Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-236/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin onun etibarından suiistifadə edərək və onu yalnış informasiyalar ilə aldadaraq onun adına yazdığı istehlak kreditini təyin edən kredit müqaviləsinin ləğv edilməsi və bununla da onun cavabdehə 600 manat məbləğində olan kredit borcunun silinməsi, həmçinin məhkəməyə müraciət etmək üçün çəkmiş olduğu xərclərin - 50 manat vəkil xidməti və 30 manat dövlət rüsumu, bununla birlikdə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olan 1000 manatın cavabdeh “Kapital Bank" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2021-ci ildə Cavabdeh ASC-dən ona təklif edilən kredit kartı əsasında Cavabdeh ASC-dən 500 manat məbləğində kredit götürmüşdür. 2 il ərzində o, bütün ödənişlərini vaxtaşırı həyata keçirmişdir. Lakin, bəzi aylarda ödənişi vaxtında ödəsə də onun adına bankda gecikmə düşüb. Cavabdeh ASCdən ona bildirilmişdir ki, o, 500 manat məbləğində kredit götürdüyü zaman əlavə olaraq 100 manat, ümumilikdə isə borcun özü ilə 600 manat kredit ödənişi etməli idi. Lakin, xx.xx.2024-cü ildə o, kredit götürdüyü 500 manat borcun üzərinə 100 manat yox, ümumi məbləğin 25 faizi qədəri ilə borc gəldiyini öyrənmişdir. xx.xx.2024-cü ildə cavabdeh “Kapital Bank" ASC-ə bildirmişdir ki, o, məbləği tam ödəmiş və borcu qalmamışdır. Lakin, Cavabdeh ASC-dən ona deyildi ki, onun bank qarşısında 400 manat borc öhdəliyi vardır. Bank onun 400 manat öhdəliyinin səmərəli şəkildə ödənilməsi üçün onun adına istehlak krediti ayrılmasını təklif etmişdir. İddiaçı isə iş yerinin olmadığını bildirmiş, lakin Cavabdeh ASC bu 400 manata görə cərimə ediləcəyini bildirdi. O da cərimə edilməmək üçün bank tərəfindən onun adına istehlak krediti ayrılmasına razı olmuş və məlumatlarını təqdim etmişdir. Cavabdeh tərəfindən heç bir gəliri olmamasına rəğmən onun adına 600 manat istehlak krediti ayrılmışdır. Daha sonra o, artıq Cavabdeh ASC-dən yenidən borc götürmüş olmuşdur. Halbuki onun məqsədi sadəcə adına əsassız olaraq yazılmış borc faizinin silinməsi idi. Beləcə o, yazılmış 600 manat istehlak kreditini əslində məlumatsızlığından və etibarından sui-istifadə edilərək, aldadılaraq götürmüşdür. Cavabdeh ASC onu aldadaraq birinci krediti olan 500 manat borcdan yaranan faizindən sui-istifadə edərək ona ikinci krediti açmışdır. Halbuki iş yeri olduğu halda belə bankdan kredit götürmək çətin prosesdir, lakin cavabdeh onun heç bir iş yeri və gəlirinin olmamasına baxmayaraq, ona yalnış və uydurma informasiyalar verərək onun borc faizindən ikinci dəfə onu borclandırmaq üçün istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü ildə onu banka çağırdılar və Cavabdeh ASC-də özünü ona müdir kimi təqdim edən Zaur adlı şəxs onu qəbul edərək, borcunu ödəməli olduğunu, əks halda isə onun bankdakı səs qeydləri vasitəsi ilə onu məhkəməyə verəcəklərini bildirdi. Halbuki onun xəbərsiz səsinin yazılması özü bir qanun pozuntusudur. Belə ki guya o, səs yazmada ona istehlak kreditini ayrılmasına razı olmuşdur. Halbuki, iddiaçı onlara bu barədə informasiyası olmadığını bildirmişdir. Belə ki, o, istehlak kreditinin ona necə təyin olunduğunu soruşmuşdur. Çünki, onun gəliri yoxdur. Lakin, həmin Zaur adlı şəxs onun banka olan borclarını vaxtlı-vaxtında ödəməyinin müsbət bir şey olduğunu və məsuliyyətli müştəri olduğunu vurğulamışdır. Elə Zaur adındakı həmin şəxsin onu hədələdiyi həmin səs yazmada bu danışıqlardan ibarət olmuşdur. Elə bu özü cavabdeh bankın onun məlumatsızlığından istifadə etməsini sübut edir. Belə ki, o, məsələ ilə bağlı Milli Məclisə müraciət etmişdir. Onun şikayət məktubu AR Milli Məclisi tərəfindən Mərkəzi Banka da göndərilmişdir. Belə ki, xx.xx.2024-cü ildə Mərkəzi Bankdan ona zəng gəldi və məsələnin aidiyyatı üzrə həll edilməsi üçün araşdırılma aparıldığını bildirdi. O, bu məsələyə görə uzun müddətdir əziyyət çəkir və stress yaşayır. Cavabdehin bu qanunsuz hərəkətləri onun səhhətinə ziyan vurmuşdur. Məsələ ilə bağlı həll yolu tapılmadığı üçün məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun etibarından sui-istifadə edərək onu aldatmaqla adına tərtib etdiyi xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin qanunsuz kredit müqaviləsi üzrə qeyd edilən 600 manat borc məbləğinin silinməsini, həmçinin məhkəməyə müraciət etmək üçün çəkmiş olduğu xərclərin – vəkil xidməti 50 manat, dövlət rüsumu 30 manat, cavabdehin qanunsuz, hərəkətləri nəticəsində ona vurduğu mənəvi zərərin əvəzi olan 1000 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini müdafiə etdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və öz izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət edərək, onunla bank arasında bağlanmış müqavilənin ləğv edilməsi, iddiaçının banka olan 600 manat borcun silinməsi, 50 manat vəkil xərci, 30 manat dövlət rüsumunun əvəzi və 1000 manat mənəvi zərərin bankdan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəyişiklik edərək, müqavilənin ləğv edilməsi hissəsini müqavilənin etibarsız hesab edilməsinə dəyişmişdir. İddia ərizəsi və ona edilmiş dəyişikliklə bağlı bildirmək istəyir ki, iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsində heç bir qanun pozuntusu yoxdur. Belə ki, həmin müqavilə bir başa iddiaçının öz təşəbbüsü və müraciəti ilə rəqəmsal formada bağlanmışdır. Həmin müqavilə bağlanarkən iddiaçı həmin müqavilənin bağlanmasından dəfələrlə imtina etmək şansı olub. Lakin, hər bir əməliyyat iddiaçının öz iradəsi ilə icra edilib. Yekunda iddiaçıya bağlanılmış kredit müqaviləsi link vasitəsi ilə də təqdim edilmişdir. Bundan başqa iddiaçının kredit müqaviləsi bağlandıqdan sonra kassadan pul vəsaitinin alması da videogörüntülərdə əks edilir. Bundan başqa Mülki Məcəllənin Maddə 746-3-cü maddəsi istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququnu tanımışdır ki, iddiaçı həmin hüququndan da istifadə etməmişdir. İş materiallarına əlavə etdikləri sübutlardan da görünür ki, iddiaçının daha öncə taksit kart üzrə banka borcu olmuşdur. İddiaçı özü banka müraciət edərək ona 600 manat kredit ayrılmasını xahiş etmişdir. Ayrılmış kredit məbləğinin bir qismindən isə iddiaçı taksit kart üzrə borcunu bağlamışdır. Müştərinin taksit kartının istifadə müddəti xx.xx.2024-cü ildə bitdiyindən, iddiaçı faktiki olaraq xx.xx.2024-cü il tarixdə götürdüyü kredit borcu ilə, taksit kart borcunu, demək olar ki, tam ödəmişdir. Bundan başqa iddiaçı aldanılmasını sübut edə bilmir. Belə ki, istər fiziki imzalara dair ekspert rəyi, istərsə kassadan pulu götürməyə dair videogörüntü, istərsə də, əməliyyatların loqları iddiaçının iradəsi ilə kreditin götürüldüyünü göstərir. Bundan başqa MPM-ə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhz aldanıldığı bildiyi andan iddia müddətinin axımı başladığı üçün, iddiaçı hansı məqamda, hansı hadisədən sonra aldanıldığını anladığını sübut etməmişdir. Faktiki olaraq isə, iddiaçının öz iradə ifadəsi ilə bağlanılmış kredit üzrə iddiaçı ödəniş etməkdən yayınır. Bundan başqa iddiaçı çəkdiyi mənəvi zərərin nədən ibarət olduğunu sübut etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli 113TT**********8231 nömrəli nağd pulun mədaxili üçün qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ASC-nin Nizami filialına 10 manat nağdlaşdırma, 12 manat sığorta haqqı və BBUM4471368A299 nömrəli kredit müqaviləsinin tam ödənişi üçün 400,58 manat olmaqla, cəmi 422,58 manat ödənilmişdir. Kredit götürən şəxslərin həyat sığortası üzrə ərizə formasının surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ona Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kreditin 314,05 məbləğini sığortalamaq üçün "xxxx" Sığorta Şirkətinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 113TT**********8231 nömrəli nağd pulun mədaxili üçün qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli ******* nömrəli həyat sığortası şəhadətnaməsi üzrə 10 manat ödənilmişdir. Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı 442005 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X7 və X8 arasındakı nikaha Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 72 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Milli X1 Qəbulu və Müraciətləri ilə İş şöbəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına (surəti İddiaçı) ünvanlanmış xx.xx.2024-cü il tarixli 1-6/13-2/2-X-3804/2024 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Milli Məclisinə İddiaçı tərəfindən göndərilmiş müraciət Azərbaycan Respublikası Milli Məclisi sədrinin göstərişi ilə aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş İddiaçı məxsus 416973******1868 nömrəli hesabdan xx.xx.2024-cü il tarixli xx.xx.2021-xx.xx.2024 tarixlərini əhatə edən çıxarışın surətindən görünür ki, dövr üzrə 4.238,27 manat məxaric olunmuş və 4.238,27 manat hesaba mədaxil olunmuşdur. Qalıq məbləği isə yoxdur. Azərbaycan Kredit Bürosu tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan (kredit hesabatından) görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 600 manat məbləğində kredit aktivdir. Həmin kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 590 manat, faiz məbləği isə 6,71 manat təşkil edir. xx.xx.2024-cü il tarixli BPMASAN**********96 nömrəli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin tərtib edilməsi üçün 50 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTZK6870594B113 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 12 ay müddətinə illik faiz dərəcəsi 31,5%, nağdlaşma komissiyası 10 manat, Həyat sığortası üzrə sığorta haqqı 12 manat olmaqla 600 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.10-cu bəndində göstərilmişdir ki, bu müqavilə imzalandığı andan müştəri ilə bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli BBUM4471368A299 saylı kredit müqaviləsi üzrə 400,58 manat qalıq borcu bu müqavilə üzrə müştəriyə verilmiş kredit vəsaiti hesabına və Bank tərəfindən müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada sinilərək ödənilir, bununla da tərəflərin qarşılıqlı razılığı ilə həmin müqaviləyə (xx.xx.2021ci il tarixli BBUM4471368A299 nömrəli kredit müqaviləsinə 400,58 manat qalıq borc) xitam verilir. xx.xx.2024-cü il tarixli, GTZK6870594B113 saylı kredit müqaviləsinə əlavədən görünür ki, ödənişin aylıq məbləği 58,94 manat olmaqla 12 aylıq qrafik tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 113TT**********8981 nömrəli kassa məxaric orderindən, eyni tarixli mədaxil orderlərindən görünür ki, İddiaçı 600 manat verilmiş, eyni zamanda İddiaçı tərəfindən BBUM4471368A299 nömrəli kredit müqaviləsinin tam ödənişi olaraq 400,58 manat, 10 manat nağdlaşdırma və 12 manat sığorta haqqı olmaqla cəmi 422,58 manat ödəniş edilmişdir. Borcalan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixdə kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi təqdim edilmişdir. "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş BOX seriyalı ******* nömrəli 100 qat həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı bədbəxt hadisə və ya xəstəlik nəticəsində orqanizmin funksiyalarının 31-60%, 61-80% və 81-100% pozulmasına görə əlillik müəyyən edilərsə 1000 manat məbləğində, xərçəng xəstəliyi (4-cü mərhələ), leykemiya və limfoma, insult, miokardın infarktı, aorto-koronar şuntlama, böyrək çatışmamazlığı, əsas orqanların transplantasiyası və iflic zamanı isə 170 manat məbləğində sığorta edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BBUM4471368A299 saylı “Birkart Umico” kredit müqaviləsi, “Birkart” yaddaş vərəqindən, habelə kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, bank tərəfindən İddiaçı 500 manat məbləğində kredit xətti açılmışdır. Kredit xəttindən son istifadə tarixi xx.xx.2024-cü il, kartın son tarixi xx.xx.2024-cü il göstərilmişdir. Taksit əməliyyatları üzrə faiz 0%, qeyri-taksit əməliyyatları üzrə 25% təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1859 nömrəli rəyindən görünür ki, Nağd pulun mədaxili üçün 113TT**********8231 nömrəli xx.xx.2024-cü il tarixli 2 ədəd elanda “Ödəyənin imzası” qrafalarındakı imzalar; 113TT**********8231 nömrəli xx.xx.2024-cü il tarixli elan kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 27/25 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində 500 manat (müqavilə BBUM4471368A299) və xx.xx.2024-cü il tarixində 600 manat (müqavilə JVbGTZK6870594Bl 13) məbləğlərində kredit rəsmiləşdirilmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı GTZK6870594B113 kredit müqaviləsi üzrə banka 590 manat əsas, 75.37 manat faiz, 66.07 manat cərimə olmaqla bu kredit müqaviləsi üzrə ümumilikdə 731.44 AZN borcu var. BBUM4471368A299 kredit müqaviləsi üzrə 7 manat əsas , 0.16 manat faiz borcu, 0 manat cərimə, olmaqla kredit müqaviləsi üzrə ümumilikdə 7.16 manat borcu var. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən Cavabdeh ASC-nin xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı GTZK6870594B113 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 731,44 tutulmalıdır. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 756,44 manat pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Cavabdeh ASC-nin Xalqlar Dostluğu filialına ünvanlanmış İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, şəxs 2021-ci il tarixdən taksik kartı üzrə ödənişlər etdiyi halda borc bitmədiyindən xx.xx.2024-cü il tarixdə bankın filialına yaxınlaşmış və səbəbini soruşduqda ona kreditin taksit-istehlak edilməsi izah edilmiş və buna imza atmışdır. İşsizdir,səhhətində problem var, təhsilsizdir, ona kredit ayrılsa da, bank əməkdaşının sözünü anlaya bilməmişdir. xx.xx.2024-cü il tarixdə filiala yaxınlaşaraq ödənişlə bağlı yardım üçün müraciət etmişdir. Xahiş edir ki, çox az ödənişlə bu borcdan qurtulmağına yardım olunsun. Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 98/25 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixində BBUM4471368A299 Birkart umico kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən müştəriyə ilkin olaraq istifadə edilə biləcək limiti 500 manat müəyyən edilən kredit xətti ayrılmış və plastik kart təhvil verilmişdir. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə müştərinin 415 manat borcu olmuşdur. Məhkəmə iclasında baxış keçirilmiş "xxxx" ASC-nin müvafiq filialının xidmət zonasında quraşdırılmış videogörüntülərdən görünür ki, iddiaçı xidmət masasında əyləşərək mütəxəssislə danışıqlar aparır, bir neçə rəsmiləşdirmə mərhələsi keçir (planşet üzərində və kağızlara imza etməklə), daha sonra ona verilən kağızları götürərək kassaya doğru gedir. Kassa üzərində quraşdırılmış kamera görüntülərinə baxış zamanı müəyyən edilir ki, iddiaçı ona təqdim edilən sənədləri və özünə məxsus şəxsiyyət vəsiqəsini kassaya təqdim edərək kassadan ona verilən məbləğdə pulu qəbul edir, həmin pulu kassadan götürüb baxır və sonra oradan uzaqlaşır. Görüntülərdən iddiaçının ona təqdim edilmiş sənədlərə və ona kassadan verilən pula baxmağı, iddiaçının əlində olan sənədlər içində ödəniş cədvəli görünür. Məhkəmə iclasında dinlənilmiş xidmət masasında qeydə alınmış səs yazılarından iddiaçı və ona xidmət edən bank əməkdaşının kredit müqaviləsinin şərtlərini müzakirə etmələri, kreditin məbləği, faiz dərəcəsi və müddəti barədə bank əməkdaşı tərəfindən müştəriyə (hazırki halda iddiaçıya) məlumat verilməsi aydın olur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 746-1.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən bu maddənin digər bəndlərində sadalanmış məsələlər barədə məlumatları kağız və ya digər davamlı daşıyıcıda (məlumatın məqsədlərinə uyğun müddət ərzində saxlanılmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) istehlakçıya təqdim etməlidir. 746-2.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında ilkin olaraq xx.xx.2021-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və həmin tarixdən etibarən iddiaçı tərəfindən kredit xəttindən istifadə edilmişdir. İddiaçının bildirməsinə görə xx.xx.2024-cü il tarixdə bankın filialına yaxınlaşmasına səbəb həmin kredit xətti üzrə borcunun öyrənilməsi olmuşdur. Bununla belə o, bankla istəmədiyi halda müqavilə bağlanmış və adına yeni kredit rəsmiləşdirilmişdir. Onun bankla belə bir müqavilə bağlamağa niyyəti olmamışdır, onun məqsədi yalnız xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə borcunun dəqiqləşdirilməsi olmuşdur. Hazırda onunla bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız sayılmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbinin xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçının həmin kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas gətirdiyi dəlil onun aldanması olmuşdur. İddiaçı iddia edir ki, bank əməkdaşı tərəfindən ona mövcud vəziyyət barədə düzgün məlumat verilməmişdir. Məhkəmə iclasında dinlənilmiş səs yazısından mütəxəssisin iddiaçıya kredit şərtləri barədə məlumat verməsi aydın olur, müştəri (hazırki halda iddiaçı) ona təklif edilən bir neçə kredit variantını ona xidmət göstərən şəxslə dəqiqləşdirir. Belə olan halda iddiaçının kredit müqaviləsi bağlamağa iradəsinin olmamasına və mütəxəssis tərəfindən ona dolğun məlumat verilməməsinə dair dəlilləri təkzib olunur. Digər tərəfdən bankın filial kassası üzərində quraşdırılmış kamera görüntülərinə əsasən də aydın olur ki, iddiaçı əlində məhz yeni kredit müqaviləsi üzrə ödəniş cədvəlini tutmuşdur. İddiaçı kassaya yaxınlaşaraq təqdim etdiyi sənədlər müqabilində ona müəyyən məbləğdə pul verilir və iddiaçı həmin pulları götürüb sayaraq, kassadan uzaqlaşır. İddiaçı onun tərəfindən imzalanmış sənədlərdəki imzaları mübahisələndirmiş, lakin bu hal müvafiq ekspertiza rəyi ilə aydınlaşdırılmışdır. Həmçinin iddiaçının digər dəlili ona məhz xx.xx.2024-cü il tarixli müqavilədə göstərilən məbləğin ona verilməməsi ilə bağlı olmuşdur ki, bununla bağlı qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 600 manat kredit verilməsi göstərilsə də, həmin məbləğdən iddiaçının daha əvvəlki kredit xətti müqaviləsi üzrə borcunun silinməsi müqavilə şərtində aydın şəkildə qeyd edilmişdir. Həmçinin müvafiq kassa məxaric və mədaxil orderlərində də bu halı müəyyən etmək mümkündür. Üstəlik də iddiaçı götürdüyü kreditlə əvvəlki borcu arasında olan fərqi təşkil edən məbləği də götürmüşdür. İddiaçı sanki onun tərəfindən əvvəlki kredit xətti üzrə artıq ödənişlər etdiyi üçün bank tərəfindən həmin məbləğin ona qaytarılması barədə mövqeyi də ağlabatan görünmür. İddiaçının sonradan xx.xx.2024-cü il tarixli müqavilə üzrə kreditə hesablanan faizlərin yüksək olması əsası ilə ondan imtina etməsini məhkəmə əsaslı hesab etmir. Beləliklə iddiaçının iddia tələbinin müqavilənin etibarsızlığı hissəsinə dair gətirdiyi dəlilləri cavabdeh tərəfindən təqdim edilən sübutlarla təkzib edilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həmin müqavilə üzrə 600 manat məbləğində borcun silinməsi, habelə məhkəmə xərclərinin və mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən iddia tələbinin əsas hissəsinin təmini ilə birbaşa bağlı olan digər hissələr də öz növbəsində təmin edilməməlidir. Belə ki, müqavilə etibarlı müqavilə kimi hüquqi nəticələr doğurmaqla, həmin borc məbləği iddiaçıya aid edilməlidir. İddiaçının mənəvi zərər çəkməsinə dair dəlilləri müqavilənin etibarlılığı fonunda əsaslı deyildir. İddia tələbi bütövlükdə əsassız olduğundan çəkilmiş məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Aparılmış ekpsertiza tədqiqatının cəmi dəyəri olan 127 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsızlığı, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Nümayəndə dövlət büdcəsi hesabına hüquqi yardım göstərdiyinə görə 30 (otuz) manat (5*6=30 manat) dövlət büdcəsindən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-236/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-236/2025
18.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver