Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2384/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi xidmət zamanı həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “hərbi xidmət zamanı həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun (qan pulunun) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən və ölüm haqqında şəhadətnamədən də göründüyü kimi hərbi xidmət zamanı həlak olan xx.xx.1973-cü il təvəllüdlü qardaşı X4 12 oktyabr 1995-ci il tarixində Ağsu rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.1996-cı il tarixində Bakı şəhərində olan N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin komandiri tərəfindən xx.xx.1996-cı il tarixində Ağsu rayon Hərbi Komissarlığına göndərilən 485 saylı bildiriş. Həmin bildirişdə aşağıdakılar göstərilmişdir:Ağsu rayon Həbi Komissarlığına-verilir ondan ötrü ki, həqiqətən N saylı hərbi hissənin sıravi əsgəri X4 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Hadisə mərhumun xidməti dövründə baş vermişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən (keçmiş Ağsu Rayon Hərbi Komissarlığı tərəfindən) xx.xx.2023-cü il tarixində verilən 82 saylı Arayış. Həmin arayışda aşağıdakılar göstərilmişdir:Verilir Ağsu rayon İlxıçı kənd sakini 1972-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, onun mərhum qardaşı 1976-cı il təvəllüdlü əsgər X4 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmamazlığından vəfat etmişdir. Hərbi xidmət zamanı ölən qardaşı X2 ölümü barəsində Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2018-ci il tarixindən verilən AZ-İN 957927 saylı ölüm haqqında şəhadətnamə. Həmin şəhadətnamədə göstərilmişdir ki, “X1 xx.xx.1996 otuz yanvar min doqquz yüz doxsan altıncı ildə ölmüşdür” (Hərbi Qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman öldükdə sığorta hadisəsi hesab edilir və buna görə sığorta ödənişləri bu qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 100 faizi nisbətlərində verilir, 4-cü maddə ilə də həmin məbləğ 1100 manat nəzərdə tutulmuşdur). Qanunla həlak olan hərbi qulluqçunun varisi kimi ona ödənilməli olan sığorta pulunu indiyə qədər müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti axırıncı sorğusuna 14 fevral 2019-cu il tarixində absurd bir cavab verərək bildirmişdir ki, guya Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il tarixli 1 saylı Fərmanına və həmin Fərmana xx.xx.2019cu il tarixli dəyişikliyə əsasən həmin pulu ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməlidir (halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona elə həmin ilin yanvar ayında göstərilən cavabda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 620 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Ona görə də Dövlət Sığorta Şirkətinə müraciət etməyi tövsiyə olunur, halbuki yuxarıda göstərdiyi kimi Dövlət Sığorta Şirkəti ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyə etmişdir). Sözün əsl mənasında qardaşının hərbi xidmətdə əsgər kimi ölməsi ilə əlaqədar aidiyyətli dövlət orqanları tərəfindən aparılan ötür-ötür oyunlarından sonra məcbur qalıb 05 sentyabr 2020-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, hərbi xidmət zamanı həlak olan qardaşı X2 vərəsəsi kimi ona 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ödənilməsi barəsində qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz təqdim edərək izahatında qeyd etdi ki, mülki işin materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən mərhum X4 xx.xx.1996-cı il tarixində hərbi xidmət vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 957927 nömrəli şəhadətnaməyə əsasən X4 xx.xx.1996-cı il tarixdə ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılar-müvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. Müvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta fəaliyyətinin həyata keçirilməsinin əsasını təşkil edən icbari sığorta müqavilələri Qanunun qüvvəyə minməsindən sonra bağlanmağa başlandığına görə və dolayısı ilə iddiaçının qardaşı, mərhum X2 xidmətdə olarkən vəfat etdiyi dövrdə 1996-cı ildə icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilmədiyindən, hərbi xidmət zamanı sonuncunun həyat və sağlamlığı icbari şəxsi sığorta edilməmişdir. Bu səbəbdən hazırki iddia tələbi tamamilə əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən verilən xx.xx.2023cü il tarixli, 82№-li Arayışdan görünür ki, mərhum 1976-cı il təvəllüdlü, əsgər X4 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan AZ-İ № 957927 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 47№-li, xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, mərhum X2 vərəsələrindən biri qardaşı İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən 13 fevral və 15 may 2019-cu il tarixli cavab məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 saylı Fərmanına dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Fərman imzalanmış, Fərmana əsasən 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə verilməsinə icazə verilmiş, həmin məbləği almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən 02 iyun 2020-ci il tarixli cavab məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərvi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edildiyi, bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3775/2020 saylı qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 1295№-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 485 nömrəli bildirişinə əsasən mərhum X2 ölümü, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı üçün tərəflərindən müvafiq arayışın verilməsi, həmçinin onun adının şəhid ailələri, əlillər, müharibə veteranları siyahısına əlavə edilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 15 iyul 2019-cu və 27 oktyabr 2021-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının 5ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısında X2 adı aşkar olunmadığı üçün məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum qardaşı X4 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş sığorta ödənişinin ona verilməsi məqsədilə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin Sığorta şirkəti sığorta ödənişinin alınması üçün ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi tövsiyə etmişdir. Lakin, hazırda iddiaçı mərhum qardaşının hərbi xidmətdə olduğu müddətdə vəfat etsə də, ona şəhid statusu verilmədiyi üçün mərhumun vərəsəsi kimi ona sığorta ödənişinin hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olduğunu iddia edir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməlidir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanın 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi göstərilmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. “Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar xx.xx.2022-ci il Fərmanında Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və Cəmiyyətin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxs olması göstərilmişdir. xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və xx.xx.1992-ci ildən qanuni qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Göründüyü kimi, iddiaçının mərhum qardaşı hərbi xidmətdə olduğu müddət ərzində xəstəlikdən vəfat etdiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunan xidmətdə (toplanışdan) olduğu zaman həlak olduqda (öldükdə) sığorta məbləğinin 100 faizi məbləğində sığorta ödənişləri verilir. Həmin Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hərbi xidmət zamanı xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmamazlığından vəfat edən iddiaçının qardaşı X2 vərəsəsi İddiaçı iddia tələbi əsaslıdır və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 11.000 (on bir min) manat məbləğində sığorta pulu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Hərbi xidmət zamanı həlak olan X2 vərəsəsi kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 (on bir min) manat məbləğində sığorta pulu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2384/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2384/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver