Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2362/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı Umudvar oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Umudvar oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Umudvar oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2017 – 2023-cü illər ərzində artıq iş saatlarına, qeyri-iş günlərində işə cəlb edilməyə, axşam və gecə növbəsində xidmətə təyin edilməsinə görə qanunvericiliklə nəzərdə tutulan, lakin ödənilməmiş aylıq əmək haqqı qalıqları olan 16000 manat pul məbləğinin tam olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cavabdeh Goranboy X7 işə qəbul edilmiş və cavabdeh qurumla aralarında xx.xx.2017-ci il tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsi bağlanaraq mülki mühafizəçi vəzifəsinə təyin edilmişdir. Sözügedən əmək müqaviləsinin müddətsiz və ya müddətli olması barədə onda məlumat yoxdur. Çünki, dəfələrlə müraciət etməsinə baxmayaraq, kağıza yazılı əmək müqaviləsi cavabdeh tərəfindən təqdim edilməmişdir. Əmək müqaviləsi haqqında məlumatı e-sosial.az dövlət portalından əldə etdiyi elektron arayış vasitəsilə təqdim edir və surətini iddia ərizəsinə əlavə edir. Cavabdeh tərəfindən ona 2017 – 2023-cü illər ərzində əməyinin qarşılığında 237 – 363 manat aralığında gross məbləğlərdə əmək haqqı ödənilmişdir. Əmək haqqı ödənişi barədə Azərbaycan Beynəlxalq Bankı Goranboy rayon fillialından əldə etdiyi əmək haqqı kartı çıxarışının əslini iddia ərizəsinə əlavə edir. Esosial.az dövlət portalından əmək müqaviləsini əks etdirən elektron arayışa əsasən, iş saatı 5 günlük iş həftəsinə uyğundur və iş saatları olaraq 09:00 – 18:00 göstərilmişdir. Lakin, işlədiyi müddətin 2017 – 2020-ci illər ərzində günaşırı (bir gündən bir olmaqla) 24 saat xidmətə cəlb edilmişdir. Bu halda həftəlik iş saatının miqdarı 96 saat təşkil etmişdir. 2020 – 2022-ci illər ərzində günaşırı (bir gündən bir olmaqla) 16 saat xidmətə cəlb edilmişdir. Bu halda həftəlik iş saatlarının miqdarı 64 saat təşkil edir. 2022 – 2023-cü illər ərzində iki gündən bir olmaq şərti ilə 24 saatlıq xidmətə cəlb edilmişdir. Bu halda həftəlik iş saatı miqdarı 72 saat təşkil edir. Artıq iş saatlarını təsdiq edən sənədlər cavabdeh qurumunun arxivində mövcuddur. Dəlil olaraq əldə etdiyi yalnızca Goranboy Rayon Məhkəməsində xidmətə təyin edilərkən mühafizəçilərin təhvil-təslim kitabının və mühafizəçilərin xidməti yoxlanış kitabçasının əsli onda mövcuddur və surətini iddia ərizəsinə əlavə edir. İşlədiyi müddətdə iş günü olmayan qeyri-iş günləri, bayram günləri və ümumxalq hüzn günlərində xidmətə cəlb edilmişdir. Sübut qismində təqdim etdiyi postacıların xidmətinin yoxlanılması kitabçasına nəzər salsaq, ilk səhifəsindən etibarən 2021-ci ilin sentyabr ayının şənbə və bazar günlərinə düşən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində şöbənin qrup rəhbəri Səfərov Nicat onu xidməti postunda yoxlamış və müvafiq qeydlərini aparmışdır. Lakin, qeyri-iş günlərində xidmətə cəlb edilməyə görə qanunvericilikdə nəzərdə tutulmuş əmək haqqına əlavə ödənişlər ödənilməmişdir. İşlədiyi müddətdə əmək müqaviləsinə zidd olaraq gecə və axşam növbəsi olmaqla xidmətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilən mühafizəçilərin xidməti yoxlanış kitabçasında gecə saatlarında xidməti postda şöbənin komandir heyəti tərəfindən yoxlanılması öz əksini tapmışdır. Misal olaraq, xx.xx.2021-ci il tarixində, gecə saat 01:25də, xx.xx.2021-ci il tarixində, gecə saat 00:20-də, xx.xx.2021-ci il tarixində gecə saat 01:30-da şöbənin qrup rəhbəri Səfərov Nicat xidməti postunda xidmətini yoxlamış və müvafiq qeydlərini aparmışdır. Bu da əmək müqaviləsində iş saatının 09:00-18:00 olmasına baxmayaraq, əmək müqaviləsinə zidd olaraq gecə xidmətə cəlb edilməsinin sübutudur. Əmək haqqına qanunvericilikdə nəzərdə tutulan əlavə ödənişlərin ödənilməsini və Azərbaycan Respublikası ƏM-nə və əmək müqaviləsinə əsasən, 8 saatlıq iş müddətinin təmin edilməsi, əmək haqqı qalıqlarının ödənilməsi üçün cavabdeh quruma müraciətlər ünvanlamışdır. Müraciətləri cavabsız qaldığı üçün daha sonra DİN-in “102” xidmətinə zəng edərək şikayətini bildirmişdir. Bunda sonra, rəhbərlik tərəfindən haqqında xidməti araşdırma başlanılmışdır. Xidməti araşdırma zamanı Baş Mühafizə İdarəsindən gələn əməkdaşa şöbədə olan qanunazidd əmək istismarı, rüşvət və korrupsiya halları barəsində məlumat verərək, iddiasını təsdiq edən audio və video dəlilləri təqdim etsə də, heç bir tədbir görülməmişdir və həmkarlar ittifaqının X8 Şöbəsi üzrə nümayəndəsi Pəri İsrafilova vasitəsi ilə tərtib edilən saxta ittihamlarla əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi şöbənin qrup rəhbəri işləyən Nicat Səfərov tərəfindən ona telefon zəngi vasitəsilə bildirilmişdir və onun şöbənin ərazisinə daxil olmasına icazə verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə tanış edilmədən və əmək kitabçası ona təqdim edilmədən əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmr poçt vasitəsi ilə ona təqdim edilmişdir. İşdən azad edilərkən 199.11 manat son haqq-hesab ödənilmişdir. Cavabdeh X2suz hərəkətlərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət ünvanlamışdır. xx.xx.2023-cü ildə DƏMX-nin Bakı şəhər İdarəsindən gələn məktubla X10 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə dəvət olunmuşdur. Şikayəti haqqında yazılı məlumatı əldə etdiyi sübutları həmin quruma təqdim etmişdir. X10 Xidməti tərəfindən şikayəti araşdırılaraq xx.xx.2023-cü il tarixli, 3-17-5/2-36897/3/2023 nömrəli cavab məktubunda cavabdeh qurumdan artıq iş saatlarının, bayram və qeyri-iş günlərində əmək fəaliyyətinin yerinə yetirilməsinin doğruluğunu isbat edən sənədlərin təqdim edilməsini həyata keçirmədiklərini əsas gətirərək əmək mübahisəsinə münasibət bildirmək mümkün olmadığı üçün məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilmişdir. Bəhsi keçən cavab məktubunun surətini iddia ərizəsinə əlavə edir. Pozulmuş əmək hüquqlarının bərpası üçün Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim xanım Leyla Əliyeva onu məhkəməyə dəvət belə etmədən xx.xx.2024-cü ildə 2-1(114)-3196/2024 nömrəli qərardadı ilə iddianın təmin edilməsini mümkünsüz saymış, qərardadda iddianın təmin edilməməsinə əsas olaraq “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən iddiaçının hərbi qulluqçu olmadığı üçün tələbin təmin edilməsi barəsində iddia ərizəsini mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə təqdim etməsinin gərəkli olduğu göstərilmişdir. Qərardadın bir nüsxəsini iddia ərizəsinə əlavə edir. Uzun müddətdir ki, işsizdir və dövlət tərəfindən məcburi köçkün kimi ödənilən 60 manat çörək pulundan başqa heç bir yerdən gəliri yoxdur. Himayəsində İİ qrup Qarabağ əlili xəstə anası vardır. Həmçinin, işlədiyi müddətdə Azərbaycan Beynəlxalq Bankının Goranboy fillialından əldə etdiyi kredit məbləğinin aylıq ödənişlərini ödəyə bilmədiyi üçün hal-hazırda haqqında çıxarılan məcburi icra etmə sənədinə əsasən, adlı çəkilən banka külli miqdarda borcu var. Cavabdeh X8 Şöbəsinə, DİN-ə, Baş Mühafizə İdarəsinə dəfələrlə yazılı müraciət etsə də, əmək mübahisəsinin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Qeyd edir ki, hüquqlarının bərpası üçün əmək müqaviləsinə xitam verildiyi 2023-cü ildə məhkəməyə müraciət etmək istəsə də, atası X4 vəfatı və İİ qrup Qarabağ əlili anası X1 yaranan problemlər buna maneə olmuşdur. Həmçinin, Gəncə İnzibati Məhkəməsində iddianın təmin edilməsinin mümkünsüzlüyü haqqında qərardad ona poçt vasitəsilə təqdim edilsə də, sənədlərinin göndərilməsi iki aya yaxın gecikdirilmişdir. Yalnız, özü Gəncə İnzibati Məhkəməsinə getdikdən sonra sənədləri təqdim edilmişdir. Qeyd edir ki, bundan öncə də eyni iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdeh tərəf iddianı sübut edəcək arxiv sənədləri olan “Naryad kitabları”nın məhv edildiyini əsas göstərərək sübutların təminindən boyun qaçırmışdır. İddianın isbatı olan audio və video sübutları təqdim etmək və yenidən iddia ərizəsi ilə müraciət etmək üçün iddianın baxılmamış saxlanılması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə şöbənin mülki mühafizə üzrə qrup rəhbəri vəzifəsində çalışan Səfərov Nicatla telefon əlaqəsinin səs yazısı mövcuddur. Qeyd edir ki, bu səs yazısı bilərək qeydə alınmamışdır. Həmin dövrdə istifadə etdiyi Xiaomi Redmi S2 markalı telefon gələn zəngləri avtomatik olaraq qeydə alıb mail ünvanına depolayırdı. Telefon zəngi zamanı qrup rəhbəri Səfərov Nicat açıq bir şəkildə xidmətin bir gündən bir 16 saat və iki gündən bir olmaqla 24 saat olduğunu, bu xidmət növlərindən birini seçməsini bildirir. xx.xx.2022-ci ildə onun tərəfindən qeydə alınmış videogörüntüyə əsasən, həmin dövrdə şöbənin rəisi vəzifəsində çalışan polis polkovnikleytenantı Azər Məmmədovla aralarında olan danışıqları qeydə almışdır. Danışıqları qeydə almaqda məqsədi həmin dövrdə dəfələrlə əsassız olaraq xidmətdən boyun qaçırmaqla ittiham edildiyi üçün Baş Mühafizə İdarəsi tərəfindən keçiriləcək hər hansı xidməti yoxlanış zamanı günahsız olduğunu sübut etmək olmuşdur. Videoda o, şöbənin rəisi Azər Məmmədova sutkalıq xidmətə gedə bilmədiyini bildirir. Videonun 10-cu və 15-ci saniyələri arasında rəis Azər Məmmədovun “sutka işliyirdiz indiyə qədər” dediyi açıq şəkildə bəlli olur. Bu da sübut edir ki, həmin dövrdə qanunvericiliyə və əmək müqaviləsinə uyğun olaraq 8 saat deyil, 24 saat çalışdırılmışdır. “Sübut 3” adlı audio faylı xx.xx.2023-cü il tarixdə haqqında xidməti araşdırma aparan Baş Mühafizə İdarəsinin xidməti yoxlama üçün göndərdiyi, soyadı Malışov olan əməkdaşı X8 Şöbəsinin həmin dövrdə rəisi olan polis polkovniki Seymur Sadıqovun xidməti otağında ondan izahat alarkən qeydə almışdır. Qeydə almaqda məqsədi artıq saxta ittihamlarla işdən azad ediləcəyi ona bəlli olduğu üçün gələcəkdə məhkəmə baxışı zamanı iddianı sübut etmək olmuşdur. Həmin audio faylda Baş Mühafizə İdarəsinin əməkdaşı olan Malışovun şöbənin qrup rəhbəri Səfərov Nicatı yanında çağıraraq onun xidməti saatları və xidməti postları haqqında ondan məlumat alması öz əksini tapmışdır. Malışovun qrup rəhbəri Səfərov Nicatdan “İddiaçı hansı postlara xidmətə yəin etmisiz?” sualına cavab olaraq, qrup rəhbəri Səfərov Nicat onun 24 və 16 saatlıq, həmçinin qısa bir müddətdə 8 saatlıq xidmətə cəlb edilməsini və hansı postlara xidmətə təyin edilməsi haqqında ətraflı məlumat verir. Bu da öz növbəsində, bir daha sübut edir ki, işlədiyi müddətdə 24 və 16 saatlıq xidmətlərə cəlb edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən İddiaçı Umudvar oğluna xx.xx.2024-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, Goranboy RMŞ-də işlədiyi müddətdə şöbənin maliyyə sahəsində problemlər olduğundan 2022-ci ilə aid əmək haqqı artımı fərqi digər əməkdaşlara ödənilmədiyi halda, xx.xx.2022ci il tarixdə 146.74 manat məbləğində hesablanmış əmək haqqı fərqi kart hesabına köçürülmüş, eyni zamanda 2019-cu ilin sentyabr – dekabr aylarında ödənilməmiş 161.69 manat məbləğində əmək haqqı artımı fərqi xx.xx.2023-cü il tarixdə işdən azad edilmə ilə ələqədar 37.42 manat məbləğində son haqq-hesab xx.xx.2023-cü il tarixdə tam şəkildə ödənilmişdir. Göstərilənlərlə yanaşı, Goranboy RMŞ-də işlədiyi müddətdə X6 xx.xx.2021-ci il tarixdə 200, xx.xx.2022-ci il tarixdə isə 150 manat məbləğində maddi yardımlar da verilmişdir. - İş materiallarına əlavə edilmiş sosial arayışa dair elektron çıxarışdan görünür ki, İddiaçı Umudvar oğlunun adına 02 ədəd əmək müqaviləsi barədə məlumatları əks olunmuşdur – 1) İşəgötürən – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi; vəzifə - MMX üzrə mühafizəçi; əmək haqqı – 372 manat; müqavilənin nömrəsi – xxxxxxx000201; qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il; iş yeri - əsas; iş saatları – 09:00 – 18:00; nahar fasiləsi – 13:00 – 14:00; iş rejimi – 5 günlük iş həftəsi (normal); 2) İşəgötürən – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi; vəzifə - MMX üzrə mühafizəçi; əmək haqqı – 250 manat; müqavilənin nömrəsi – xxxxxxx000200; qüvvədən düşmə tarixi – xx.xx.2022-ci il; iş yeri - əsas; iş saatları – 09:00 – 18:00; nahar fasiləsi – 13:00 – 14:00; iş rejimi – 5 günlük iş həftəsi (normal). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X8 Şöbəsi tərəfindən İddiaçı Umudvar oğluna xx.xx.2023-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, işçinin DİN-in Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə(ş/h)1229/2023 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmağı ilə əlaqədar əvvəlki illərdən qalan əmək haqqı artım fərqi və 01-03 avqust 2023-cü il tarixinə hesablanmış əmək haqqı qismində 199.11 manat məbləğində vəsait xx.xx.2023-cü il tarixdə əmək haqqı kartına köçürülmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 3-13-17/Ə(ş/h)1229/2023 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Umudvar oğlunun xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X8 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Umudvar oğlu xx.xx.2017-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Goranboy Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı Umudvar oğluna xx.xx.2023-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, təqdim edilən sənədlərə baxış keçirilərkən işçi ilə işəgötürən arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinin bağlanıldığı məlum olmuş, müəssisə tərəfindən təqdim edilən sənədlərdə işçinin işlədiyi dövr ərzində əmək məzuniyyətləri hüququndan istifadə etməsi və bununla əlaqədar məzuniyyət haqqının ödənildiyi bildirilmişdir. İşçinin izahatında qeyd etdiyi bayram, qeyri-iş günləri və artıq iş saatlarında əmək fəaliyyətinə cəlb olunması ilə bağlı işəgötürən tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün qeyd edilən məsələyə münasibət bildirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən işçi ilə işəgötürən arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və işçi tərəfindən təqdim edilən əmək haqqına dair bank çıxarışında xx.xx.2023-cü il tarixində 199.11 manat vəsaitin köçürüldüyü məlum olmuş, həmçinin xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə və son haqq-hesabın ödənilməsinə dair müəssisə tərəfindən sənədlər təqdim edilmədiyi üçün işçinin müqaviləsinə qanunvericiliyə uyğun xitam verilib-verilməməsinə, həmçinin son haqq-hesabın düzgün ödənilib-ödənilməməsinə münasibət bildirmək mümkün olmamışdır. Son olaraq, qeyd edilən məsələlərin həlli ilə ələqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 36. Tətil hüququ. İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddianı qəbul etmir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Məhkəmə qeyd edir kiİddiaçı Umudvar oğlu xx.xx.2017-ci il tarixdə əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Goranboy Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 3-13-17/Ə(ş/h)1229/2023 nömrəli əmrinə əsasən, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən X8 Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. İddiaçı ona 2017 – 2023-cü illər ərzində artıq iş saatlarına, qeyri-iş günlərində işə cəlb edilməsinə, axşam və gecə növbəsində xidmətə təyin edilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin ödənilməmiş 16000 manat məbləğində pul vəsaitinin verilməsini məhkəmədən xahiş etmiş, məhkəməyə müraciət etməzdən əvvəl bir-neçə orqana, eləcə də X10 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı Umudvar oğluna xx.xx.2023-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, təqdim edilən sənədlərə baxış keçirilərkən işçi ilə işəgötürən arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinin bağlanıldığı məlum olmuş, müəssisə tərəfindən təqdim edilən sənədlərdə işçinin işlədiyi dövr ərzində əmək məzuniyyətləri hüququndan istifadə etməsi və bununla əlaqədar məzuniyyət haqqının ödənildiyi bildirilmişdir. İşçinin izahatında qeyd etdiyi bayram, qeyri-iş günləri və artıq iş saatlarında əmək fəaliyyətinə cəlb olunması ilə bağlı işəgötürən tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün qeyd edilən məsələyə münasibət bildirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən işçi ilə işəgötürən arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi və işçi tərəfindən təqdim edilən əmək haqqına dair bank çıxarışında xx.xx.2023-cü il tarixində 199.11 manat vəsaitin köçürüldüyü məlum olmuş, həmçinin xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi ilə və son haqqhesabın ödənilməsinə dair müəssisə tərəfindən sənədlər təqdim edilmədiyi üçün işçinin müqaviləsinə qanunvericiliyə uyğun xitam verilib-verilməməsinə, həmçinin son haqqhesabın düzgün ödənilib-ödənilməməsinə münasibət bildirmək mümkün olmamışdır. Son olaraq, qeyd edilən məsələlərin həlli ilə ələqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Umudvar oğlu tərəfindən mediasiya təşkilatına xx.xx.2025ci il tarixində, xx.xx.2025-ci il tarixində isə məhkəməyə müraciət etmişdir. Bununla da İddiaçı Umudvar oğlu bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, əmək mübahisələrinə baxılması ilə bağlı qanunvericiliklə buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi imkanı da nəzərdə tutulmuşdur. Belə ki, müvafiq müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Fərdi əmək mübahisəsinə baxan orqan dedikdə, yalnız əmək mübahisələrinə məhkəməyə qədər baxan və həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan orqanlar deyil, həmçinin məhkəmələr nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı və ya onun nümayəndəsi (vəkili) tərəfindən buraxılmış müddətin bərpasına dair hər hansı müraciət edilməmiş, bu müddətin məhz üzrlü səbəblərdən buraxılmasını təsdiq edən kifayətedici və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə əksinə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Umudvar oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Umudvar oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.