Məhkəmə qərarları › İş №2(006)-2289/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2289/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2289/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı2, cavabdeh LPO Cavabdeh1 ASCnin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh LPO Cavabdeh1 ASCnin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın yüklülükdən azad edilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,16536 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evinin yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, cavabdehlə İddiaçı1 arasında 06 sentyabr 2007-ci il tarixdə 816 saylı kredit müqaviləsi və kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 06 sentyabr 2007-ci il tarixdə İ-816 saylı ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,16536 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 adı çəkilən kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmiş, kredit tam ödənilmiş, 06 sentyabr 2007-ci il tarixdə 816 saylı kredit müqaviləsi üzrə bankın qarşısında heç bir öhdəliyi qalmamışdır. Əmlakın girovdan azad edilməsinə dair ərizə ilə cavabdehə müraciət etsələr də, müraciətləri müsbət həllini tapmamışdır. 13 oktyabr 2009-cu il tarixli K-4453 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər arasında bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə 13 oktyabr 2009-cu il tarixli 1 saylı əlavə razılıq imzalanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində 18 saylı fərdi yaşayış cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 06 sentyabr 2007-ci il tarixli ipoteka müqaviləsi 27 sentyabr 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə 13 oktyabr 2009-cu il tarixli 1 saylı əlavə razılıq imzalanmış, lakin həmin razılaşma dövlət qeydiyyatına alınmamışdır. Tərəflər arasında bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə 13 oktyabr 2009-cu il tarixli 1 saylı əlavə razılıq, yəni sonrakı ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığı üçün cavabdehin ipoteka hüququ yaranmamışdır. Bu səbəbdən onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Digər İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2015-ci il tarixli 2(103)-1024/2015 saylı qətnaməsinin surətindən görünür ki, Nizami Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli 2(007)-2805/2014 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə cəmi 16792,82 ABŞ dolları məbləğində borcun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətindəmanatla tutulması, tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,16536 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olan vəsait hesabına banka olan borcun ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı2 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli 2(007)-2805/2014 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 6924,59 ABŞ dolları məbləğində əsas kredit borcu tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2015-ci il tarixli 2(102)-2965/2015 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2015-ci il tarixli 2(103)-1024/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, İddiaçı1 06 sentyabr 2007-ci il tarixdə 816 saylı kredit müqaviləsi üzrə bankdan aldığı əsas kredit borcunu və hesablanmış faizləri tam şəkildə ödəyərək üzərinə götürdüyü öhdəlikləri icra etmiş, bank isə kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi barədə, yaxud iddianın əsaslılığına şübhə yaradacaq hər hansı sübutu təqdim etmədiyi halda kredit və ipoteka müqavilələrinin yuxarıda qeyd olunan şərtlərini pozaraq, İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakın ipotekadan azad edilməsi istiqamətində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilərək cavabdeh LPO Cavabdeh1 ASC ilə bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,16536 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi yüklülükdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh LPO Cavabdeh1 ASC ilə bağlanmış 06 sentyabr 2007-ci il tarixli İ-816 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami küçəsində istifadədə olan 0,16536 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi yüklülükdən azad olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar