Məhkəmə qərarları › İş №2(006)-2369/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2369/2022

20.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2369/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş kredit borcunun tam ödənilməsi nəticəsində cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli, 210/10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit və ipoteka müqaviləsinə əsasən həmin bankdan götürmüş olduğu 6.000 manat kredit məbləğinin təminatı kimi özünə məxsus mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra kredit borcunun ödənilməsində çətinlik çəkdiyindən cavabdeh tərəfindən ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka əmlakına yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli, 2(066)-458/2010 saylı qətnaməsinə əsasən cavabdehin iddiası təmin edilərək, ondan 7.558 manat pulun tutulması qət olunmuşdur. Həmin qətnamə üzrə borc onun tərəfindən təmin edilsə də, bank tərəfindən ona məxsus olan fərdi yaşayış evi ipotekadan azad edilmir və azad edilməsindən imtina edilir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsinə ödəniş qəbzlərini, ipoteka və kredit müqaviləsini əlavə edir və hesab edir ki, cavabdehə olan borcu tam ödənildiyindən, aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməlidir. İddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, səhhəti ilə bağlı problemlər olduğu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilmiş və məhkəmədən qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən teleqramı nəzərə alıb, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh BOKT ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh BOKT ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 210/10 saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 12 ay müddətinə illik 28% dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 210/10 saylı ipoteka (girov) müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Göygöl şəhəri, S.Hacıyev küçəsi 84 nömrəli binada yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51,2 kv.metr ümumi sahə, 34,9 kv.metr yaşayış, 16,3 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli mənzil kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə kredit müqaviləsi üzrə banka ödənişlər həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh BOKT ASC-nin 20 sentyabr 2022-ci il tarixli, 0810/PB saylı məktubundan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq İddiaçı xx.xx.2010-cu il tarixli, 2(066)-458/2010 saylı qətnamə üzrə müəyyən edilmiş borc məbləğini tam şəkildə ödədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bu Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixli, 210/10 saylı kredit müqaviləsi bağlanmış və iddiaçıya müqavilədə qeyd edilən şərtlərlə kredit məbləği verilmişdir. Eyni zamanda, tərəflər arasında eynitarixli ipoteka müqaviləsi bağlanmaqla, krediti müqaviləsinin təminatı olaraq iddiaçıya məxsus əmlak bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı banka olan borcunu ödəməklə və müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə, aralarında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini tələb edir. Cavabdehin məhkəməyə ünvanlamış olduğu məktubla müəyyən edilir ki, xx.xx.2010cu il tarixli, 210/10 saylı kredit müqaviləsi üzrə İddiaçı cavabdeh qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisələndirilən ipoteka müqaviləsinə xitam verilməsi üçün qanuni əsas mövcuddur. Çünki, girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyə xitam verildikdə girova (ipotekaya) xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 210/10 saylı ipoteka (girov) müqaviləsinə xitam verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, bu qətnamə İddiaçı məxsus olan Göygöl şəhəri, S.Hacıyev küçəsi 84 nömrəli binada yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51,2 kv.metr ümumi sahə, 34,9 kv.metr yaşayış, 16,3 kv.metr köməkçi sahədən ibarət 2 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 210/10 saylı ipoteka (girov) müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar