Məhkəmə qərarları › İş №2(006)-2267/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2267/2025

20.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2267/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək stajına görə əmək haqqına edilən əlavələrin ödənilmədiyi tarixdən, yəni 2023-cü ilin yanvar ayından hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ilin avqust ayından Azərbaycan Dövlət Dəmir Yolunun 12 saylı X5 3 saylı Salyan məntəqəsinin 6-cı fəhlə bölməsinə 2-ci dərəcəli yol montyoru vəzifəsinə işə qəbul olmuşdur. Həmin vaxtdan ərizə verilən tarixədək və xx.xx.2002-ci ildən ərizə verilən tarixədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin 12 nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində də X3 üzvü olmuşdur. Hər ay üzvlük haqqı ödəmişdir. Lakin bu müddət ərzində X3 hər hansı güzəştindən istifadə etməmişdir. Bu səbəbdən də o, 2023-cü ilin yanvar ayından ərizə yazaraq, X3 üzvü olmaqdan imtina etmişdir. X3 üzvlüyündən çıxdıqdan sonra əmək haqqı alarkən ona məlum olmuşdur ki, əmək haqqının məbləği azalıb. Təxminən 450 manat alırdısa, üstəlik deyilənə görə əmək stajının müddətinə görə də 60 manat əlavə alırdı. Bu səbəbdən də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab verilmiş, eyni zamanda məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

3. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 45 №-li əmək müqaviləsinə əsasən iddiaçı ADY-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin 12 nömrəli Salyan Yol sahəsində yol montyoru vəzifəsində işləyir. "xxxx" QSC həmin cəmiyyətin əmək kollektivinin səlahiyyətli nümayəndəsi olan Azərbaycan X1 İttifaqı ilə razılığa gələrək 2023-2025-ci illər üçün X9 bağlayıblar. Sazişə əsasən X4 öz üzvlərinin hüquq və maraqlarının müdafiəsini həyata keçirir. Sazişdə nəzərdə tutulan müddəalar yalnız öz üzvlərinə şamil edilir.

5. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Həmkarlar İttifaqının üzvlüyündən çıxdığından əmək stajının müddətindən aslı olaraq hər ay əmək haqqına ödənilən əlavələr 2023-cü ilin yanvar ayından dayandırılmış, lakin iddiaçı mediasiya təklifini 2024-cü ilin iyul ayında göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı xx.xx.2024-cü il tarixdə əldə etmiş, məhkəməyə isə 2025-ci ilin fevral ayında müraciət etmişdir. İddiaçı qanunvericilikdə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 il müddətində məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirik. a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək nümyəndənin iştirakı olmadan iclasın keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçıya bildirilmişdir ki, cavabdeh tərəfindən tələb olunan sənədlər, o cümlədən 2023-2025-ci illər üçün X10 təqdim edilmədiyi üçün əmək haqqının düzgün hesablanıb-hesablanmamasına münasibət bildirmək mümkün olmamışdır.

10. "xxxx" QSC-nin İnfrastruktur Departamenti Yol Xidmətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən hazıradək "xxxx" QSC-nin İnfrastruktur departamenti Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsində yol montyoru vəzifəsində işləməsi barədə arayış verilmişdir.

11. Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/MT-028/2024-0447Ə nömrəli arayışdan görünür ki, tərəflər mediasiya prosesinin davam etdirməyə razı olmamış, 50 manat mediasiya xərci və 10 manat digər xərclər iddiaçı tərəfindən ödənilmişdir.

12. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Salyan 1 saylı Mediasiya Təşkilatına 50 manat rüsum ödənilmişdir.

13. İddiaçı əmək kitabçasından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidməti 12 nömrəli Salyan yol sahəsinin 3 saylı Salyan məntəqəsinə yol montyoru vəzifəsinə işə qəbul olunmudur.

14. İddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidməti 12 nömrəli Salyan yol sahəsinin 3 saylı Salyan məntəqəsinə yol montyoru vəzifəsinə əməyin ödənilməsi dərəcəsi “4” olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. İşçinin əmək haqqı 345,00 manat, vəzifə maaşı 345,00 manat, əmək şəraitinə görə əlavənin məbləği isə 12% müəyyən edilmişdir.

15. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023cü il tarixli razılaşmadan və əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının əmək haqqı 466 manat müəyyən edilmişdir.

16. İddiaçı tərəfindən "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidməti 12 nömrəli Salyan yol sahəsinin HİK-nin sədrinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Həmkarlar İttifaqına üzvlükdən azad edilməsi xahiş edilmişdir.

17. İş materiallarına hesabdan çıxarış, hesablama vərəqələri, əmək haqqı barədə arayış, əmək müqaviləsi bildirişləri, 2020-2022 və 2023-2025-ci illər üzrə sahə kollektiv sazişləri əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidməti 12 nömrəli Salyan yol sahəsinin 3 saylı Salyan məntəqəsinə yol montyoru vəzifəsinə işə qəbul olmuşdur. Əmək haqqı 345 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə əmək haqqı 372 manata, xx.xx.2023-cü il tarixdə isə 466 manata dəyişdirilmişdir. İddiaçı əmək müqaviləsinə əsasən əmək haqqının 12%-i məbləğində əmək şəraitinə görə əlavə alır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə yazaraq Həmkarlar İttifaqına üzvlükdən azad edilməsini xahiş etmiş və üzvlükdən azad edilmişdir. Daha sonra əmək haqqının azaldığını görmüşdür. Buna görə də məhkəmə müraciət edərək əmək stajına görə əmək haqqına edilən əlavələrin ödənilmədiyi tarixdən, yəni 2023-cü ilin ynvar ayından hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirmiş və iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

19. xx.xx.2020-ci il tarixdə "xxxx" QSC və X1 İttifaqı Respublika Komitəsi arasında X10 bağlanmışdır. Həmin Sazişin 1.2-ci bəndinə əsasən Saziş 3 il müddətinə 2020-2022-ci illər üçün bağlanır. Sazişin 1.8.1-ci bəndinə əsasən dəmiryoçular – Cəmiyyətin Aparatının struktur bölmələrində və Cəmiyyətin strukturuna daxil olan qurumlarında əmək münasibətləri əsasında fəaliyyət göstərən şəxslərdir. Sazişin 4.5-ci bəndinə görə İşçiləri istehsalata bağlamaq, onların əmək və istehsalat intizamını möhkəmləndirmək məqsədi ilə, fəaliyyət növündən aslı olmayaraq əmək müqaviləsi əsasında dəmir yolunda çalışan bütün işçilərə dəmir yolu sahəsində iş stajının müddətindən aslı olaraq aşağıdakı qaydada hər ay aylıq tarif (vəzifə) maaşına müvafiq faizlərlə əlavə haqq ödənilir. 1 ildən – 5 ilədək stajı olanlara 5%, 5 ildən - 10 ilədək stajı olanlara 10%, 10 ildən – 20 ilədək stajı olanlara 15%, 20 il və ondan yuxarı stajı olanlara 20%. Sazişin 4.6-cı bəndinə görə bu Sazişin 4.5-ci bəndində qeyd edilən iş stajına daxil olan dövrlər və həmin dövrlərə görə əlavə haqqın ödənilməsi qaydası İşəgötürən tərəfindən müəyyən edilir. Sazişin 10.1-ci maddəsinə əsasən X2 üzvü olan işçilərin aylıq əmək haqqından 2% miqdarında üzvlük haqqı tutaraq 4 iş günü müddətində Respublika Komitəsinin xüsusi hesabına köçürür. Bu Sazişin müddəalarına münasibətdə Həmkarlar İttifaqının üzvü olmayan işçinin əmək haqqından tutulmaya yol verilmir.

20. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və X1 İttifaqı Respublika Komitəsi arasında X10 bağlanmışdır. Qeyd olunmuşdur ki, X4 öz üzvlərinin hüquq və maraqlarının müdafiəsini həyata keçirir. Sazişdə nəzərdə tutulan müddəalar yalnız öz üzvlərinə şamil edilir. Sazişin 1.2-ci bəndinə əsasən Saziş 2023-2025-ci illər üçün bağlanılır və xx.xx.2023-cü il tarixdən qüvvəyə minir. xx.xx.2025-ci ilə qədər qüvvədədir.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

21. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizəsini yazaraq Azərbaycan X1 İttifaqına üzvlükdən azad edilməsini xahiş etmiş və azad edilmişdir. Həmin vaxt qüvvədə olan X10 xx.xx.2020-ci ildə imzalanmış, həmin tarixdə qüvvəyə minmiş və 3 il müddətə qüvvədə olmuşdur. xx.xx.2023-cü il tarixdə isə yeni X10 bağlanmış, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, 2023-2025-ci illər üzrə X10 iddiaçının Həmkarlar İttifaqına üzvlükdən çıxan zaman qüvvədə olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, 2023-2025-ci illər üzrə X10 sadəcə X3 öz üzvlərinin hüquq və maraqlarının müdafiəsini həyata keçirir.

22. Hazırda iddiaçı 2023-cü ilin yanvar ayından etibarən ona ödənilməyən əlavə haqq məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

23. Qeyd olunmalıdır ki, 2020-2022-ci illər üzrə X8 (4.5-ci bənd) aylıq tarif (vəzifə) maaşına əlavələrin əmək müqaviləsi əsasında dəmir yolunda çalışan bütün işçilərə şamil olunduğu müəyyən edilmişdir. Sazişi imzalayan tərəflər qeyd olunan müddəaların sadəcə dəmir yolunda çalışan işçilərə, həmkarlar ittifaqına üzv olan işçilərə deyil, məhz bütün işçilərə şamil olunması barədə razılığa gəlmişdirlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə həmkarlar ittifaqına üzvlükdən azad edilsə belə, həmin saziş qüvvədə olduğu müddət ərzində ona Sazişin 4.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq əlavə haqq ödənilməli idi. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, məhkəmə hesab edir ki, tələbin “2023-cü ilin yanvar ayından 2023-cü ilin iyul ayınadək olan dövr ərzində əmək haqqına əlavələrin ödənilməsi” hissəsinə iddia müddəti tətbiq edilməlidir. Çünki iddiaçı hazırkı mübahisə ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı almış, məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu 2023-cü ilin yanvar ayında bilmiş və bu pozuntu 2023-cü ilin iyul ayına qədər davam etmişdir. 2023-cü il iyul ayından hüquqlarının pozulmasını bildiyinə və xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı almasına baxmayaraq, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə 1 illik iddia müddətini ötürmüşdür. Buna görə də tələbin qeyd olunan hissəsinə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi tətbiq edilməli və həmin hissədə iddia müddəti ötürüldüyü üçün tələb təmin edilməməlidir.

24. Tələbin “2023-cü ilin iyul ayından sonrakı dövr üçün əmək haqqına əlavələrin ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, xx.xx.2023-cü ildə artıq yeni 2023-2025-ci illər üzrə X10 qüvvəyə minir və həmin sazişin müddəaları tətbiq edilir. Həmin Sazişə görə onun müddəaları sadəcə öz üzvlərinə şamil edilir. Buna görə də xx.xx.2023-cü ildən sonrakı dövrü əhatə edən müddət üçün iddiaçının X6 əsasən əmək haqqına əlavələrin ödənilməsi barədə tələbi əsassızdır. Belə ki, həmin vaxtdan sonra 2020-2022-ci illər üzrə X10 qüvvədən düşmüş, 2023- 2025-ci illər üzrə X10 qüvvəyə mindikdə isə iddiaçı Həmkarlar İttifaqına üzv olmamışdır. Deməli, iddia tələbinin bu hissəsinin əsassız olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, tələbin bu hissəsi də təmin edilməməlidir.

25. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən mövqeyini nəzərə almaqla qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

d) Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə, “k”, “q” bəndləri. Qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarıdır. 12-ci maddə,”b”, “ç”, “ə” bəndləri. Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. 24-cü maddə, 1 və 2-ci bəndlər. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır. 35-ci maddə. Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. 39-cu maddə, 1 və 2-ci bəndlər. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 154-cü maddə, 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 195-ci maddə, “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 296-cı maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddə, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7-ci hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1, 35.2. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

30. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

31. İddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar