Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2328/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü Qarabağ Müharibəsinin İİ qrup əlili İddiaçı 19.11.1987-cu il tarixindən 26.11.1991-ci il tarixinədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 27.08.1991-ci il tarixdən 05.01.1994-cü il tarixədək 806, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 1-ci Qarabağ Müharibəsinin İİ qrup Əlili statusu verilmişdir. Hal-hazırda iddiaçı birinci Qarabağ Müharibəsinin İİ qrup əlilidir. İddiaçı aldığı travmaya görə qanunvericilikdə nəzərdə tutulduğu qaydada 6 600 (altı min altı yüz) manat sığorta pulu ödənilməli idi, Lakin Dövlət Sığorta Kommersiya Şirkəti hesab edir ki, iddiaçı Vətən Müharibəsində eyni ilə yenə əlillik dərəcəsi almalıdır. İddiaçıya qanunla hərbi xidmət zamanı İİ qrup əlil olan keçmiş hərbi qulluqçu kimi verilməli olan 6.600 manat sığorta pulu ödənilməmişdir. Dəfələrlə bu barədə olunan müraciətlərinin heç birinin nəticəsi olmamışdır. Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya 550 manat ödəmişdir, 6150 manat isə cavabdeh tərəfindən mənimsənilmişdir. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə olunan müraciətlərə baxmayaraq, müxtəlif bəhanələrlə həmin məbləği ödəməkdən imtina edirlər. Göstərilənlərə əsasən döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçu İddiaçı 6.600 (altı min altı yüz) manat əvəzinə 550 (beş yüz əlli) manat ödənilmiş 6 150 (altı min yüz əlli) manat məbləğində mənimsənilmiş sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 001289 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 530134 saylı arayışdan görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, 2(006)-595/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında "sığorta ödənişinin verilməsi" ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında sığorta ödənişi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəalarına əsasən sığortalıya verilən sığorta məbləği birdəfəlik ödəncdir, yəni bir şəxsə bir dəfə verilməli olan məbləğdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2328/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2328/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver