə münasibətdə isə 1 qramının qiyməti 90 manatdan hesablanmalı və dəstin dəyəri olan 3.000 (üç min) manat, üzüyün dəyəri isə 360 (üç yüz altmış) manat hesab edilməlidir.
c) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-157.2-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
32. Vindikasiya iddiası (Vindicatio rei) - mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahibliyinin hüquqi əsası olmamalıdır.
33. Hazırkı iş üzrə iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir.
34. İddia tələbinin təmin olunan hissəsinə münasibətdə qeyd olunur ki, həmin əşyaların mülkiyyətçisinin iddiaçı olduğu, onun həmin əşyalar üzərindəki faktiki sahibliyindən məhrum olduğu və cavabdehin faktiki sahibliyində (hüquqi əsas olmadan) olduğu sübut olunur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə görə ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
37. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi).
39. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir;
40. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
41. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
42. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
43. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı üzük, 1 cüt sırğa, qolbaq və klonlu boyunbağıdan ibarət 25 qramlıq 1 dəst, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qramlıq 1 üzük alınaraq İddiaçı qaytarılmalı, dəstin və üzüyün naturada qaytarılması mümkün olmadıqda, dəstin dəyəri olan 3.000 (üç min) manat və üzüyün dəyəri olan 360 (üç yüz altmış) manat, cəmi 3.360 (üç min üç yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 60 (altmış) manat məbləğində pulun 33 (otuz üç) manat hissəsi Cavabdeh, qalan 27 (iyirmi yeddi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İtaliya istehsalı olan 750 əyarlı üzük, 1 cüt sırğa, qolbaq və klonlu boyunbağıdan ibarət 25 qramlıq 1 dəst, Türkiyə istehsalı olan 585 əyarlı, 4 qramlıq 1 üzük alınaraq İddiaçı qaytarılsın, dəstin və üzüyün naturada qaytarılması mümkün olmadıqda, dəstin dəyəri olan 3.000 (üç min) manat və üzüyün dəyəri olan 360 (üç yüz altmış) manat, cəmi 3.360 (üç min üç yüz altmış) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 60 (altmış) manat məbləğində pulun 33 (otuz üç) manat hissəsi Cavabdeh, qalan 27 (iyirmi yeddi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova