Məhkəmə qərarları › İş №2(006)-2204/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2204/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2204/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi ilə İddiaçı AAA oğlunun iştirakı ilə İddiaçı AAA oğlunun cavabdeh BBB-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh BBB-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA oğlu xx.xx.1966-cı il tarixdə Şirvan şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət etmişdir. İddiaçı yaralandığı üçün ehtiyata buraxılmışdır. Döyüşdə olarkən döyüş bölgələrində torpaqları qorumuş və döyüşdə iştirak etmişdir. İddiaçı döyüşə gedərkən komissiyalardan keçmiş və sağlam olmuşdur, lakin torpaqların müdafiəsi zamanı yaralanmışdır. Hazırda da 3-cü qrup müharibə əlili kimi təqaüd alır. Hərbi xidmətdə olarkən heç vaxt xidmətdə qüsurlara yol verməmişdir. Həmişə tapşırıqları yerinə yetirmişdir. Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur ki, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız olmağı qeyd olunur. İddiaçı hazırda həmin xəstəlikdən əziyyət çəkir. Yəni, iddiaçının sağlamlığı pozulub və sağlamlığının bir qismini itirmişdir. Bununla bağlı iddiaçı BBB-nə rəsmi müraciət etmək qərarına gəlmişdir. Belə ki, Hərbi Qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Hərbi Qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (BBB-). İddiaçının sağlamlığına ziyan dəymişdir və iddiaçı bu gün də bundan əziyyət çəkir, çünki sağlamlığına ziyan dəyib. İddiaçı hesab edir ki, onun əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 6600 manat məbləğində sığorta pulu verilməlidir. Göstərilənlərə əsasən hərbi qulluqçu kimi 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin cavabdeh BBB-ndən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1684 №-li qərarından görünür ki, AAA oğlunun yaralanma ilə bağlı diaqnozu – “Sol saidin iç səthinin odlu kor qəlpə yarası, dirsəyin kontrakturası”dır və hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, 708 №-li arayışından görünür ki, AAA oğlu xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Həmin hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərkən xx.xx.1994-cü il tarixində mərmi partlayışından xəsarət almışdır. xx.xx.1995-ci il tarixində hərbi hissə komandirinin N saylı əmri ilə şəxsi heyət siyahısından çıxarılmışdır. Hal-hazırda SHXÇDX-nin Şirvan şəhər şöbəsi üzrə Qarabağ müharibəsi əlillərinin qeydiyyatındadır. BBB-nin xx xxxxxx 2020-ci il tarixli, 256 №-li məktubundan görünür ki, AAA oğlu 1993-cü ildə hərbi xidmət zamanı xəsarət almış, bu hadisədən 27 il keçdikdən sonra isə əlillik dərəcəsi təyin edilmişdir. Əlillik dərəcəsi gec təyin edildiyindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, AAA oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixədək 3-cü dərəcəli əlillik təyin olunmuşdur. 031495 nömrəli, xx.xx.2019-cu il tarixli vəsiqənin surətlərindən görünür ki, AAA oğlu 3-cü qrup müharibə əlilidir. 048622 nömrəli, xx.xx.2001-ci il tarixli vəsiqənin surətlərindən görünür ki, AAA oğlu müharibə veteranıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin tələblərinə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: - hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş «dövlət sığorta orqanı»nın səlahiyyətlərini BBB- həyata keçirir. İş materiallarından da göründüyü kimi, iddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlər zamanı xəsarət almış və nəticədə ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından isə bu sığorta hadisəsi hesab edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı sığorta ödənişini tələb etməkdə haqlıdır və iddiaçının xeyrinə üçüncü dərəcəli əlilliyə uyğun olaraq cavabdehdən 11.000 manat sığorta məbləğinin 40%-i həddində, yəni 4400 manat məbləğində pul tutulmalı və ona görə də iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci, 9.4-cü və 8.1.2-ci maddələrini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, cavabdeh BBB-ndən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı AAA oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, cavabdeh BBB-ndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh BBB-ndən 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı AAA oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh BBB-ndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar