Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2435/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və X5 cəlb edilməklə “öhdəliyə xitam verilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "öhdəliyə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06741 saylı xx.xx.2015-ci il tarixli və 06869 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı cavabdeh "xxxx" MMC qarşısında öhdəliyinə xitam verilməsi, qeyd olunan kredit müqavilələri üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06741 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 9000 ABŞ dolları məbləğində, 06869 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borc tam şəkildə ödənilmişdir. Bu barədə cavabdeh tərəfindən ona borc öhdəliyinin olmaması barədə xx.xx.2020-ci il tarixli Arayış verilmişdir. Buna baxmayaraq borcun olmaması barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosuna hər hansı bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq həmin şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İş materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 95-8982 nömrəli Çıxarışının 3.7-ci bəndindən görünür ki, iddiaçının cavabdeh MMC üzrə 9000 ABŞ dolları kreditə görə 5197,80 ABŞ dolları qalıq məbləği; 3.8-ci bəndinə görə isə 9000 ABŞ dolları kreditdən 3797.30 ABŞ dolları qalıq qalmışdır. "xxxx"MMC-nin Ağdaş filialının 435 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli 06869 saylı kredit müqaviləsi üzrə 9000 ABŞ dolları kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə iddiaçı borcunu tam şəkildə ödəmişdir. Halhazırda onun "xxxx"MMC-də heç bir öhdəliyi yoxdur. Adıçəkilən arayış cavabdehin Ağdaş filialının müdiri vəzifəsini icra edən Azad Səlimov tərəfindən imzalanmış və filialın möhürü ilə təsdiq edilmişdir. "xxxx"MMC-nin Azərbaycan Respublikası MƏrkəzi X4 Departamentinə ünvanladığı AO/017 nömrəli xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur: vətəndaş İddiaçı müraciəti üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçı hər iki kredit müqaviləsini baş ofis tərəfindən rəsmiləşdirilsə də xx.xx.2020ci ildə öhdəliyin olmaması arayışı Ağdaş filialı tərəfindən verilmişdir. Baş Ofis tərəfindən xx.xx.2015-ci ildə rəsmiləşdirilmiş 06869 nömrəli kredit müqaviləsinə əsasən 9000 ABŞ dolları öhdəliyi yaranmış, Mercedes E 220 markalı avtomobil girov qoyulmuş, hazırda həmin avtomobil girovdan çıxarılmış və xx.xx.2023-cü ilə BOKT-a 8113.81 ABŞ dolları ödənilməmiş borc qalmışdır. Bundan əlavə iddiaçının xx.xx.2015-ci il tarixli 06741 nömrəli kredit müqaviləsinə əsasən 9000 ABŞ dolları məbləğində öhdəliyi yaranmış, BMV-745 markalı avtomobil girov qoyulmuş hazırda həmin avtomobil girovdan çıxarılmış və xx.xx.2023-cü ilə iddiaçının cavabdehə həmin müqavilə üzrə 4057.81 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. "xxxx"MMC-nin 2021-ci ildə aparılmış audit yoxlaması nəticəsind ə bu faktlar aşkar edilmiş və audit rəyində bu kimi məsələlərin hüquqi müstəvidə həll edilməsi tövsiyyə olunmuşdur. Hazırda həmin sənədlərin toplanılıb hüquq mühafizə orqanlarına göndərilməsi işləri yekunlaşdırılmaqdadır. Adıçəkilən məktuba qoşma şəklində bir sıra sənədlər əlavə edilmişdir. Həmin sənədlərdən bəzilərini təşkil edən müxtəlif tarixli məktublardan görünür ki, cavabdeh MMC-nin direktorları olmuş Mahir Muxtarov və Həsən Mehdizadə iddiaçının kredit öhdəliyinin icrası istiqamətində Göyçay Rayon İcra və Probasiya Şöbəsinə və Ədliyyə Nazirliyinə məktublar göndərilmişdir. Göycay Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx"MMC-yə 06869 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi həyata keçirilmiş və həmin icra sənədi üzrə icraata xitam verilmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 13-16/2-C69962 nömrəli məktubundan görünür ki, BMV 745 markalı 90XX745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə özgəninkiləşdirilmişdir. Mersedes Benz E-220 CDİ markalı 90MV391 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, iddiaçıya məxsus Mersedes Benz E-220 CDİ markalı nəqliyyat vasitəsi X1. Alqı-satqı müqaviləsini iddiaçının adından X5 icra etmişdir. Elektron Notariat Avtomatlaşdırılmış X2 görünür i, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə X3 xx.xx.2016-cı il tarixdə X7 digər səlahiyyətlərlə yanaşı ona məxsus əmlakların idarə etmək, satmaq, bağışlamaq kimi səlahiyyətlər verilmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.3. əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda. 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 541.1. Tələb güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün qarşılıqlı tələbini yeni kreditorun tələbi ilə əvəzləşdirə bilər. 541.2. Əvəzləşdirmə bu şərtlə aparıla bilər ki, tələb, onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin.
542. Əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir.
543. Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Yuxarıda sadalanan işin hallarından və qanunvericilik normalarından müəyyn olunur ki, tərəflər arasında iki kredit müqaviləsi mövcud olmuş və həmin kredit müqavilələrinin icrasının təminat üsulu kimi iddiaçıya məxsus 2 ədəd nəqliyyat vasitəsi girov qismində qoyulmuşdur. İddiaçı tərəfindən mövcud kredit müqavilələri üzrə ödənilməli olan pul məbləğlərinin bir qisminin ödənişi həyata keçirilmiş, lakin ödənişlərdə gecikmə olduğundan bir kredit müqaviləsi məhkəmə mübahisəsinin predmetini təşkil etmişdir. Sonradan cavabdehin “Ağdaş” filialının direktoru vəzifələrində işləmiş Mehdizadə Həsən və Mahir Muxtarov iddiaçının mülkiyyətində olan və girov predmeti olan nəqliyyat vasitələrini etibarnamə əsasında əldə etmiş və həmin nəqliyyat vasitələrini özgəninkiləşdirmişlər. Bunun əvəzində isə, Cavabdehin “Ağdaş” filialı tərəfindən iddiaçıya BOKT qarşısında heç bir öhdəliyinin olmaması barədə Arayış təqdim edilmişdir. Bu hal, iddiaçi tərəfindən təqdim olunmuş sənədlər əsasında da müəyyən edilmişdir. Ayrılmış kreditlər üzrə tərəflər arasında baş vermiş bütün hərəkətlərdə uyğunsuzluqların olması cavabdeh BOKT-nin Baş Ofisinin Mərkəzi Banka ünvanladığı məktubda da öz əksini tapmışdır. Qanunvericiliyə əsasən Filial hüquqi şəxsin əsasnamə üzrə fəaliyyət göstərən strukturu olduğundan və həmin əsasnamə üzrə ona verilmiş səlahiyyətləri həyata keçirdiyindən, hüquqi şəxsi təmsil etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, iddiaçıya Ağdaş filialı tərəfindən verilmiş Arayışın mötəbərliliyini şübhə altına alan hər hansı bir sübut, eləcə də qanuni olaraq bir nüans mövcud deyildir. Bütün bu göstərilənlər ona dəlalət edir ki, iddiaçının cavabdeh BOKT-da mövcud olan kredit öhdəlikləri girov predmeti olan nəqliyyat vasitələri ilə əvəzləşdirilmiş və buna görə də, hazırda onun BOKT qarşısında hər hansı bir öhdəliyi mövcud deyildir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06741 saylı xx.xx.2015-ci il tarixli və 06869 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı cavabdeh "xxxx" MMC qarşısında öhdəliyinə xitam verilməli, qeyd olunan kredit müqavilələri üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməli və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. 06741 saylı xx.xx.2015-ci il tarixli və 06869 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı cavabdeh "xxxx" MMC qarşısında öhdəliyinə xitam verilsin və qeyd olunan kredit müqavilələri üzrə borcun olmaması barədə "xxxx" MMC-yə məlumat verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş olan 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Əfsanə Heydərova