Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2191/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X2 cavabdeh «xxxx» KB ASC-yə qarşı «ipoteka müqaviləsinin və kredit müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh «xxxx» KB ASC-yə qarşı «ipoteka müqaviləsinin və kredit müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh «xxxx» KB ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı, xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «xxxx» KB ASC-dən ayrıayrı vaxtlar olmaqla dəfələrlə kredit götürmüşdür və həmin kredit borclarını vaxtında banka ödəmişdir. Sonuncu dəfə onunla cavabdeh arasında xx xxxxx 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı və xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Bildirir ki, o, «xxxx» KB ASC-dən xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında 48 ay müddətinə, xx xxxxx 2018-ci il tarixədək, illik faiz dərəcəsi 19 % olmaqla, 191.000 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli ikinci müqavilə əsasında 12 ay müddətinə, xx xxxxxx 2016-cı il tarixədək, illik faiz dərəcəsi 18 % olmaqla, 50.000 ABŞ dolları götürmüşdür. xx xxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin müqabilində isə mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzili və Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzili «xxxx» KB ASC-yə ipoteka qoymuşdur. Onun mülkiyyətində olan ipoteka qoyulmuş Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzilinin qiyməti daha yüksək olmasına baxmayaraq onun hüquqi savadsızlığından istifadə edərək bank tərəfindən 71.000 manat və Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzili isə 140.000 manat qiymətləndirilmişdir. Qiymətləndirmə mütəxəssis tərəfindən aparılmadığından kor təbii ucuz qiymətə qiymətləndirilmişdir ki, bu da onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Onun hüquqi savadsızlığından istifadə edilməsi nəticəsində bank tərəfindən aldadılmışdır. Mülkiyyətində olan mənzillər heç bir mütəxəssis tərəfindən qiymətləndirilməmiş, bank özü istədiyi kimi qiymətləndirmə aparmışdır. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda da göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlakın qiymətində mübahisə varsa, ekspertiza keçirilməli və əmlak mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Mülkiyyətində olan əmlakların hər ikisinin dəyəri olduğu qiymətdən çox-çox aşağı hesablanmışdır. Bu fakt özü müqavilənin ləğv edilməsi üçün əsas olan faktlardan biridir. Əmlakların qiyməti banka sərf edən qiymətə hesablanmışdır. O, əvvəlcədən aldadılmışdır, bankın bir məqsədi olub ki, onun əmlakını ələ keçirsin. Bu faktlar özü göstərir ki, bankın niyyəti əvvəlcədən onu aldatmaq olmuşdur. O, müqavilələr üzrə aylıq kredit pulunu vaxtında müqavilədə göstərilən tarixdə hər ay ödəmişdir. Lakin ölkə ərazisində 2015-ci ilin fevral ayında birinci və 2015-ci ilin dekabr ayında isə ikinci devalvasiya baş vermişdir. Bu səbəbdən də, o, müqavilə üzrə aylıq ödənişləri ödəməkdə maddi cəhətdən çətinlik çəkmişdir və ödənişləri vaxtında, tam şəkildə ödəyə bilməmişdir. O, bir neçə dəfə bankda olaraq 2 dəfə olan devalvasiyanı nəzərə almalarını xahiş etmiş və heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh onu aldadaraq, krediti manatla verdiklərini bildirmiş, bütün əmlakları manatla qiymətləndirilmiş və ona kredit manatla verilmişdir. O, bankın əməkdaşlarına inanıb imza etmiş, müqaviləni oxumamış, müqavilə kiçik hərflərlə yazıldığından oxumaq da mümkün olmamışdır. Bu gün hamıya bəllidir ki, banklar vətəndaşları aldadır, müqavilədə ABŞ dolları göstərməklə vətəndaşlara manatla bağlandığını bildirirlər. O, sonradan bilmişdir ki, müqavilədə manat deyil, dollar göstərilmişdir. Bu da onun aldanmasına səbəb olmuşdur ki, o, bu vəziyyətdə bank tərəfindən aldadılmışdır. Belə olan halda, müqavilə ləğv edilməlidir. Ona görə ki, bankın qiymətləndirməsi ilə əmlakların qiyməti fərqlidir. Mənzillərin dəyəri yüksək olduğu halda, bank bilərəkdən hər iki əmlakı aşağı qiymətə qiymətləndirmişdir. Həmçinin banka da məlum olduğu kimi bütün dünyada tüğyan edən koronavirus (Covid- 19) pandemiyası iqtisadiyyatı iflic vəziyyətə gətirib çıxarmaqdadır. Bununla bağlı, ölkədə də sərt addımlar atılmış, karantin rejimi müəyyən edilmişdir. Tətbiq edilmiş karantin rejimi nəticəsində əsas gəlir yerləri olan ticarət sahələri fəaliyyətini tamamilə dayandırmışdır. Buna baxmayaraq, o, hər ay banka mütəmadi olaraq ödənişlər etməyə çalışır. Hesab edir ki, bütün dünyada tüğyan edən koronavirus (Covid-19) pandemiyası fors major haldır və bu hal «xxxx» KB ASC ilə aralarında olan müqavilədə göstərilən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə dəlalət edir. Belə ki, o, 1 il müddətində əsas gəlir yeri ticarət sahələrinin fəaliyyətinin tamamilə dayanacağını bilsə idi, və yaxud bu barədə az da olsa, ehtimallar üçün əsas olsa idi, onda cavabdeh bankla müqavilə bağlamazdı. Bütün bunlarla bağlı cavabdeh banka pretenziya göndərərək təkliflərini bildirmişdir. Lakin bank onun təklifi ilə razılaşmamışdır. Hesab edir ki, onunla cavabdeh bank arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı və xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Saatlı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(055)-04/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, «xxxx» KB ASC-nin X4 və X6 qarşı «kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, X1 xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 131.585,61 ABŞ dolları əsas kredit borcu, 14.209,51 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 145.895,12 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 23.387,19 ABŞ dolları əsas kredit borcu, 2.015,33 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 25.502,52 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair 60 manat məbləğində xidmət haqqının tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi; xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı əlavə kredit müqaviləsi üzrə tələb X2 «xxxx» KB ASC-yə ipoteka ilə yüklü etdiyi Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzilinin qiymətləndirilməsi, həmin mənzilin ilkin satış qiymətinin 71.000 manat müəyyən edilməsi, xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi üzrə tələb X2 «xxxx» KB ASC-yə ipoteka ilə yüklü etdiyi Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 140.000 manat qiymətləndirilməsi; həmin mənzillərin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzillərdən X2 və X5 çıxarılmaqla, boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi kredit və əlavə kredit müqavilələri üzrə məhkəmə mübahisəsi olmuş, iddiaçının həmin iş üzrə məhkəmə mübahisəsinə baxılarkən ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın (qiymətləndirmənin) təyin edilməsini xahiş etmək kimi imkanları olmuşdur. Qeyd edilən məsələ sonradan apellyasiya şikayətində də qeyd edilə bilərdi və s., yəni, iddiaçının mülki prosessual qanunvericiliyin verdiyi imkanlardan (vəsatətlər vermə və s.) istifadə etməsi üçün maneə olmamışdır. Həmçinin, devalvasiyanın onun ödəniş qabiliyyətinə təsirləri barədə qeyd etdiklərini də yuxarıda qeyd olunan mülki işə baxan məhkəmənin nəzərinə çatdırmaq, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək kimi imkanları mövcud olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hala (ipoteka predmetlərinin dəyərinin real dəyərindən az göstərilməsi ilə bağlı qeyd etdiklərinə) dair mötəbər sübutlar təqdim etməmişdir. Pandemiyanın isə ümumiyyətlə hazırkı iddia ərizəsində qeyd olunan tələblə bağlılığı yoxdur. Çünki, kredit müqaviləsi və əlavə kredit müqaviləsi bağlanarkən, həmin müqavilələr üzrə iddiaçının öhdəliklərinin icra edilməsi üçün son tarixlər pandemiya dövrünə düşmür, bundan xeyli öncələr iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, müqavilələrin şərtlərini yerinə yetirməli idi. Qeyd olunan hallardan heç biri müqavilələrin ləğv edilməsinə əsas vermir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X2 cavabdeh «xxxx» KB ASC-yə qarşı tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı və xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh «xxxx» KB ASC-yə qarşı tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində xx xxxxx 2014-cü il tarixli 20Y/14-1 saylı və xx xxxxxx 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2191/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2191/2021
15.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver