Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2287/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin aliment tələbi hissəsində ləğv olunması, iddiaçıdan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi, iddiaçının uşaqla həftənin şənbə və bazar günləri saat 12:00-20:00-a kimi, iddiaçının və uşağın doğum günündə saat 10:00-dan 20:00-a kimi, bayram günlərinin ikinci günü saat 12:00-dan 18:00-a kimi ünsiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2237/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi elan olunduqdan sonra iddiaçı vaxtıvaxtında aliment öhdəliyini icra etmişdir. İddiaçı hesab edir ki, həmin qətnamə alimentin tutulması hissəsində ləğv edilməli, iddiaçıdan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması və onun uşaqla ünsiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı uzun müddətdir ki, “X2”ndə çalışır və aylıq əmək haqqının digər qazancları ilə birlikdə 1300-1400 manat təşkil edir ki, bu məbləğdə uşağın saxlanması üçün müəyyən edilmiş yaşayış minimumundan artıqdır. Əlavə olaraq iddiaçıdan 108 manat sabit pul məbləğində alimentin tutulması onun maddi durumunu pisləşdirir. Belə ki, o, hazırda ailə qurur, əmək haqqının ¼ hissəsində aliment tutulduqdan sonra qalan əmək haqqından da 108 manat əlavə tutulması iddiaçının maddi vəziyyətini pisləşdirir və iddiaçı üçün gələcəkdə ailənin saxlanmasına çətinliklər yaradacaqdır. Eyni zamanda cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğuldur və yüksək əmək haqqı alır.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ondan tutulan alimentin məbləğinin azaldılaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin iddiaçıdan tutulub Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1840/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması və uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsinin “alimentin azaldılması” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, rədd edilməsini xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2237/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflər arasında nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X1 anası Kərimova (Rzayeva) Gülşən Məmməd qızı ilə qalması, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Kərimova (Rzayeva) Gülşən Məmməd qızının xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və eyni zamanda hər ay 108 manat sabit pul məbləğində aliment tutulması, X1 3 yaşına çatanadək saxlanılması ilə bağlı İddiaçı Kərimova (Rzayeva) Gülşən Məmməd qızının xeyrinə xx.xx.2023-cü il tarixdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
9. Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında işləyir, baş satıcı vəzifəsindən adminstrator vəzifəsinə keçirilmiş və əmək haqqı 450 manatdan 693 manata artırılmışdır.
10. Cavabdeh məxsus kart hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aliment ödənişləri aşağıdakı kimi olmuşdur: 227.27 AZN, 210.85 AZN, 212.50 AZN, 327.00 AZN, 320.50 AZN, 274.10 AZN, 423.81 AZN, 421.74 AZN, 485.47 AZN, 503.25 AZN, 461.28 AZN, 479.91 AZN, 504.01 AZN, 492.12 AZN, 523.84 AZN, 483.11 AZN, 505.74 AZN, 448.37 AZN, 404.28 AZN, 452.99 AZN.
11. "xxxx" MMC, DSMF və DVX tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş arayışlarda, İddiaçı aylar üzrə əmək haqqı məbləğləri qeyd edilmişdir.
12. Bakı 12 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/12/2024-00390 nömrəli arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat İMS, 10 manat poçt və kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2237/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X1 ananın yanında saxlanılması qət edilmişdir. Eyni zamanda uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və eyni zamanda hər ay 108 manat sabit pul məbləğində aliment tutulması, habelə uşağın 3 yaşına çatanadək saxlanılması ilə bağlı hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
14. Uşaq 3 yaşına çatmışdır və uşağın 3 yaşına çatanadək saxlanılması ilə bağlı iddiaçıdan hər ay 50 manat sabit pul məbləğində alimentin tutulmur.
15. İddiaçı hazırda alimentin məbləğinin azaldılmasını, sabit pul məbləğində tutulan 108 manat alimentin tutulmasının ləğv edilməsini xahiş edir. Tələbini əmək haqqının əvvəlkinə münasibətdə artması və ¼ hissəsinin 300-350 manat təşkil etməsi ilə əsaslandırır. Qeyd edir ki, həmin məbləğ uşağın saxlanması üçün müəyyən edilmiş yaşayış minimumundan çoxdur. Cavabdeh isə iddianın rədd edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, ailə qanunvericiliyinə müvafiq olaraq alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətlərində dəyişiklik olduğu halda, tərəflər hər biri yeni iddia vermək yolu ilə aliment məbləğinin azaldılmasını və ya artırılmasını tələb etmək hüququna malikdirlər. Lakin qeyd olunan bu hüquqdan uşaqların mənafeyinə zidd formada istifadə edilməməli, daim uşaqların mənafeyi öndə dayanmalıdır.
17. İddiaçı hazırda əmək haqqının ¼ hissəsinin uşaqlarının yaşayış minimumundan çox olduğuna görə 108 manat sabit pul məbləğində alimentin tutulmasının ləğv edilməsini istəyir.
18. Məhkəmə qeyd edir ki, ödənilən aliment məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan çox olması alimentin azaldılması üçün heç bir halda əsas deyil. Belə ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu onların minimum, yəni ən aşağı yaşayış səviyyəsi üçün müəyyən edilmiş məbləğdir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi isə uşaqların mənafelərinin maksimum qorunmasına yönəlmişdir. Bu o deməkdir ki, uşaqların valideynlərinin gəlirləri artdıqca uşaqların da yaşayış səviyyəsinin artması düz mütənasib şəkildə artmalıdır. Valideynlərin qazancı artdığı təqdirdə, uşağın yaşayış minimumu səviyyəsində olan təminatla yaşaması onun mənafeyinə ziddir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı əmək haqqının artdığı əsası ilə alimentin azaldılmasını tələb etsə də, məkhəmə araşdırmaları zamanı məlum olur ki, iddiaçının vəzifə maaşı xx.xx.2023-cü il tarixdə 450 manatdan 693 manata qədər artırılıb. Yəni, 1 il 6 aydan çoxdur ki, iddiaçının vəzifə maaşı artıb. Əmək haqqının artmasının əsas səbəbini onun əmək haqqına əlavələr (bonuslar) təşkil edir. Halbuki, həmin bonus məbləğləri hər ay fərqli məbləğlərdə, qeyri-müntəzəm olur və gələcəkdə eyni formada davam etməsinin sübutu yoxdur. Ailə Məcəlləsinin tələbinə görə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yəni, qeyd olunan tələb alimenti ödəyən şəxsin deyil, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə müəyyən edilir. Qeyd olunmalıdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2237/2023 nömrəli işi üzrə iddiaçı Kərimova (Rzayeva) Gülşən Məmməd qızı alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Hazırda da alimentin sabit pul məbləğində tutulmasının dayandırılmasına etiraz edir. Məhkəmə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinin “sabit pul məbləğində alimentin tutulması” barədə olmasını nəzərə alır və qeyd edir ki, tələb “sabit pul məbləğində alimentin tutulması” olduğu təqdirdə məhkəmənin öz mülahizəsinə əsasən hissəvi aliment tutması yolverilməzdir. Hazırkı iş üzrə də cavabdeh Kərimova (Rzayeva) Gülşən Məmməd qızı haqlı olaraq alimentin qeyri müntəzəm xarakter daşıdığını bildirir, sabit pul məbləğində alimentin tutulmasının dayandırılmamasını və iddia tələbinin rədd edilməsini xahiş edir.
20. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edildikdə uşağın 3 yaşına çatanadək iddiaçı tərəfindən ödənilməli olan 50 manat sabit pul məbəğində aliment xx.xx.2024-cü il tarixdən, yəni uşaq 3 yaşına çatdıqdan sonra ödənilmir ki, bu da iddiaçının vəziyyətinin yaxşılaşdırılmasına səbəb olan digər haldır.
21. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: - 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
25. Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 76.1, 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər;
26. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
27. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
28. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməməlidir.
29. Mülki Prosessual Məcəllənin: - 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova