Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2181/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. İlk növbədə, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci və 3.1.3-cü maddələrinin tələbinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesində iştiraka dair təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar tərəfindən birgə iddiaçılar kimi verilmiş iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan iddiaçılar üzrə tələb bir iddia ərizəsində birləşdirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçılardan birinə münasibətdə məhkəmə tərəfindən tələb təmin, digərinə münasibətdə isə rədd olunacağı təqdirdə bu məhkəmə üçün qeyri-müəyyən bir hala gələcəkdir. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Göründüyü kimi, qanunvericilik cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan tələblərin irəli sürülməsini iddia ərizəsinin geri qaytarılmasının əsaslarından biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərinin bir-biri ilə əlaqəlilik meyarını müəyyən edərkən ilk növbədə iddia tələblərinin xarakteri əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar (hər bir iddiaçı mediasiya prosesində iştiraka dair sənədlə ayrı-ayrılıqda məhkəməyə müraciət etməli) aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.6-1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2181/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2181/2025
18.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver