Məhkəmə qərarları › İş №2(006)-2418/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2418/2024

08.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2418/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X7 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, verilmiş etibarnaməyə əsasən X7 ilə "xxxx" ASC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(006)-4443/2023 saylı qətnaməsi ilə idda tələbi təmin edilməmiş və o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)-1768/2024 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, o, pretenziya qaydasına riayət etməmişdir. Hazırda o, məhkəməyə yenidən müraciət etməmişdən əvvəl ipoteka müqaviləsinin ləğvi ilə bağlı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə cavabdehə müraciət etmiş, lakin aralarında heç bir razılıq olmamışdır. Bildirir ki, "xxxx" ASC-nin «Nərimanov» filialı ilə X7 arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 11-78 nömrəli kredit müqaviləsinə əsasən X4 12 (on iki) ay müddətinə illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 65.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə onun verdiyi etibarnaməyə əsasən X7 ilə Bank arasında 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan, Bakı şəhəri Nərimanov rayonu Cahangir Zeynalov küçəsində, 0,05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən, bir mərtəbəli, dörd otaqlı, 165,74 m2 ümumi sahəsi olan 6 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin X4 və ona qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli 2(105)-28/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan 01 aprel 2011-ci il tarixli 11-78 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 29.600 manat əsas borc, 10.440,85 manat faiz və 1.000 manat dəbbə pulu olmaqla, cəmi 41.040,85 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan bankın xeyrinə tutulmalı olan məbləğin ilk növbədə 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri Nərimanov rayonu Cahangir Zeynalov küçəsində, 0.05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən bir mərtəbəli, dörd otaqlı, 165,74 m2 ümumi sahəsi olan 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilib, mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan cavabdeh kimi onun tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, mənzilin boşaldılması, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və iddia tələbinin - «cavabdeh İddiaçı ilə birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi» hissəsində təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Ümumiyyətlə, yuxarıda göstərdiyi məsələlərdən təzəlikcə xəbəri olmuşdur. Belə ki, 2011-ci ilin əvvəllərində X7 ona bildirmişdir ki, işləri ilə əlaqədar kredit götürmək istəyir, lakin bank tərəfindən adına kredit ayrılmadığından onun adına kredit götürməsi üçün etibarnamə verilməsini xahiş etmişdir. O da, kredit götürməsi üçün Elxana etibarnamə vermişdir. Elxan yuxarıda göstərilən tarixdə "xxxx" ASC-dən kredit götürdüyünü ona bildirmişdir. Lakin, ipoteka müqaviləsi ilə bağlı ona heç bir məlumat verməmişdir. Elxan krediti götürdüyü vaxtdan sonra 18 aprel 2011-ci il tarixdə vəfat etmişdir. O, bundan sonra hesab etmişdir ki, Elxanın götürdüyü kredit məbləği sığortalı olduğundan borc hansısa sığorta şirkəti tərəfindən ödəniləcəkdir, özü yaşİı və xəstə olduğundan bu məsələlərlə məşğul olmağı tanışları olan X3 xahiş elmiş və sonuncuya etibarnamə vermişdir. Hazırda, ailəsinin yeganə yaşayış evi olan mübahisəli mənzilin əlindən çıxması təhlükəsi ilə üz-üzədir. Onunla bağlanmış ipoteka müqaviləsinin mövcudluğundan xəbəri olmamış və bu səbəbdən də, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan sonra, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)-1761/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən iddia müddətinin ötürülməsinə əsaslanmışdır. Halbuki, o, iddia ərizəsində qeyd etdiyi kimi, ipoteka müqaviləsinin bağlanmasından icra hərəkətləri zamanı məlumatı olmuşdur. Hazırkı iddia ərizəsinin mahiyyəti ipoteka müqaviləsinin ləğvi ilə bağlıdır. Belə ki, qanunvericilikdə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kredit müqavilələri üzrə borcun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, ayrıca icraatda ipoteka müqaviləsinin etibarsızlığı və ya ləğvi ilə bağlı tələb üzrə işə baxılmasına mane olmamalıdır. Belə ki, bu mübahisələr eyni tərəflər arasında olsa da, iddianın predmetləri fərqlidir. Ona görə də, şəxslərin məhkəməyə çatımlılıq hüququ qorunmalı, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş qətnamənin olmasına baxmayaraq, həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsinin ləğvinə dair iddialar icraata qəbul edilməli və həmin işlərə mahiyyəti üzrə baxılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Tərəflərin iştirakları və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, başqa məhkəmədə baxılan digər işlə əlaqədar olaraq, hazırki mülki iş üzrə təyin edilmiş məhkəmə baxışında iştirak edə bilməyəcəyini nəzərə çatdırmış, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirmiş və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: AA seriyalı, 331125 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür. İddiaçı adından AR-İ №03500 saylı etibarnaməyə əsasən X7 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11-26 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus, Bakı şəhəri, Nərimanov rayonu C.Zeynalov küçəsində istifadədə olan 0.05129 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 1 mərtəbəli binada yerləşən 165,74 m2 ümumi, 82,8 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 6 nömrəli mənzil 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2017-ci il tarixli 2(105)-28/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı rayon məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli 2(028)-586/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan 01 aprel 2011-ci il tarixli 11-78 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 29.600 manat əsas borc, 10.440,85 manat faiz və 1.000 manat dəbbə pulu olmaqla, cəmi 41.040,85 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan bankın xeyrinə tutulmalı olan məbləğin ilk növbədə 01 aprel 2011-ci il tarixli 11-26 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, ona məxsus Bakı şəhəri Nərimanov rayonu Cahangir Zeynalov küçəsində, 0.05129 ha torpaq sahəsində, 7 saylı binada yerləşən bir mərtəbəli, dörd otaqlı, 165,74 m2 ümumi sahəsi olan 6 saylı mənzilə yönəldilməsi, həmin mənzilin hərracda satılması üçün ilkin satış qiymətinin 100.000 manat müəyyən edilib, mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan cavabdeh kimi onun tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, mənzilin boşaldılması, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh X2 prosessual hüquqi varisi kimi ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və iddia tələbinin - «cavabdeh İddiaçı ilə birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində əmlakları ilə birlikdə tərk etmələri, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi» hissəsində təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərardadı ilə İddiaçı verdiyi kassasiya şikayətinin geri qaytarılması barədə qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)- 3474/2022 saylı qərardadı ilə İddiaçı şikayətinin təmin edilməməsi, mülki işin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 2(006)-1761/2022 saylı qərardadının dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli 2(102)-4096/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apllyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(103)-3474/2022 nömrəli qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli 2(103)- 6373/2022 saylı qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(006)-1761/2022 saylı qərardadının ləğv olunması və mülki işin İddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)- 1761/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)- 1727/2023 saylı qətnaməsi ilə İddiaçı apellasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(006)-1761/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(102)-2698/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli 2(103)-1727/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(006)- 4443/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)- 1768/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(006)-4443/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı cavabdeh "xxxx" ASC-yə ünvanladiği xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən 5 gün ərzində X7 ilə "xxxx" ASC arasinda bağlanmiş xx.xx.2011-ci il tarixli, 11-26 nömrəli ipoteka müqaviləsinin ləğv edilməsini və mülkiyyətində olan evin yüklülükdən azad edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı iddia ərizəsində sadaladığı məhkəmə mübahisələrindən təzəlikcə xəbər tutduğunu qeyd edir, halbuki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qeyd edilən dəlil tam təkzib olunur. İş materiallarından göründüyü kimi, "xxxx" ASC cavabdehlər X4 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılan dövrdə məhkəmə iclaslarında İddiaçı adından onun nümayəndəsi X8 iştirak etmiş və mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsindən xəbərdar olmuşdur. İddiaçı iddia ərizəsində X4 onun adına kreditin götürülməsi məqsədi ilə notarial qaydada təsdiq olunmuş etibarnamə verdiyini və həmin etibarnamə əsasında onun xəbəri olmadan ona məxsus mənzilin bank qarşısında ipoteka ilə yüklü edildiyini qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hala dair mötəbər sübut təqdim etməmişdir. İddiaçı müqavilənin ləğvi tələbini daha çox müqavilənin bağlanmasından xəbərsiz olması dəlili ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə kreditorun tələblərinin təmin edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa eyni tərəflər arasında daha əvvəlki məhkəmə mübahisələri üzrə də iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə xatırladır ki, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğvinə əsas verən hallar deyildir. Həmçinin mülki qanunvericilik tərəflər arasında bağlanmış müqavilənin ləğvi əsaslarını müəyyən etmişdir. İddiaçının kredit müqaviləsi üzrə borcalana verdiyi etibarnaməyə əsasən ona məxsus əmlaka dair ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və bu hal daha əvvəlki məhkəmə mübahisələri zamanı da yoxlanılaraq qiymətləndirilmişdir. Tərəflər arasında məhkəmə mübahisələri 2015-ci ildən etibarən davam etməkdədir və iddiaçı bu müddət ərzində iddia tələbində qeyd etdiyi kimi şəraitin dəyişməsi və digər halları daha əvvəlki məhkəmə mübahisələrində də irəli sürə biləcəyi təqdirdə etməmişdir. Müəyyən edildiyi kimi tərəflər arasında müqavilənin ləğvi üçün hazırki iş üzrə cavabdeh olan bank tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna yol verilməmiş, həmçinin müqavilənin ləğvi üçün əhəmiyyətli dərəcədə dəyişmiş şərait yaranmamışdır. İpoteka müqaviləsi üzrə yüklü edilmiş əmlakın ipoteka qoyanın yeganə yaşayış sahəsi olması müqavilə bağlanan məqamda da mövcud olmuş hal idi və hazırda belə bir halı dəlil gətirərək ipotekaqoyanın - əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.- kimi əsasa istinad etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar