Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2288/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə cavabdeh Sariyev Zahid Bəhrəm oğlu arasında xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 6653 (altı min altı yüz əlli üç) manat 25 (iyirmi beş) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə cavabdeh Sariyev Zahid Bəhrəm oğlunun mülkiyyətinə vermiş, cavabdeh Sariyev Zahid Bəhrəm oğlu isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-00567-06/14A saylı, x xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC- yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin «Həzi Aslanov” filialı ilə Sariyev Zahid Bəhrəm oğlu arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00055-16/19A saylı xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh Sariyev Zahid Bəhrəm oğlu kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 6648.09 manat əsas borc, 14.87 manat faiz borcu vardır. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixinə ümumi borcu 6662.96 manat təşkil edir. Göstərilənlərə əsasən, iddiaçı Bank “xxxx” ASC-nin «Həzi Aslanov” filialı ilə cavabdeh Sariyev Zahid Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 6648.09 manat əsas borc, 14.87 manat faiz borcu, ümumilikdə 6662.96 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, borcu olduğunu etiraf etdiyini, hazırda ödənişləri həyata keçirə bilmədiyini və maddi vəziyyəti düzələn kimi ödənişlərə davam edəcəyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A №-li Kredit müqaviləsinə əsasən bank Cavabdeh 60 ay müddətinə, illik 1 faiz olmaqla 6653,25 AZN məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, tərəflər arasında «Problemli kreditləri restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri» barəsində RPF-xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A №-li Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. İş materiallarında olan Bank «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, HASF-2020/01304 №-li Bildirişdən görünür ki, Cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A №-li müqaviləyə və 2 saylı Əlavəyə əsasən xx xxxxxx 2021-ci il tarixə onun Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə 6648,09 AZN əsas, 14,87 AZN faiz, cəmi 6662,96 AZN məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bank «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A №-li kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 6653,25 AZN məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 6648,09 AZN əsas, 14,87 AZN faiz, cəmi 6662,96 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745-ci maddəsinə əsasən əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. Bu isə iddiaçının kredit müqaviləsini tək tərəfli qaydada ləğv etməyə əsas verir, çünki cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozularaq öhdəliyi lazımınca və vaxtında icra etməmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 30,40 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bank «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 6648,09 AZN (altı min altı yüz qırx səkkiz manat, doqquz qəpik) əsas borc, 14,87 AZN (on dörd manat, səksən yeddi qəpik) faiz borcu, ümumilikdə 6662,96 AZN (altı min altı yüz altmış iki manat, doxsan altı qəpik) məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu və 0,40 AZN (sıfır manat, qırx qəpik) bank xidməti haqqı Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bank «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00055- 16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 6648,09 AZN (altı min altı yüz qırx səkkiz manat, doqquz qəpik) əsas borc, 14,87 AZN (on dörd manat, səksən yeddi qəpik) faiz borcu, ümumilikdə 6662,96 AZN (altı min altı yüz altmış iki manat, doxsan altı qəpik) məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu və 0,40 AZN (sıfır manat, qırx qəpik) bank xidməti haqqı Cavabdeh iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2288/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2288/2021
16.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver