Məhkəmə qərarları › İş №2(006)-2408/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2408/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2408/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Faktiki nikahdan iki övladları – xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikahlar 2016-cı il tarixdə pozulmuşdur və cavabdeh övladlarına aliment verməkdən imtina edir. Övladlarının xərclərini tək qarşılamaqda çətinlik çəkir. Cavabdeh ilkinh mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 245 manat olmaqla ümumilikdə 490 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, alimentin tutulma vaxtının mediasiyaya müraciət etdiyi tarixdən nəzərə alınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq mediasiyaya 24 yanvar 2025-ci il tarixində müraciət etdiyini, cavabdehin maddi cəhətdən heç bir köməklik göstərmədiyini, cavabdehin 2-ci dəfə nikaha daxil olmadığını bildirmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı birgə nikahdan olan uşaqlarının saxlanılması üçün hər uşağa görə aylıq 245 manat olmaqla, ümumilikdə 490 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyevə İddiaçı tərəfindən ünvanlanan xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı nikahın pozulmasını tələb etmiş, lakin alimentə ehtiyacı olmadığından gələcəkdə maddi zərurət yarandıqda aliment tələbinə dair iddia irəli sürəcəyini bildirmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(006)-8440/2015 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 25 oktyabr 2006-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış və 581 nömrə ilə akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və tərəflərin birgə nikahından olan 07 yanvar 2009-cu il təvəllüdlü X2 və 06 mart 2013-cü il təvəllüdlü X4 adlı uşaqlarının İddiaçı yanında saxlanılması qət edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MSB 2-00075/2025 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək, 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 11.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 11 mart 2016cı il tarixdə verilən AZ-İ seriyalı, 235226 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016cı il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. 12.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 30 iyun 2015ci il tarixdə verilən AZ-İİİ seriyalı, 550279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. 13.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 13 iyun 2018ci il tarixdə verilən AZ-İV seriyalı, 103804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 15.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 16.Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 17.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 18.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 19.Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 20.Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 21.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 22.Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 23.Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeydşərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 24.«Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 25.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 26.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 27.Məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdən (mediasiya ilə bağlı təklifin göndərildiyi vaxtdan) başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (245:400≈0.61) sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 28.Məhkəmə alimentin tutulması vaxtının mediasiya ilə bağlı təklifin göndərildiyi vaxtdan hesablanması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə bağlı qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməsi üçün cavabdehə bununla bağlı təklif göndərmişdir. 29.“Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. 30.Göründüyü kimi cavabdehə artıq xx.xx.2025-ci il tarixdə iddiaçının alimentin ödənilməsi tələbi ilə bağlı niyyəti məlum olmuşdur. 31.Məhkəmə həm mülki prosessual qanunvericiliyin, həm də “Mediasiya haqqında” qanunun tələblərini nəzərə alaraq hesab edir ki, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi qanunvericiliyin göstərişlərinə əməl olunaraq ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi üçün iddiaçının yerinə yetirməli olduğu prossedur olmuş və prossedurun nəticəsində artıq cavabdeh ona qarşı olan tələbdən xəbərdar olsa da, alimentin ödənilməsindən boyun qaçırmağa davam etmişdir. Bu fakt da onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan hallar, yəni aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır. 32.Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 36.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar