Məhkəmə qərarları › İş №2(006)-225/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-225/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-225/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (“Azad İstehlakçılar” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta kompensasiyası və digər ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (“Azad İstehlakçılar” İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta kompensasiyası və digər ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə 5000 (beş min) manat sığorta ödənişi məbləğinin, 5.000 (beş min) manat əldən çıxmış fayda məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 450 manat məbləğində dəbbə pulunun (5000 manat sığorta ödənişi * 90 gün *0.1 % dəbbə = 450), 110 manat vəkil xərcləri məbləğinin, 5000 (beş min) manat mənəvi zərər məbləğinin, ümumilikdə 15560 (on beş min beş yüz altmış) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə X18 arasmda bağlanmış müqavilə əsasında Mercedes Benz E240 markalı, ** TX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə təminat almışdır. xx.xx.2019-cu il tarixdə X18 həmin nəqliyyat vasitəsi ilə, hüquqlarını aralaında bağlanmış müqavilə və etibarnamə əs asmda müdafiə etdiyim İddiaçı Adil oğlunun idarə etdiyi BMW5251 markalı, ** KX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bir neçə dəfə “xxxx” ASC-yə sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsindən ötrü rəsmi qaydada yazılı şəkildə müraciət etmələrinə baxmayaraq, sonuncu tərəfindən rəsmi qaydada imtina edilmiş və bəzi müraciətlərinə ümumiyyətlə cavab verilməmişdir. xx.xx.2019-cu il tarixdə xxxx ASC tərəfindən cavablandırılmış məktubda, “xxxx” ASC tərəfindən təklif olunan ’’Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla qiymətləndirmə fəaliyyəti ilə məşğul olan X6 müstəqil ekspert kimi qiymətləndirilməsi ilə razı olub olmaması barədə “xxxx” ASC-yə məlumat verək, cavab olaraq həmin şəxsin müstəqil ekspert kimi dəyərləndirilməsindən və iştrakından peşəkarlıq səviyyəsi müvəkkilini qane etmədiyi və nə əsasında bu qiymətləndirməni apardığını ona izah edə bilmədiyi üçün narazı olmasını, odur ki, sığorta fəaliyyəti haqqında qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş BMW markalı avtomobillərin təmiri üzrə ixtisaslaşan digər müstəqil ekspertlərin təklif olunmasını “xxxx” ASC-dən xahiş etmişlər. Qarşı tərəf olaraq onlar BMW markalı avtomobillərin təmiri üzrə ixtisaslaşan “İMPROTEX” şirkətini, həmçinin maliyyə bazarlarına nəzarət palatasında reysterdən keçmiş X14, X19, X20, SalmanovBahadur Süleymanoviç, X7, X8, X11, X28, X21, X16, X3 xxxx ASC-yə təklif etmişlər. xx xxxxxx 2019-cu ildən təkliflərinə heç bir cavab gəlməmişdir. Həmçinin “xxxx” MMC, Əhməd Talıblı şablon olaraq hər dəfə bu 2 şəxsin müştərisinə təklif olunması, xxxx ASC ilə həmin şəxslər arasında qeyri-rəsmi razlışma olması, qərəzli olaraq onların dəymiş ziyanı qeyri-obyektiv qiymətləndirməsinə səbəb olur. Lakin bunlara baxmayaraq, “xxxx” ASC zərərçəkmişlə ədalətli rəftar etməmiş, sığorta hadisəsi ilə bağlı zərərini vaxtında və ədalətli qiymətləndirməmiş, sığorta tələbi üzrə sığorta ödənişinin mümkün olan ən tez müddət ərzində ödəməmişdir. Şərh olunanları nəzərə alaraq, cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə 5000 (beş min) manat sığorta ödənişi məbləğinin, 5.000 (beş min) manat əldən çıxmış fayda məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 450 manat məbləğində dəbbə pulunun (5000 manat sığorta ödənişi * 90 gün *0.1 % dəbbə = 450), 110 manat vəkil xərcləri məbləğinin, 5000 (beş min) manat mənəvi zərər məbləğinin, ümumilikdə 15560 (on beş min beş yüz altmış) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya etiraz edərək izahatında bildirmişdir ki, “xxxx” ASC ilə X18 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E240” markalı, **-TX- *** D.Q.N-lı avtomobil sığorta olunaraq avtonəqliyyat vəasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətə ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixdə qəzaya uğradığını və nəticədə “BMW 5251” markalı, ** KX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. “xxxx” ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib edilməklə dəymiş ziyan 1370,00 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-dən 5.000 manat sığorta ödənişinin, 5.000 manat əldən çıxmış fayda məbləğinin, 450 manat dəbbə pulunun, 110 manat vəkil xərcinin və 5.000 manat mənəvi zərərin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh “xxxx” ASC və qeyrilərinə qarşı qeyd olunaniddia ərizəsində göstərilən xüsusatlarla bağlı bildirmək istəyir ki, iddiaşə İddiaçı cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən “xxxx” ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib edilməklə dəymiş ziyan 1370,00 manat məbləğində müəyyən edilmişdir. Daha sonra cəmiyyət tərəfindən İddiaçı ünvanına xx.xx.20019-cu il tarixli, AS-19/3195 saylı məktub göndərilərək “BMW 5251” markalı, ** KX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin əməkdaşları tərəfindən müəyyən olunmuş təmir müəssisəsində təmir olunaraq təhvil verilə biləcəyi və ya avtomobilin təmir olunması üçün müəyyən edilmiş 1370 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində ödənilə biləcəyi barədə məlumatlandırılmış, həmçinin tərəflərindən məbləğlə razı olmadığ halda avtomobilə dəymiş zərərin xx.xx.2016-cı il tarixdə müstəqil ekspert kimi “Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrnə daxil edilmiş və müstəqil ekspert kimi fəaliyyət göstərən X13 tərəfindən qiymətləndirilməsi ilə razı olub-olmaması, razı olmadığı təqdirdə “Sığıorrta fəaliyyəti haqqında” AR qanu nunun 10.10-cu maddəsinin tələblərinə uyğun olmaqla tərəfindən təklif edilən müstəqiıl ekspert barədə cəmiyyətə malumat verməsi xahiş edilmişdir. Bildirilər ki, İddiaçı tərəflərindən müəyyən edilmiş məbləğlə razı olmadığı üçün müstəqil ekspert kimi fəaliyyət göstərən X13 tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və qüsur aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 1325 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətin ödəniş etmək öhdəliyi yaranmadığından mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə ilə bağlı 1325 manat sığorta ödənişinin verilməsi haqqında qəraraları qanuni və əsaslı olduğu üçün İddiaçı “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddiasının 1325 manat hisssədə təmin olunmasını, qalan hissədə rədd olunmasını xahiş edirlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “BMW 5251” markalı, ** KX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1325 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/230 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW 5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1325,00 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin 100/E saylı, xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “BMW 5251” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği və təmirə çəkiləcək xərc 4900.00 (dörd min doqquz yüz) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2801 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW 5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1655,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW 5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1745,0 manat müəyyən edilir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx.xx.2019-cu il tarixində yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “BMW 5251” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinən X18 ilə “xxxx” ASC arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E240” markalı, **-TX-*** D.Q.N-lı avtomobil sığorta olunaraq avtonəqliyyat vəasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “BMW 5251” markalı, ** KX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin təmiri üçün İddiaçı 1325 manat təklif olunmuş, lakin iddiaçı cavabdeh tərəfindən hesablanmış məbləğ ilə razı olmayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2801 nömrəli eskpert rəyinə əsasən, müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlar əsasında avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW 5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1655,0 manat, “xxxx” tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatındakı məlumatlar əsasında isə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “BMW 5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 1745,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə İddiaçı Adil oğlunun idarə etdiyi “BMW5251” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1745 manat məbləğdə müəyyən edilmisini daha ağlabatan sayaraq qeyd edir ki, iddia “maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, cavabdehdən İddiaçı xeyrinə sığorta ödənişi qismində 1745 manat məbləğində pul tutulmalıdır. Belə ki, avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə iddianın cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlamaqla ondan faydalandığı üçün 5000 manatın tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X27 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh “xxxx” ASC-nin qanunsuz hərəkətləri (məhkəməyə müraciət etmək məcbur olduğu üçün) nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirmir və hesab edir ki, mənəvi zərər üzrə iddia tələbinin tələb olunan məbləğdə deyil, 100 manat məbləğində təmin olunması daha ədalətli və ağlabatandır. GSU seriyalı, 316120 nömrəli, oktyabr 2019-cu il tarixli mədaxil qəbzinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Nəsimi Rayon Məhkəməsində təmsil edilməsi üçün vəkil X2 110 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün 11 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 110 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin 13%-i təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumunun məbləği və məhkəmə ekspertizalarının tədqiqat dəyəri də həmin nisbətdə tərəflərə aid edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi kimi 1745 manat, dəbbə pulu kimi 100 manat, mənəvi zərərə görə 100 manat, vəkilin göstərdiyi yardıma görə 110 manat və dövlət rüsumu kimi ödənilmiş 11 manatın 1 manatı, cəmi 2056 manat cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Ekspertiza təqdiqatının aparılmasına görə 200 manatın 174 manatı İddiaçı, 26 manatı isə cavabdeh “xxxx” ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişi kimi 1745 manat, dəbbə pulu kimi 100 manat, mənəvi zərər kimi 100 manat, vəkilin göstərdiyi yardıma görə 110 manat və dövlət rüsumu kimi ödənilmiş 11 manatın 1 manatı, cəmi 2056 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 manatın 174 manatı İddiaçı, 26 manatı isə cavabdeh “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar