Məhkəmə qərarları › İş №2(006)-221/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-221/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-221/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağsu rayonu, Ülgüc kəndində yaşayır. İddiaçı 15 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə daşınmaz əmlakın icbari sığortası barədə müqavilə bağlayaraq, mülkiyyətində olan Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evini icbari sığorta etdirmişdir. Sığorta şirkəti tərəfindən iddiaçıya bu barədə BAN 891702 seriyalı, RDS********** nömrəli şəhadətnamə də verilmişdir. Həmin Şəhadətnaməyə əsasən iddiaçıya məxsus olan Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evi bir il müddətində, sığorta məbləği 15000 manat olmaqla icbari sığorta edilmişdir. Hamıya məlum olduğu kimi, 2019-cu ilin fevral ayının əvvəlində Ağsu rayonu da daxil olmaqla, Şamaxı və İsmayıllı rayonları ərazisində zəlzələ baş vermişdir. Həmin zəlzələ nəticəsində iddiaçıya məxsus olan yaşayış evinə zərər dəymişdir. İddiaçı hadisə barədə cavabdeh təşkilata məlumat verdikdən sonra Sığorta Şirkətinin Ağsu rayonundakı nümayəndəsi gəlib iddiaçının evinə baxış keçirdi və iddiaçıya bildirdi ki, nəticəsi barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan sonra sığorta şirkətindən xəbər çıxmadığı üçün iddiaçı bir neçə dəfə Sığorta Şirkətinin Ağsu rayonundakı nümayəndəsinin yanında oldu və hər dəfə də ona bildirildi ki, məsələ araşdırılır. Son nəticədə iddiaçıya bildirildi ki, ona sığorta ödənişi verilə bilməz. Bundan sonra iddiaçı bu barədə Şəhadətnamədə göstərildiyi kimi hüquqları pozulduğu üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etdi. Maliyyə Bazarlarına Nəzarət Palatası da 28.08.2019-cu il tarixli, ********** saylı məktubla iddiaçının müraciətinə cavab verərək göstərmişdir ki, sığorta şirkətinin məlumatına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərər sığortaçı tərəfindən hesablanmış və zərər məbləği azadolma məbləğini keçmədiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh təşkilatın imtinası əsassız və qanunsuzdur, imtina üçün göstərilmiş əsas həqiqəti əks etdirmir. Belə ki, baş vermiş zəlzələ nəticəsində iddiaçının əmlakına ciddi zərər dəymişdir. Hadisədən sonra Ağsu rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonu üzrə komissiyası tərəfindən də əmlaka baxış keçirilmiş və zəlzələ nəticəsində əmlaka zərər dəyməsi öz təsdiqini tapmışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Göstərilənlərə əsasən zəlzələ nəticəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi kimi 15000 (on beş min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Ağsu rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 08 aprel 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X2 miras qalmış Ağsu rayonu, Ülgüc kəndində 0,21 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, 86,1 kv.m ümumi, 42 kv.m yaşayış və 44 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evindən İddiaçı tam hissədə pay almışdır. İşin materiallarında olan sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı İddiaçı arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, BA № 891702 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti 15.11.2018-ci il tarixdən 14.11.2019-cu il tarixədək, sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 28.08.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, sığorta müqaviləsinin şərtlərinə əsasən azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş və baş vermiş sığorta hadisəsi nəticəsində Ağsu rayonu, Ülgüc kəndində yerləşən əmlaka dəymiş zərər sığortaçı tərəfindən hesablanmış və zərər məbləği azadolma məbləğini keçmədiyi üçün Mülki Məcəllənin 898.2-ci maddəsi nəzərə alınmaqla sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilmiş Ağsu rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 30.07.2019-cu il tarixli, 96 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, Ağsu rayonu, Ülgüc kəndində yerləşən evin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağsu rayonu üzrə komissiyası tərəfindən təmir olunması üçün növbəyə alınması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2577 saylı, 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağsu rayonu, Ülgüc kəndində yerləşən İddiaçı məxsus yaşayış evinə həmin ərazidə baş vermiş zəlzələ nəticəsində ziyan dəydiyi və yaşayış üçün yararsız vəziyyətə düşdüyü müəyyən edilir. Tədqiq olunan yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, kürsü divarlarının çatladığını, suvaq qatının bəzi yerlərdə qopub töküldüyünü, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyünü, taxtaların bir-birindən aralandığını, tavana vurulmuş DVP lövhələrin qopduğunu, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığını, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatlar əmələ gəldiyini, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığını nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsız olduğu və yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilir. Lakin həmin işlərin dəyəri, yerinə yetirilməli işlərə dair müvafiq təşkilatlar tərəfindən layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu rayonu, Ülgüc kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2019-cu ilin fevral ayında təbii fəlakət (zəlzələ) hadisəsi baş vermiş və nəticədə həmin yaşayış evi yararsız vəziyyətə düşmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı fərdi yaşayış evinə dəymiş zərərə görə 15.000 manat pulu tələb edir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, həmin evin faktiki vəziyyətdə yaşayış üçün yararsızdır və yaşayış evinin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsi zəruridir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Tərəflər arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, BA № 891702 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 15.000 manat, azadolma məbləği isə 150 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14850 manat (15000-150 azad olma məbləği= 14850 manat) sığorta ödənişinin əvəzi alınaraq İddiaçı ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar