Məhkəmə qərarları › İş №2(006)-2303/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2303/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2303/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Qulı̇ yev Cavanşı̇ r İsgəndər oğlunun, onun vəkili X6, cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı Qulı̇ yev Cavanşı̇ r İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya şı̇ rkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Qulı̇ yev Cavanşı̇ r İsgəndər oğlu cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya şı̇ rkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər iddiaçının mərhum oğlu X7 AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. O, N saylı hərbi hissə komandirinin imzaladığı xx.xx.2014-cü il tarixli, 85N saylı göndərişə əsasən hərbi hissədən evə buraxılmış və həmin gün, yəni xx.xx.2014-cü il tarixdə, saat 21:00 radələrində hərbi xidmətini başa vurub evə qayədarkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X1 ölümü ilə əlaqədar sığorta kompensasiya ödənişi üçün Dövlət Sığorta Kommersiya şirkətinə ünvanladığı müraciətinə imtina verilmiş və səbəbi həqiqi xidmətdən ehtiyata buraxıldıqdan sonra baş vermiş nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi göstərilmişdir. Lakin oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi saat 21:00-da baş vermişdir. Məlum olduğu kimi kalendar gün gecə saat 24:00-da yekunlaşır. Göstərilənlərə əsasən hərbi qulluqçu olan mərhum X1 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı ailəsinə çatası olan sığorta kompensasiya pulunun Dövlət Sığorta şirkəti tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı Qulı̇ yev Cavanşı̇ r İsgəndər oğlu tərəfindən dəqiqləşdirmə ərizəsi təqdim edilərək hərbi xidmət zamanı vəfat edən X3 varisi kimi 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ona ödənilməsi barəsində qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının vəkili X11 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər iddiaçının mərhum oğlu X7 AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. O, N saylı hərbi hissə komandirinin imzaladığı xx.xx.2014-cü il tarixli göndərişə əsasən hərbi hissədən evə buraxılmış və elə həmin gün saat 21:00 radələrində yol nəqliyyat hadisəsində vəfat etmişdir. İddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciət olunaraq sığorta ödənişinin verilməsi xahiş olunsa da, bundan imtina olunmuşdur. Buna səbəb kim isə göstərilmişdir ki, iddiaçının oğlu həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra həmin hadisə baş vermişdir. Ancaq bu düzgün yanaşma deyildir. Belə ki, iddiaçının oğlu həmin gün hərbi qulluqçu statusunu itirməmişdi. O, həmin gün saat 00:00-a qədər hərbi qulluqçu statusunu daşıyırdı. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd edilən hadisə baş verərkən iddiaçının vəfat etmiş oğlu hərbi qulluqçu statusunu daşımırdı. O, artıq hərbi hissədən əmrlə təxris olunmuşdur. Ona görə də, baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından sığorta ödənişinin ödənilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X7 həqiqi hərbi xidmətdən evə qayıdarkən yol nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. Bundan sonra onun vərəsəsi (hazırki iddiaçı) sığorta şirkətinə müraciət edərək sığorta ödənişin verilməsini tələb etmiş, lakin cavabdeh tərəf ona ödənişin verilməsindən imtina etmişdir. İmtinanın əsasında isə X3 hərbi xidməti başa vurduğundan onun hərbi qulluqçu kimi tanınmaması göstərilmişdir. Daha sonradan bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmişdir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan hərbi biletin surətindən görünür ki, X7 DİN-nin 16.09.204-cü il tarixli, 766 №-li əmri ilə ehtiyata buraxılmış, xx.xx.2014-cü il tarixli, N №-li əmr ilə hərbi hissənin siyahısından çıxarılmışdır.

10. Mülki işin materiallarında olan polkovnik Məzahir Ağayev tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli göndərişdən görünür ki, X4 xx.xx.2014-cü il tarixində Abşeron RSHXÇŞ-nə getməyi təklif edilmişdir. Göndərişin yerinə çatma tarixi xx.xx.2014-cü il göstərilmişdir.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixıli, 155 saylı arayışdan görünür ki, X5 meyiti həqiqətən xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” şöbəsində məhkəmə tibbi müayinədən keçirilib.

12. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli, AZ-İ № 716665 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Ölümün səbəbi: daxili qanitirmə.

13. Mülki işin materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2014-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. R.Quliyev öldüyü xx.xx.2014-cü il tarixədək subay olmuşdur.

14. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş **********865 saylı ərizədən görünür ki, X8 X1 ölümü ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta kompensasiya pulunun əri İddiaçı tərəfindən alınmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir.

15. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Qulı̇ yev Cavanşı̇ r İsgəndər oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim olunmuş sənədlər nəzərdən keçirilmiş, məlum olmuşdur ki, mərhum X7 müddətli həqiqi xidmət dövrünü başa vurmuş və həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Mərhumun ölümü xidməti vəzifələrinin icrası ilə olmadığı və həqiqi hərbi xidmət dövründə baş vermədiyinə görə baş vermiş hadisə sığorta səsi hesab edilmir və sığorta təminatına daxil edilmir. Bu səbəbdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3 maddəsinə və mülki məcəllənin 935.1.8 maddəsinə əsasən X3 ölümü ilə əlaqədar mərhumun varislərinə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakılara əsasən cavabdehin göstərilən səbəbdən sığorta ödənişinin verilməsindən imtinasını haqlı saymır.

17. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

18. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

19. Yuxarıda qeyd olunan bəndin dispozisiyasından aydın görünür ki, hazırki sığorta hadisəsi şəxsin hərbi xidmətinin yerinə yetirilməsi zamanı həlak olması ilə deyil, onun həqiqi hərbi xidmətdə olduğu zaman hərbi qulluqçu kimi statusunun aktiv olması ilə bağlı verilə bilən sığorta məbləğidir.

20. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Gün anlayışı isə prosessual qanunvericlikdə aşağıdakı kimi nəzərdə tutulmaqla əsas götürülmüşdür (istər mülki sahədə, istərsə də cinayət sahəsində (analogiya tətbiq edilməməklə)) .

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

22. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən isə cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Bu isə onu deməyə əsas verir ki, qanunvericilikdə gün anlayışı deyildikdə həmin hadisəni anla deyil günün sonu ilə bağlamışdır.

23. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair 14 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanır- kimi qiymət verilmişdir.

24. İş materiallarında olan hərbi biletə əsasən X7 müddətli həqiqi xidmət dövrünü başa vurmuş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və N №-li əmr ilə xx.xx.2014-cü il tarixində hərbi hissənin siyahısından çıxarılmışdır (gün amma bitməmişdir). Həmin gün, yəni xx.xx.2014-cü il tarixində X2 21:00-da yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən X7 həmin vaxt hərbi qulluqçu statusunda olmuşdur. Bu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılır və sığorta almaq hüququ yaradır.

25. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı (subay) mərhumun yeganə vərəsəsi olmamasına baxmayaraq (yalnız anası və atası qalmışdır) anasının notarial qaydada ərizəsi iddiaçının sığorta məbləğini almasına maneə deyildir.

27. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 100 faizi, yəni 11000 manat iddiaçıya ödənilməlidir.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11000 (on bir min) manat sığorta ödənişi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar