Məhkəmə qərarları › İş №2(006)-2211/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2211/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2211/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun “d” bəndində nəzərdə tutulmuş 2750 manat məbləğində sığorta ödənişinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X2 2011-ci ildə Yasamal RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və N №-li hərbi hissəyə xidmət etmək üçün göndərilmişdir. N №-li hərbi hissədə xidmət edərkən döyüş tapşırığını yerinə yetirən zaman 01.04.20212-ci ildə yaralanmış və 02.04.2012-ci ildən 17.05.2012-ci ilə kimi N №-li hərbi hissədə (Gəncə hərbi hospitalında) müalicə olunmuşdur. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 09.01.2018-ci il tarixli, 266 №-li qərarı ilə aldığı travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması təsdiqlənmişdir. Lakin ona indiyədək yaralandığına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununda nəzərdə tutulmuş 2750 manat məbləğində sığorta ödənişi verilməmişdir. Hərbi xidmət dövrü aldığı xəsarətə görə 2750 manat sığorta ödənişinin ona ödənilməsi xahişi ilə o, 04.06.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. X1 ödənilməsi üçün göstəriş verilməsini xahiş edir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, Azərbaycan Respublikasının 03.12.2021-ci il tarixli, 418-VİQD nömrəli Qanunu ilə “Hərbi Qulluqçuların İcbari Dövlət Şəxsi Sığortası haqqında” AR Qanununun 5-ci maddəsinə yeni məzmunda 3-cü abzas əlavə olunmuşdur. (az ağır xəsarətə görə sığorta məbləğinin 15% miqdarında sığorta ödənişinin verilməsi haqqında). O, bununla əlaqədar hazırkı ərizəsilə iddia tələbinə dəqiqləşmə verərək hərbi xidmət dövrü aldığı xəsarətə (yaralanmaya görə) 1650 manat məbləğində sığorta ödənişinin cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 manat sığorta ödənişinin tutulması ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmir və hesab edir ki, əsassızdır və rədd edilməlidir. Belə ki, dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18.05.2021 -ci il tarixli, 1340 nömrəli Fərman (bundan sonra - Fərman) qəbul edilmişdir. Fərmanın 1 -ci bəndinə görə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi-xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanın 2.1 -ci bəndinə görə, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsim, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) həyata keçirir. Fərmanın 2.7-ci bəndinə əsasən, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir. Fərmanın 4-cü bəndinə əsasən, bu Fərmanın 1 -ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar Nazirliyin və Şirkətin müvafiq sənədlərin və məlumatların 2021 -ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etmələri müəyyən olunmuşdur. Məlumat üçün bildirir ki, baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət edən sığorta olunanlara Şirkət tərəfindən 31.12.2021 -ci il tarixinədək sığorta ödənişlərinin verilməsi qanunvericiliyin qayda və şərtlərinə uyğun olaraq həyata keçirilmişdir. Lakin Fərman, habelə müvafiq sahədə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə sığorta olunma müddətindən asılı olmayaraq sığortaolunanlara, o cümlədən hərbi qulluqçulara sığorta ödənişinin həyata keçirilməsi üzrə Şirkətin səlahiyyətləri qeyd olunan tarixdən Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən 01.01.2022-ci il tarixindən etibarən hərbi qulluqçulara Şirkət tərəfindən sığorta ödənişlərinin verilməsi tam dayandırılmışdır və hazırda Şirkətə sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət edən hərbi qulluqçuların, o cümlədən keçmiş hərbi qulluqçuların müraciətləri aidiyyəti üzrə Nazirliyə göndərilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2021 -ci il tarixli Fərmanına əsasən, şəhid olmuş şəxslərin vərəsələrinə, müharibə ilə əlaqədar xəsarət almış və əlillik təyin olunmuş şəxslərə dövlət icbari şəxsi sığorta üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu 01 yanvar 2022-ci il tarixdən etibarən Şirkətdən alınaraq Nazirliyə verilmişdir. Bu Fərmanda da Vətən müharibəsi iştirakçılarına dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi üçün sənəd qəbulunun Şirkət tərəfindən deyil, məhz Nazirlik tərəfindən aparılmasının ehtiva olunması həmin tarixdən vgiıamin şəxslərə münasibətdə sığorta ödənişləri ilə bağlı səlahiyyətlərin Nazirliyə aid olduğunu göstərir. Buna görə də nəzərə çatdırmaq istəyir ki, qanunvericiliyə əsasən, Şirkətin iş üzrə iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi olmadığından iddianın hər hansı hüquqi əsası mövcud deyildir. Yuxarıda qeyd olunanlara və Fərmanın müvafiq bəndlərinə əsaslanaraq, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.05.2021-ci il tarixli Fərmanına əsasən dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu həyata keçirir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 14-cü maddəsinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaranmış mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Hazırki iddia tələbindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki öhdəliyin qoyulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci- maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçı və cavabdeh arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan və beləliklə də bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, tələblə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar