Məhkəmə qərarları › İş №2(006)-2446/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2446/2021

22.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2446/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X2 cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC-nin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinin Cavabdeh2 ASC tərəfindən əldə edilməsi barədə 19 noyabr 2019-cu il tarixli Y-243 saylı yekun protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsi ilə cavabdehdən 15.12.2014-cü il tarixli 13933-CNS-14053 saylı müqavilə üzrə ümumilikdə 47.079 ABŞ dolları 66 sent məbləğində pulun tutulması və borcun ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faizin məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, evin ilkin satış qiyməti 90.000 manat olaraq, faiz məbləği 2.385 ABŞ dolları 74 sent müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(102)-6491/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli 2(103)- 1073/2018 saylı icra vərəqəsi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin 14.11.2019-cu il tarixli 18-139447/18-9 saylı sifariş məktubuna əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinin açıq hərracda satılması məqsədi ilə «xxxx» MMC adlanan quruma ünvanlandırmışdır. «xxxx» MMC onlara hərracın keçirilməsinin vaxtı, yeri barədə rəsmi bildiriş məktubu vermədən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilini 19 noyabr 2019-cu il tarixdə Cavabdeh2 ASC ilə ümumi dəyəri 57.375 manata hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə bağlamışlar. Bununla da, «xxxx» MMC adlanan qurum qərəzli olaraq maddi hüquq pozuntularına yol verməklə qeyri-obyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətdə olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Qeyd edirlər ki, «xxxx» MMC onlara heç bir məlumat vermədən, qanunsuz və əsassız şəkildə, maddi hüquq pozuntularına yol verməklə qeyri-obyektiv hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətdə olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq mülki işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında göstərdi ki, məhkəmənin icraatında İddiaçı5 və başqalarının Cavabdeh2 ASC-yə və qeyrilərinə qarşı iddia tələbi üzrə 2(006)-2446/2021 saylı mülki iş vardır. İddiaçılar iddia tələbində «xxxx» MMC-nin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivi Samir Səfərov küçəsi 3 nömrəli evin 64 saylı mənzilinin Cavabdeh2 ASC tərəfindən əldə edilməsi barədə 19 noyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hesab edir ki, qanuni qüvvəsini almış, yəni Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.11.2016-cı il tarixli qətnaməsi üzrə hərracın keçiriləcəyini iddiaçılar hərracın keçirilməsi barədə bildirişi 2019-cu ilin yanvar ayında aldığı üçün hazırda irəli sürülən tələb tərəflərə məlum olduğundan onların məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmuş, lakin bununla bağlı iddia tələbi uzun müddət keçdikdən sonra irəli sürülmüşdür. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 372.2, 354.2, 375.2 və 377-ci maddələri baxımından, verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, iddiaçılar hərracın nəticələrini mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyinin tələblərinə riayət etməmişlər və bununla da, hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşlər. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər «xxxx» MMC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ASC-nin İddiaçı5 və qeyrilərinə qarşı «borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı5 44.586 ABŞ dolları 25 sent məbləğində əsas borc, 2.410 ABŞ dolları 26 sent məbləğində faiz, 83 ABŞ dolları 15 sent məbləğində cərimə olmaqla, cəmi 47.079 ABŞ dolları 66 sent məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi; tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı5 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov küçəsində istifadədə olan 0,06023 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binanın 3-cü girişinin 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 48,7 m2, yaşayış sahəsi 30,1 m2, yardımçı sahəsi 18,6 m2 olan 2 otaqlı 64 nömrəli mənzilin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına İddiaçı5 banka olan borcunun ödənilməsi; iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin İddiaçı5 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı5 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(010)-4350/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə, faizin məbləğinə və cəmi borc məbləğinə aid hissələrdə dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov küçəsi 3 saylı evin 64 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat, faiz məbləği 2.385 ABŞ dolları 74 sent müəyyən edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq Cavabdeh2 ASC-dən 50 manatın tutularaq Dövlət büdcəsinə, İddiaçı5 150 manatın tutularaq «xxxx» MMC-yə ödənilməsi qət edilmiş, qətnamə İddiaçı5 münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli 2(102)-6491/2018 saylı qərarından görünür ki, İddiaçı5 kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli 2(103)-1073/2018 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra, icra vərəqəsi icra olunması üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilmiş, bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 05.12.2018-ci il tarixli 18- 239447/18-9 saylı sifariş məktubuna əsasən ipoteka predmeti satılmaq üçün açıq hərraca çıxarılmışdır. Bu barədə «xxxx» MMC sifarişçi olan Suraxanı rayon İcra və Probasiya şöbəsinə, tələbkar olan banka və borclu İddiaçı5 18 yanvar 2019-cu il tarixli və 15 fevral 2019-cu il tarixli 82 və 260 saylı bildiriş ünvanlamışdır. Bundan başqa, hərrac barədə KİV vasitəsi ilə məlumat (elan) verilmişdir. Bundan sonra hərrac baş tutmuş və mənzil tələbkar bank tərəfindən əldə edilmişdir. Bununla bağlı mübahisələndirilən protokol tərtib olunmuş, alğı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi protokolun və əqdin etibarsız hesab edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. İkincisi, iddiaçılar tərəfindən iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu da, iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı1 və X1 cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı «hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar