Məhkəmə qərarları › İş №2(006)-2227/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2227/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2227/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 24 may 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birgə nikahdan doğulmuş 10 iyun 2010-cu il təvəllüdlü X1 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 30 noyabr 2008-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş və onların birgə nikahından 10 iyun 2010-cu il təvəllüdlü X4 və 08 sentyabr 2013cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli, 2(005)-1104/2011 saylı qətnaməsi ilə onların arasındakı nikahın pozulması, birgə nikahdan olun uşaqlarının onun yanında qalması qət edilmişdir. Nikah pozulduqdan sonra o, uşaqları təkbaşına böyüdür. Cavabdeh bugünədək azyaşlı uşaqların saxlanılması üçün aliment və ya hər hansı maddi yardım etməmişdir. Hazırkı vaxtda uşaqların xərcləri artdığı üçün uşaqlarının maddi tələbatlarının ödəməkdə çətinlik çəkir. Məlumdur ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat təşkil edir. Uşaqların maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 10 iyun 2010-cu il təvəllüdlü X1 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməyərək, izahatında göstərdi ki, onun İddiaçı ilə birgə nikahından 10 iyun 2010-cu il təvəllüdlü X4 və 08 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli, 2(005)-1104/2011 saylı qətnaməsi ilə onların arasındakı nikahın pozulması, birgə nikahdan olan uşaqlarının analarının yanında saxlanılması qət edilmişdir. O, uşaqlarının maddi tələbatlarını ödəməkdən yayınmır, odur ki uşaqlar üçün yaşayış minimumu məbləğində aliment ödəməyə razıdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 10 iyun 2010-cu il təvəllüdlü X4 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 08 sentyabr 2013-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli, 2(005)-1104/2011 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Məmmədli (İsmayılova) Nurlana Novruz qızı arasında 30 noyabr 2011-ci il tarixdə Bakı Nikah Evində 4093 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 10 iyun 2010-cu il təvəllüdlü X1 anası Məmmədli (İsmayılova) Nurlana Novruz qızının yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması barədə şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah pozulmuş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 07 sentyabr 2011-ci il tarixdə, 226 saylı nömrə ilə qeydiyyat aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına İsmayılova soyadı verilmişidir. İş materiallarına əlavə edilmiş Bakı 03 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00119 saylı “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər mediyasiya prosesini davam etdirmək barədə razılığa gəlməmişlər. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, mövcud qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və iddiaçının alimenti sabit pul məbləğində tələb etməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 10 iyun 2010-cu il təvəllüdlü X1 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 mart 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 10 iyun 2010-cu il təvəllüdlü X1 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti və 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Alimentin tutulma müddəti 15 mart 2024-cü il tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar