Məhkəmə qərarları › İş №2(006)-2356/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2356/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2356/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi - Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı - İddiaçı, cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2019cu il tarixli 2(006)- 3735/2019 nömrəli qətnaməsi ilə ondan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilərək 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarındakı nikah xx.xx.2018-ci ildə ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(006)- 3735/2019 nömrəli qətnaməsi ilə o, yetkinlik yaşına çatmış övladı xx.xx.1999-cu il təvəllüdlü X3 münasibətdə əlavə xərclərin ödənilməsinə cəlb olunaraq ondan Cavabdeh xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının məhkəmə təcrübəsində heç gənc yaşda olan və işləyərək əmək haqqı alan atadan 300 manat əlavə xərc tutulmayıb. Nəsimi Rayon Məhkəməsi ondan - işləməyən (cavabdeh müdirini bezdirərək onu işdən çıxarmağa nail olmuşdur) “Xroniki Hepatit C virus infeksiyası” xəstəliyindən əziyyət çəkən 61 yaşlı şəxsdən 300 manat əlavə xərc tutmuşdur. Halbuki 2019-cu ildə Ləman İ qrup əlil kimi 250 manat, iddiaçı isə İ qrup əlilliyi olan şəxsə qulluq edən kimi 50 manat müavinət alırdı. Həmin məbləğ hər il artırılır, bu günə daha yüksək məbləğlərdir. Hazırda 66 yaşı var, pensiyaçıdır, yaşa görə 280 manat məbləğində əmək pensiyası alır. İddiaçıya 300 manat aliment ödəyə bilmir. Nəticədə iddiaçının tələbi ilə icra məmuru hər ay onu həbslə hədələyir. Sonuncu dəfə 2024-cü ilin fevral ayında yenə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə çağırıldı və orada onu saxladılar ki, 2000 manat borcu var, ödəməsə, onu buraxmayacaqlar. Bacıları, qardaşları 2000 manat yığıb gətirəndən sonra onu buraxdılar. Nə vaxta kimi xəstə pensiyaçını qeyri-qanuni saxlayıb həbs hədə-qorxusu ilə aliment alacaqlar?! Bu qanunsuzluqdur. Ləman sadəcə ağrıları olanda “Fenazepam” tableti qəbul edir. Həmin tablet imtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarına daxildir. Baxmayaraq ki, satış qiyməti 2,50 manatdır, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 mart 2005-ci il tarixli 38 nömrəli Qərarına əsasən hazırlanmış pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının Siyahısı”na əsasən, ödənişi dövlət tərəfindən həyata keçirilir. Bu məlumat Səhiyyə Nazirliyinin rəsmi saytında da vardır. Birgə nikah dövründə alınmış mənzildə payları müəyyən edilsə də, həmin mənzil cavabdehin istifadəsindədir, o isə kirayədə yaşayır. Mənzilin satılaraq payların bölünməsinə də razı olmur. İddiaçı onun bütün bu kimi qeyri-insani, xəstə təfəkkürlü əməllərinə yalnız əlil övladına görə dözür. Buna baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin ona qanunsuz hesabladığı 300 manat əlavə xərcə görə həbs olunmaq istəmir. Yaşına və infeksion xəstəliyinə görə onu işə götürmürlər. Bacı-qardaşı onun kirayə və qida xərclərini ödəyir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, əvvəllər fərdi sahibkar kimi kafe işlətmişdir, lakin sonradan həmin ərazilər sökülmüşdür, ondan aliment tutularkən də artıq işləmirdi. Hazırda artıq pensiyaçıdır, üstəlik də səhhəti ilə əlaqədar onu heç kim işə də götürmür, bəzən fərdi əməklə -yalnız kafedə qabyuyan və ya ofisiant kimi fəaliyyət göstərir, hər ay 300 manat məbləğində pulu ödəyə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1999-cu il təvəllüdlü, İ qrup əlil olan qızı X1 əlavə xərclərdə iştirak kimi ondan alınan 300 manat məbləğində pulun azaldılaraq 50 manata endirilməsini məhkəmədən xahiş edir. O, iddia tələbini onunla əsaslandırır ki, artıq pensiya yaşındadır və cəmi 280 manat dövlətdən pensiya alır, özünün yaşaması üçün yaşayış yerinin olmadığını bildirir, eyni zamanda, maddi təminatı üçün qohum-əqrabanın köməklik etdiyini yazır. Bununla da özünü imkansız kimi qələmə verir və doğma övladının saxlanması üçün bir ata olaraq maddi köməklik göstərməsini istəmir. Hazırki iddia ərizəsinə və orada göstərilən tələblərə etiraz edir, bildirir ki, İddiaçı həqiqəti yazmır, məhkəməni aldatmağa çalışır, məhkəməyə böhtan atır (icra məmuruna da), bununla da övladını saxlamaqdan bir növ imtina edir. Əgər övlad əmək qabiliyyətində deyilsə və o, maddi yardım göstərilməsinə ehtiyaclıdırsa, valideyn nəinki alimenti ödəməyə davam etməli, hətta həmin övladının həyatda qalması ilə bağlı övladın himayəsində saxlanılmış olan anaya maddi yardım göstərməyə borcludur. Bildirir ki, iddiaçının ərizəsi ilə tanış olanda onun Hepatit C virusu ilə yoluxmuş olduğunu özü etiraf edir. Maraqlıdır, görəsən Hepatit C virusu ilə yoluxaraq ölümünü gözləyən 65 yaşlı kişinin özündən 20 yaş cavan olan qızla evlənməsi ağlabatandır? Görəsən özünün yazdığı kimi evi, qazancı, sağlamlığı olmayan kişiyə özündən 20 yaş cavan olan qız necə ərə gedib? Hələ onun tərəfindən bu cavan qıza avtomobil də hədiyyə edilib. Belə olan halda onun yazdığına görə guya yaxın qohumları ona və ailəsinə baxırlar, hətta qardaşı kirayə haqqını da ödəyir, maddi cəhətdən bütün təminatlarını da ödəyir. İddiaçı ərizəsində göstərir ki, cəmisi 50 manata qədər övladına maddi köməklik göstərə bilər və o, bu hərəkətini imkansızlığı ilə, başqa gəlir mənbəyinin olmaması ilə pərdələməyə çalışır. Lakin, həqiqət ondan ibarətdir ki, o, qəsdən bacısının adına olmaqla Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə Kristal Abşeron MTK-nın binasında 15-ci mərtəbədə, 140-cı mənzilin sahibidir ki, o, mülkiyyətçi kimi həmin mənzili bacısının adına qeydiyyatdan keçirmişdir. Bundan başqa, iddiaçının dəsmal çəkib ağlamasına baxmayaraq, onun özündən 20 yaş kiçik olan Vəfa Vəliyeva adlı xanımla toy edərək evlənmişdir və hazırda da həmin xanımla firavan həyat sürməkdədir (Vəfa Vəliyeva ixtisasca artistdir). Bundan əlavə iddiaçının mülkiyyətində iki yerdə çox prestijli ərazidə (ünvan 1 ünvanda) kafeləri vardır ki, onlardan ona külli miqdarda gəlir verilir. İddiaçı isə utanmadan əlil övladı üçün bütün xərcləri daxil olmaqla 300 manatın verilməsini çox görür, həmin məbləği 50 manata endirməyi düşünür. Sonda o, yuxarıda göstərilənləri nəzərə alıb iddiaçının hansı niyyətli insan olduğunu - valideyn olduğunu nəzərə alıb onun iddiasının təmin olunmamasını xahiş etmişdir. Əlavə edir ki, illər əvvəl təyin olunmuş 300 manat maddi köməkliyin Azərbaycan manatının inflyasiya səviyyəsini nəzərə almaqla iddiaçıdan 500 manat alınaraq övladının saxlanması üçün verilməsini xahiş edir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3735/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı ağır xəstə olan, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladı xx.xx.1999-cu il təvəllüdlü X3 münasibətdə əlavə xərclərin ödənilməsinə cəlb olunması və cavabdeh İddiaçı bu məqsədlə iddiaçı Cavabdeh xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmçinin, qeyd edilən qətnamədən görünür ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Eyni zamanda, məhkəmənin qeyd edilən qətnaməsindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır, “Çox ağır əqli gerilik (idiotiya) kobud nitq və davranış pozuntuları” diaqnozlu xəstəlikdən əziyyət çəkməklə, məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmiş, anası onun üzərində qəyyum təyin olunmuşdur. Ləman İsmayılovanın daimi qayğıya, nəzarətə, müayinə və müalicəyə ehtiyacı vardır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 302311 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 332 nömrə ilə qeyd edilməklə pozulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 280 manat məbləğində əmək pensiyası alır. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00251 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəfin sessiyada iştirak etməməsi səbəbindən prosesi davam etdirmək mümkün olmamışdır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı barəsində olan xx.xx.2024-cü il tarixli elektron sorğu materiallarından görünür ki, onun adına aktiv ********** VÖEN aşkarlanmış, fəaliyyət istiqaməti kafelərin fəaliyyətləri olaraq qeyd edilmişdir. Elektron məhkəmə informasiya sistemi məlumatlarına əsasən İddiaçı ********** VÖEN üzrə fərdi sahibkar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırda isə həmin halların baş verməsi müəyyən edilməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı məhkəmədən alimentin azaldılması tələbini irəli sürmüş, tələbini isə maddi vəziyyətinin zəif olması, hazırda yaşa görə pensiyaya çıxması və xroniki xəstəlikdən əziyyət çəkməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar onun iddiasının məhkəmə tərəfindən əsaslı hesab edilməsinə əsas verən hallar kimi qiymətləndirilmir. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Həmçinin, elektron sorğu məlumatlarına əsasən iddiaçının aktiv sahibkarlıq fəaliyyəti barədə məlumatlar aşkar edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, İddiaçı bir valideyn kimi xx.xx.1999-ci il təvəllüdlü X4 maddi cəhətdən təmin etməyə borcludur. Hazırda məhkəmənin qanuni qüvvəyə minmiş 2(006)-3735/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin 300 manatdan 50 manata azaldılması üçün zərurət mövcdul deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar