Məhkəmə qərarları › İş №2(006)-2340/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2340/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2340/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 dekabr 2020-ci ildə evlənmişlər, 04 fevral 2021-ci il tarixində nikahları 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən rəsmi olaraq qeydə alınmışdır. Evləndikdən bir müddət sonra ailə daxilində yaranmış maddi-məişət və digər problemlər səbəbindən qaldırılmış iddia əsasında rəsmi nikaları 21,09.2021-ci il tarixində məhkəmə qaydasında ləğv edilmişdir. Birgə nikah dövründə 04.09.2021-ci il tarixində Ruzgar adlı övladları anadan olmuş və Nəsimi Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulmasından sonra uşağın onun himayəsində saxlanılması müəyyən edilmişdir. Hamilə olduğu dövrdə və övladları doğulduqdan sonra Cavabdeh ona və uşağa heç bir qayğı göstərməmiş, maddi cəhətdən heç bir köməklik etməmişdir. Ona görə də məcbur olub hələ nikah pozulmamışdan əvvəl yəni, 2021-ci ilin mart ayının axırlarından etibarən cavabdehdən ayrılaraq Bakı şəhərində yaşayan valideynlərinin yanına köçərək hal-hazıradək orada yaşayır. Cavabdeh Bakı şəhərində Nizami rayonunun ərazisində yerləşən “kolxoz” bazarında hər gün icarəyə götürdüyü araba vasitəsi ilə yük daşıma işi ilə məşğul olurdu, özünün bildirməsinə görə gündəlik olaraq ən az 30 manatdan 60-70 manatdək civarında pul qazanırdı. Hal-hazırda isə İsanın həmin bazarda yaxud başqa yerdə işləyibişləməməsi barədə heç bir məlumatım yoxdur. Uşaq doğulandan bu günə kimi valideynlərinin maddi köməkliyi ilə onun himayəsində yaşayır. Cavabdeh könüllü aliment ödəməyə razı olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 04 sentyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, aliment ödəməyə razıdır, lakin rəsmi iş yeri və digər gəlirləri olmadığından nikahdan olan uşağa görə 120 manat aliment ödəyə bilər.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 03 dekabr 2021-ci il tarixində verilmiş AZ-İ № ******* saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03 dekabr 2021-ci il tarixində 364 nömrə ilə qeyd edilmişdir.

7. Həmçinin, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2021-ci il tarixində verilmiş AZ-İV № 679538 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 04 sentyabr 2021-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. İş materiallarında olan Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2016-cı il tarixində verilmiş AZ-İİİ № 876164 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 14 dekabr 2016-cı il tarixində Bakı şəhərində anadan olmuş, atası X5, anası X2.

9. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(006)-3558/2021 saylı qətnaməsindən çıxarışa əsasən iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 04.02.2021-ci il tarixində 04 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 178 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı hamiləlik dövrü üçün və birgə nikahdan olan uşağın 03 yaşına çatanadək İddiaçı saxlanılması üçün 19.04.2021-ci il tarixindən hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, birgə nikahdan 04.09.2021-ci il tarixində yeni doğulmuş uşaq anası İddiaçı yanında saxlanılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh heç bir növ əmək pesniyası almır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayır.

13. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahdan 04 sentyabr 2021-ci il təvəllüdlü X6 adlı bir övladları dünyaya gəlmişdir. Sonradan tərəflərin münasibətləri pozulmuş və Nəsimi Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(006)- 3558/2021 saylı qətnaməsi ilə nikahın pozulması və İddiaçı hamiləlik dövrü üçün və birgə nikahdan olan uşağın üç yaşına çatanadək İddiaçı saxlanılması üçün 19.04.2021-ci il tarixindən hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir, və uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

19. Belə ki, iddiaçı hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. 21.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

22. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

23. Belə olan halda, məhkəmə 04 sentyabr 2021-ci il təvəllüdlü X1 üçün 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

25. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 31 mart 2022-ci il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

26. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

27. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

28. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31 mart 2022-ci il tarixindən başlayaraq, 04 sentyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 32.Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

33. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. 34.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 31 mart 2022-ci il tarixindən başlayaraq, 04 sentyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar