Məhkəmə qərarları › İş №2(006)-2244/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2244/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2244/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh X9 qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(006)-2571/2012 saylı qətnaməsi ilə X7 Qiyasov Faiq Mirağa oğluna qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşaq X3 anasının yanında qalması və xx xxx 2012-ci il tarixdən başlayaraq hər ay alimentin Qiyasov Faiq Mirağa oğlunun qazancının və başqa gəlirlərinin ¼ hissəsi və 50 manat sabit pul məbləğində tutularaq X10 verilməsi qət edilmişdir. Artıq 10 ilə yaxındır ki, iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi və 50 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilir. 2012-ci ildə iddiaçıdan aliment tutularkən qazancının və başqa gəlirlərinin ¼ hissəsindən əlavə 50 manat da sabit pul məbləğində aliment tutulmuşdur. Həmin vaxt iddiaçının aylıq qazancı nisbətən az olduğu üçün iddiaçı qətnamə ilə razılaşaraq yuxarı instansiya məhkəməsinə müraciət etmədi və qeyd olunan məbləği ödəmək çətin olsa da, hər ay vaxtlıvaxtında alimenti ödəmişdir. Lakin sonradan iddiaçı xx xxx 2014-cü il tarixdə yenidən ikinci dəfə nikaha daxil oldu. 2015-ci ildə iddiaçının yeni nikahdan X13 adında bir oğlu dünyaya gəldi. Artıq iddiaçının (aliment çıxıldıqdan sonra) yerdə qalan aylıq qazancı ailəni dolandırmağa kifayət etmədi və iddiaçının maddi vəziyyətində dəyişikliklər və çətinliklər yaranmağa başladı. Hazırda iddiaçının həyat yoldaşı ikinci uşağa 13 həftəlik hamilədir və Sumqayıt şəhəri, 2 nömrəli doğum evinin nəzdində olan 3 saylı qadın məsləhətxanasında hamiləliyə görə qeydiyyatdadır. Cavabdeh özü xx xxxx 2014-cü il tarixdən Milli Onkologiya Mərkəzində sitostatik dərmanların istifadəyə hazırlanması kabinetində tibb bacısı vəzifəsində işləyir və onun aylıq əmək haqqı rəsmi arayışa görə 338 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi müfəttişi vəzifəsində işləyir və aylıq əmək haqqı 580 manat təşkil edir. İddiaçının aldığı məvacib onun aylıq təminatına çatmır. Ailəni maddi cəhətdən dolandıra bilmir. Ona görə də X1 üçün iddiaçıdan tutulan alimentin həcmi ədalətli qaydada azaldılmalıdır. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(006)-2571/2012 saylı qətnaməsi ilə X1 üçün iddiaçının hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi və 50 manat sabit pul məbləğində tutulan alimentin həcmini azaldaraq iddiaçıdan hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun qeydiyyatda olduğu ünvanda olmaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-2571/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X16 arasında olan xx xxxxxxxx 2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabında 1514 saylı qeyd edilmiş nikahın pozulması, xx xxxx 2011-ci il təvəllüdlü X4 anası X7 yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx xxx 2012-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi və 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X10 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ № 956353 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 744 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qiyasova soyadı verilmişdir. İşin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 609896 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası X6r. İşin materiallarında olan Sumqayıt Şəhər 2 nömrəli Doğum Evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 766 saylı məktuba əsasən 1990-cı il təvəllüdlü X11 2 nömrəli doğum evinin nəzdində olan 3 saylı qadın məsləhətxanasında hamiləliyə görə qeydiyyatdadır. İşin materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Quliyeva (Qiyasova) Arzu Yaşar qızı xx.xx.2014-cü il tarixdən sitostatik dərmanların istifadəyə hazırlanması kabinetində tibb bacısı işləyir, aylıq əmək haqqı məbləği 338 manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, birinci dərəcəli müfəttiş İddiaçı xx xxxxx 2011-ci il tarixdən dövlət vergi orqanlarında xidmət edir və hal-hazırda 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləyir. Aylıq əmək haqqı 580 manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından xx xxxx 2011-ci il təvəllüdlü X12 anadan olmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-2571/2012 saylı qətnaməsi ilə İddiaçı ilə X16 arasında olan xx xxxxxxxx 2010-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2010-cu tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabında 1514 saylı qeyd edilmiş nikahın pozulması, xx xxxx 2011-ci il təvəllüdlü X4 anası X7 yanında qalmasının müəyyən edilməsi, İddiaçı xx xxx 2012-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi və 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X10 verilməsi qət edilmişdir. Bundan əlavə, iddiaçının daimi iş yeri vardır. Eyni zamanda, iddiaçının başqa nikahdan övladı - xx xxxxxx 2015-ci il təvəllüdlü X13 anadan olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının başqa nikahdan övladı olduğu, habelə daimi iş yeri olduğu üçün cavabdehə ödədiyi alimentin miqdarı qismən azaldılmalıdır. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə— valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, hazırki halda iddiaçının başqa nikahdan övladı vardır, habelə iddiaçının daimi iş yeri vardır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Məhkəmə hesab edir ki, İddiaçı ikinci nikahdan övladının olması ödədiyi alimentin 100 manatdək azaldılmasına səbəb ola bilməz. Belə ki, alimentin məbləğinin azaldılması uşağın təminat səviyyəsinin maksimal saxlanılmasına mənfi təsir göstərəcəkdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəflərin birgə nikahından xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq X9 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəflərin birgə nikahından xx xxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda aliment tutularaq X9 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar