Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2413/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının qəyyumu Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.800 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı İddiaçı xx.xx.1977-ci ildə Xanlar şəhərində doğulmuşdur. Hərbi xidmətdə olarkən 1996-cı ildə ağır kəllə-beyin travması keçirmiş və həmin travmaya görə hərbidən vaxtından əvvəl tərxis olunmuşdur. Tərxis olunmamışdan əvvəl aldığı travmaya görə hərbi hospitalda müalicə alsa da, heç bir irəliləyiş olmamış, əksinə sağlamlığı vaxt keçdikdcə daha da, pisləşmişdir. İ qrup əlildir. 15 ilə yaxındır ki, yeriyə bilmir, nitqi tutulmuş, sərbəst qida qəbul etmir, heç kimi tanımır və demensiya xəstəliyindən əziyyət çəkir. Bir sözlə qardaşının faktiki olaraq fəaliyyət qabiliyyəti yoxdur. Bununla bağlı olaraq ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2(066)-368/2020 saylı qətnaməsi ilə xx.xx.1977-ci il təvəllüdlü İddiaçı hal-hazırda baş beynin üzvi xəstəliyi nəticəsində (travmatik mənşəli) qıcolma tutmaları və demensiya (ağıl zəifliyi) ilə ifadə olunmuş davranış pozğunluqları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qeyd olunan qətnamə əsasında qardaşının qəyyumu təyin olunmaq üçün Göygöl rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının 22.10.2020-ci il tarixli, 102 saylı Sərəncamına əsasən xx.xx.1977-ci il təvəllüdlü qardaşı İddiaçı qəyyumu təyin edilmişdir. Qardaşının qəyyumu olaraq onun hüquqlarını həyata keçirməyə başlamışdır. Qardaşı xəstə olduğu üçün ona çatmalı olan sığorta ödənişi ilə bağlı hər hansı müraciət edə bilməmişdir. Bu səlahiyyətlər ona keçdikdən sonra ərizə ilə cavabdeh və digər dövlət orqanlarına müraciət etmişdir. Ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 10.12.2020-ci il tarixli, 11/Q-425 saylı məktub göndərilmişdir. Həmin məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli qanun qüvvəyə minənədək 1991- 1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş, itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış, lakin hal-hazıradək sığorta məbləğini almamış hərbi qulluqçular, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasına Milli Məclisinə tövsiyyə edilmişdir. Cavabdeh orqanın sığorta ödənişini ödəməkdən imtina üçün gətirdiyi dəlil əsassızdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istfadə etmək məcburiyyətində qalır. Cavabdeh orqanın sığorta ödənişindən imtina üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhinə istinad etməklə, həmin qərarı səhv təfsir etməsi qanunsuzdur. Əvvəla, Konstitusiya Məhkəməsinin sözügedən qərarı birdəfəlik sığorta məbləğinin artırılması hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək bu məbləği almış şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qəbul etməmişdir. Həmin qərarda sığorta ödənişinin həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsini, birdəfəlik sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsinin qanunvericiliyin tələblərinə zidd olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qəyyumu Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının qəyyumunun və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdə Xanlar şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin çıxarışından görünür ki, İddiaçı «Başqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Baş beyinin üzvi xəstəliyi nəticəsində demensiya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Tez-tez baş verən epileptik tutmalar gündə 6-8 dəfə. Diplegik spastik serebral iflic. Aşağı ətrafların paraplegiyası. Daima kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı var» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 12.11.2019-cu il tarixli, Q-312 saylı arayışından görünür ki, İddiaçı 16.07.1995-ci il tarixdən 26.02.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Başçısının 22.10.2020-ci il tarixli, 102 saylı sərəncamından görünür ki, Nümayəndə Göygöl Rayon Məhkəməsinin 2(066)-368/2020 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.1977-ci il təvəllüdlü qardaşı İddiaçı qəyyum təyin edilmişdir. İddiaçı qəyyumu Nümayəndə Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 10.12.2020-ci il tarixli 11/Q-425 saylı məktubundan görünür ki, sığorta ödənişinin verilməsinə dair məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı birinci qrup müddətsiz əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İ qrup — 80 faiz. İddiaçının İ qrup əlil olması, əlilliyi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travma nəticəsində alması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı qəyyumu Nümayəndə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı qəyyumu Nümayəndə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2413/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2413/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver