Məhkəmə qərarları › İş №2(006)-2447/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2447/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2447/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «icbari sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı "xxxx" ASC 19.02.2020-ci il tarixdə daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi ilə illik icbari sığorta müqaviləsi bağlamışdır. 06.09.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində evin divarlarında iri çatlar əmələ gəlmişdir ki, bu da evin hər an uçmasına səbəb ola bilər. Bu barədə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Abşeron rayonu İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişdir. Ərizələrin cavablarında ev xüsusi mülk olduğundan öz hesabına təmir etməsi məsləhət bilinmişdir. 19.02.2020-ci il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsində «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunundan çıxarışında 35.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olunması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 35.4-cü maddəsində göstərilmişdir ki, yaşayış binasının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə kostruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və ya suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunun tələbindən göründüyü kimi icbari sığorta hadisəsi baş verdikdə həmin qanunun 32-ci maddəsinə əsasən sığortaçı bu şəhadətnamə… üzrə əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunan müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir. İddiaçı "xxxx" ASC-nin direktoruna 08.09.2020ci il tarixdə ərizə ilə müraciət edib, sığorta hadisəsi baş verdiyini və müqavilə tələblərinə uyğun olaraq sığorta haqqının ödənilməsini tələb etmişdir. "xxxx" ASC-nin iddiaçıya yazdığı məktubla AR Mülki Məcəlləsinin 922.1-ci maddəsini istisna edərək sığorta hadisənin əvvəl baş verməsi səbəbindən məsuliyyət daşımamalarını bildirmişlər. Göstərilənləriə əsasən "xxxx" ASC-nin hesabından icbari sığorta haqqı məbləğin 15.000 manat tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş və iddia tələbini qəbul etməyərək öz izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yaşadığı Masazır kəndində əmlakının qarşısında 2010-cu ildə SOCAR şirkəti evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra əmlakında çatlar əmələ gəlmişdir. İddiaçı hadisənin 2010-cu ildə olduğunu özü etiraf etmişdir, onlarla isə müqavilə 2020-ci ildə bağlanılmışdır. Bu da o deməkdir ki, hadisənin baş verməsi sığorta ödənişinin edilməsi üçün nəzərdə tutulan dövrü əhatə etmir. Ekspert rəyində də hadisənin dəqiq baş verməsi ilə bağlı dəqiq vaxt müəyyən edilməyib. Odur ki, cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 04.02.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evi 138,33 kv.m. ümumi sahədən, 70,76 kv.m. yaşayış sahədən, 67,57 kv.m. köməkçi sahədən, 4 yaşayış otaqlardan ibarətdir. İş üzrə RPA********** saylı, 19.02.2020-ci il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sığortalı Yusifov X4 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evini "xxxx" ASC-də 18.02.2021-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 15000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 1 ünvanlanmış 14.09.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olub-olmamasının araşdırılması onların səlahiyyətləri xaricindədir. Bu məsələnin qanunamüvafiq qaydada həll edilməsi üçün aidiyyəti üzrə qurumlara müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 1 ünvanlanmış 14.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 04.03.2020ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığı yaşadığı evdə müxtəlif ölçülü çatların əmələ gəldiyi qeyd olunan və qəzanın qarşısının alınması üçün maddi köməklik göstərilməsi xahiş olunan ərizəsinə Abşeron rayon İcra Hakimiyyətində baxılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin büdcəsində fərdi evlərin təmiri üçün vəsait nəzərə tutulmamışdır. İş üzrə V.Rəcəbov, İ.Qəribova,F.Bayramov, H.Xəlilov, H.Xəlilova tərəfindən tərtib edilmiş 28.09.2020-ci il tarixli aktından görünür ki, ünvan 2-nin son 6 ay müddətində yoldan keçən iri diametrli qaz turbasının yerə basdırılması və digər torpaq sürüşmələri nəticəsində qəzalı vəziyyətə büşmüşdür. Evin mülkiyyətçisi İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə qəzalı evdə təhlükəli vəziyyətdə yaşayır. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə verilmiş 13.09.2020-ci il tarixli izahatından görünür ki, yaşadığı Masazır kəndində Əliağa Vahid küçəsi,220 olan əmlakının qarşısında 2010-cu ildə SOCAR şirkəti evinin qarşısından qazıntı işləri apardıqdan sonra əmlakında çatlar əmələ gəlməyə başlamışdır. İlk əvvəl çatlar xırda olduğundan əhəmiyyət verməmiş, daha sonra çatlar ildən ilə artmağa başlamışdır. İlk olaraq 2020-ci il fevral ayının 2-də Abşeron rayon icra hakimiyyətinə mövcud hadisə ilə bağlı məktub yazmış, daha sonra 2020-ci ilin avqust ayında AR Dövlət Neft Şirkətinə SOCARa məktub yaşmışdır, ona heç bir köməklik göstərməmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə yazılmış 13.09.2020-ci il tarixli ərizədən görünür ki, 2010-cu ildə əmlakında başlayan çatlar ildən ilə artmağa başlamışdır, nəticədə əmlakına maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq sığorta ödənişin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, o, "xxxx" ASC 19.02.2020-ci il tarixdə Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi ilə bir illik icbari sığorta müqaviləsi bağlanmışdır. 06.09.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində evin divarlarında iri çatlar əmələ gəlmişdir ki, bu da evin hər an uçmasına səbəb ola bilər. Bu barədə iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Abşeron rayonu İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişdir. Ərizələrin cavablarında ev xüsusi mülk olduğundan öz hesabına təmir etməsi məsləhət bilinmişdir. 19.02.2020-ci il tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 2-ə dəyən ziyanın sığorta məbləği miqdarında ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan sms vasitəsilə göndərilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinin tələbinin pozulmasına əsasən (baş vermiş hadisə sığorta dövrünü əhatə eləmir) müvafiq iddia üzrə məsuliyyət yaranmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2409 saylı, 03 noyabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin fasad divarının üzərində 3/6 sm ölçüdə üfüqi və şaquli çatların olduğu müəyyən olunmuşdur. Lakin tədqiq olunan ünvanda yerləşən fərdi yaşayış evində çatlar və ya zədələr 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakət nəticəsində əmələ gəlib-gəlməməsi, evin tikinti normalarına uyğun inşa olunmasının müəyyən edilməsinə dair Azərbaycan Respulikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığı üçün, qərardadın ikinci-dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda çatları və ya zəədələrin hansı tarix(lər)də (həmin ərazidə 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakətdən əvvəl yaxud sonra) yaranması və ya inkişaf etməsi tarixi müəyyən edilməsinə dair metodika olmadığı üçün, qərardadın birinci sualının ikinci hissəsi üzrə təqdidat aparılmamışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evini icbari qaydada "xxxx" ASC-də 19.02.2020-ci il tarixli RPA********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı "xxxx" ASC-yə müraciət edərək 06.09.2020-ci il tarixdə torpaq sürüşməsi nəticəsində sığorta olunan Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin divarlarında iri çatlar əmələ gəlmiş və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin "xxxx" ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı sığorta şirkətindən 15.000 manat sığorta ödənişinin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçıların baş vermiş hadisənin sığorta hadisəsi olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Məhkəmə qeyd edir ki, sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi sığortalının iradəsindən asılı olmayan baş vermə ehtimalına təsadüflük əlamətlərinə malik olan hadisə və ya yaranan haldır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk—sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığortaya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial həyatına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çoxluğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq mümkün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəyyənlik elementi daşıyır. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəyyən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar. Sığortanın 4 əsas funksiyası vardır ki, onlar da aşağıdakılardır: risk;xəbərdarlıq;yığım (əmanət);nəzarət funksiyası. Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Göründüyü kimi «Sığorta riski» - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur. Əmlak riski- əmlakın yanğından, zəlzələ,daşqın və digər hadisələrdən təsadüfən zərər görməsidir. Sığortanın obyekti kimi sığortalını həyatı, sağlamlığı, iş qabiliyyəti, vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilata sığorta ödənişinin verilməsi ilə əlaqədar ərizə ilə müraciət edərək yaşadığı Masazır kəndində 2010-cu ildə SOCAR şirkəti evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra əmlakında çatlar əmələ gəlməsini göstərilmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin fasad divarının üzərində 3/6 sm ölçüdə üfüqi və şaquli çatların olduğu müəyyən olunmuşdur. Lakin tədqiq olunan ünvanda yerləşən fərdi yaşayış evində çatlar və ya zədələr 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakət nəticəsində əmələ gəlib-gəlməməsi, evin tikinti normalarına uyğun inşa olunmasının müəyyən edilməsinə dair Azərbaycan Respulikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi təqdim olunmadığı üçün, qərardadın ikinci-dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda çatları və ya zəədələrin hansı tarix(lər)də (həmin ərazidə 2020-ci ildə baş vermiş zəlzələ, torpaq sürüşməsi, yaxud digər təbii fəlakətdən əvvəl yaxud sonra) yaranması və ya inkişaf etməsi tarixi müəyyən edilməsinə dair metodika olmadığı üçün, qərardadın birinci sualının ikinci hissəsi üzrə təqdidat aparılmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısında qazıntı işləri aparıldıqdan sonra çatların olduğu müəyyən edilsə də, həmin hadisə iddiaçı ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmamışdan əvvəl, yəni 2010-cu ildə baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hadisə sığorta hadisəsi hesab oluna bilməz. AR Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icbari sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar