Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2449/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 1000 (bir min) manat, cəmi 2000 (iki min) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 102 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-753/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 iddiaçının yanında qalmaları müəyyən edilmişdir. 2 ildən çoxdur ki, iddiaçı övladları ilə birlikdə öz valideynlərinin yanında qalır. Heç bir yerdə işləmir. Maddi vəziyyəti aşağıdır. Övladlarını təkbaşına böyütməkdə çətinlik çəkir. Bu müddət ərzində cavabdeh övladları ilə maraqlanmamış, onların saxlanmaları üçün heç bir köməklik göstərməmişdir. Cavabdeh kifayət qədər maddi imkanı yüksək olan şəxsdir. Özünün avtosalonu, istifadəsində bahalı avtomobili və digər əmlakları var. Ona görə də iddiaçı ödənilməli olan alimentin miqdarının hər ay hər uşağa görə 1000 (bir min) manat, cəmi 2000 manat sabit pul məbləğində müəyyən edilməsini istəyir. İddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.
3. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddiasının əsasını yalnız cavabdehin kifayət qədər maddi imkana malik olan şəxs olması ilə əsaslandırmışdır. Lakin cavabdeh hazırki iddianı qəbul etmir, bununla belə uşaqların saxlanılması ilə bağlı ədalətli, ağlabatan məbləğdə alimentin təyin edilməsinə və ödənilməsinə də etirazını bildirmir. Belə ki, o, hazırda işləmir, qüvvədə olan aktiv əmək müqaviləsi mövcud deyildir. Onun gəlirinin əsasını yalnız icarə müqavilələrindən gələn gəlir təşkil edir ki, həmin gəlirin müəyyən hissəsi də özlüyündə həmin qeyri-yaşayış sahələrinin faktiki sahibi olan atasına təqdim edilir. Bundan əlavə, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanunda yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan məbləğdən 4 dəfədən artıq məbləğ tələb etməklə, məqsədinin uşaqları saxlamaq yox, cavabdehdən əlavə qazanc mənbəyi kimi istifadə etmək niyyətində olduğunu ortaya qoymuşdur. Belə ki, ölkə ərazisində minlərlə uşaq yaşayış minimumuna uyğun aliment aldığı halda, iddiaçı 1000 manat tələb edir. Aliment məbləğinin isə uşaqlarının saxlanılması üçün nəzərdə tutulduğunu, uşaqların saxlanılmasının isə hər iki valideynin borcu olduğunu nəzərə alaraq iddiaçının özünün uşaqlara tələb etdiyi məbləğdə vəsait sərf edə bilmək iqtidarında olması belə sual altındadır. Əlavə olaraq cavabdehə belə bir yüksək məbləğdə alimentin təyin edilməsi ədalətli olmamaqla, gələcəkdə bir gəncin özünə normal həyat qurmasına maneə olacaqdır. Belə ki, iddiaçının 2000 manat aliment ödəyə bilməsi üçün onun ən azı 6000 manat gəlirə malik olması lazımdır. Hazırki vəziyyətdə isə cavabdehin gəlirləri qeyd olunan məbləğdən dəfələrlə azdır. İddiaçı isə cavabdehin gəlirlərinin az olduğunu bildiyi halda, ondan sabit pul məbləğində pul tələb etməklə bir daha ona qarşı qərəzli mövqedə olduğunu sübut etmişdir. İddiaçı qeyd olunan halları sübut edə bilməmişdir, belə ki, mövcud olmayan halın sübut edilməsinin mümkün belə olmayacağını bildiyi üçün məhkəmədən fantastik məbləğdə aliment tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq bir uşaq üçün 246 manat olmaqla, ümumilikdə 492 manat alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddianı müdafiə edib bildirdi ki, 246 manat yaşayış minimumudur. Halbuki, cavabdehin aliment ödəməyə kifayət qədər imkanı var. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddianı qismən, yəni hər uşağa münasibətdə 246 manat məbləğində alimentin ödənilməsi hissəsində qəbul etdiyini bildirdi, qalan hissədə rədd edilməsini xahiş etdi.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları X5 yanında qalmaları qət edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-753/2023 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
9. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00191 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, 50 manat İMS xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir.
10. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN: **********) tərəfindən son üç il üzrə vergi orqanına müvafiq bəyənnamələr təqdim edilmədiyindən müraciətin icrasının təmin edilməsi mümkün olmamış, onun xx.xx.2025-ci il tarixə aktiv əmək müqaviləsi barədə məlumat müəyyən edilməmişdir.
11. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, 54 ünvanında yerləşən 870.6 kv.m. qeyri-yaşayış sahəsinin 220 kv.m. hissəsini icarəçi "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəçi hər ay icarəyə verənə 500 manat ödəməlidir.
12. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, 54 ünvanında yerləşən 870.6 kv.m. qeyri-yaşayış sahəsinin 150 kv.m. hissəsini icarəçi X6 icarəyə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi hər ay icarəyə verənə 300 manat ödəməlidir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* №-li çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu, 54 ünvanında yerləşən 870.6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
14. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə “Pro Bono” Vəkil Bürosuna göndərilmiş sənədlərdən görünür ki, istehsal ili 2011-ci il olan, “Ford Transit” yük markalı, istehsal ili 2004-cü il olan “Tofaş Şahin” minik markalı, istehsal ili 2012-ci il olan “Hyundai Accent” minik markalı, istehsal ili 2018-ci il olan “Mercede-Benz G63 AMG” minik markalı, istehsal ili 2019cu il olan “Porsche Panamera GTS” minik markalı, istehsal ili 2019-cu il olan “Hyundai Elentra” minik markalı, istehsal ili 2014-cü il olan “X12” minik markalı, istehsal ili 2021-ci il olan “Lada 21214-013-51” minik markalı, istehsal ili 2014-cü il olan “BMW X5 Xdrive 50İ” minik markalı, istehsal ili 2010-cu il olan “BMW X5” minik markalı, istehsal ili 2011-ci il olan “Nissan Navarra” minik markalı avtomobillərin sahibi Cavabdehdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Musəvi Mehriban və xx.xx.2019-cu il təvəllüdlü Musəvi Mircamal anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-753/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların anaları X5 yanında qalmaları qət edilmişdir.
16. İddiaçı uşağın saxlanılması üçün hər uşağa görə 1000 manat məbləğində aliment tutulmasını xahiş etsə də, cavabdeh hər uşağa görə 246 manat ödəməyə razı olduğunu bildirir. Məhkəmə araşdırmaları zamanı müyyən edilir ki, cavabdeh fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsdir. Son 3 il üzrə cavabdeh tərəfindən vergi bəyənnamələri təqdim edilməmiş, daha əvvəl təqdim edilən bəyənnamələr isə məhkəməyə sorğu əsasında göndərilmişdir. Rəsmi olaraq əmək müqaviləsi ilə işləmir. Mülkiyyətində 10-dan çox avtomobil var. Mülkiyyətində olan daşınmaz əmlakdan ümumilikdə hər ay 800 manat icarə haqqı əldə edir. İddiaçı isə işləmir.
17. Hazırda iddiaçı cavabdehdən hər uşağa görə 1000 manat olmaqla, ümumilikdə 2000 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə hər uşağa görə 246 manat olmaqla, ümumilikdə 492 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirir və iddia tələbinin qalan hissədə təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
18. Məhkəmə qeyd edir ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşaqların saxlanılması olduğundan, tərəflərin alimentlə bağlı dəlilləri uşaqların mənafeyi üstün tutulmaqla qiymətləndirilməlidir.
19. İş üzrə Cavabdeh hər ay 800 manat icarə haqqı əldə etdiyi onun tərəfindən inkar edilmir. İddiaçının mülkiyyətində 10-dan çox avtomobil olması, həmçinin fərdi sahibkar olması və VÖEN-in aktiv olması iş materialları ilə təsdiqlənir.
20. Məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas olsa da, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması ilə yanaşı, tərəflərin maddi vəziyyətini və diqqətəlayiq digər halları da müəyyən etməlidir. Buna görə də məhkəmə cavabdehin mülkiyyətində 10-dan çox avtomobilin olmasını, fərdi sahibkar olmasını, 800 manat aylıq icarə haqqı əldə etməsini, iddiaçının isə işləmədiyini və əlavə gəlirinin olmamasını nəzərə alır. Uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun məbləği uşaqların minimum yaşayış səviyyəsini müəyyən edən məbləğdir. Məhkəmə qərar qəbul edərkən uşaqların həyat səviyyəsinin maksimum daha yaxşı təmin edilməsi və onların əvvəlki təminatının aşağı düşməməsinə diqqət etməlidir. Uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişini də nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən – sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində (yəni ərizənin daxil olduğu 2025-ci il üzrə minimum əmək haqqı məbləği olan 400 manatın 0,75 misli ≈ 300 manat) sabit pul məbləğində təmin edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarındakı göstərişə uyğun olaraq). Məhkəmə hesab edir ki, iş üzrə təqdim edilmiş sübutlar alimentlə bağlı tələbin qismən təmin edilməsinə və cavabdehin yaşayış minimumundan cüzi artıq olan bu məbləği ödəmək iqtidarında olmasını deməyə imkan verir. Bundan artıq məbləğin təmin edilməsi isə məhkəmənin qənaətinə görə ədalətli hesab oluna bilməz.
21. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə aliment Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərildiyi kimi, məhkəməyə müraciət edilən vaxtdan - xx.xx.2025-ci il tarixdən tutulmalıdır.
22. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə cavabdehin “icarə haqqı kimi aldığı 800 manatdan başqa gəlirinin olmaması və hər uşaq üçün 246 manat aliment ödəməyə imkanının olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, onun ödəməyə razı olduğu məbləğ azyaşlı uşağın minimum yaşayış səviyyəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onların normal tələbatlarını ödəməyə, əvvəlki təminatlarının saxlanmasına həmin məbləğ kifayət etmədiyindən, habelə cavabdeh əmək qabiliyyətli fərdi sahibkar olduğundan, bu hal alimentin məbləğinin uşaqlar üçün yaşayış minimumu həddində müəyyən edilməsi üçün tutarlı əsas deyil və uşaqların əvvəlki təminat səviyyəsinə uyğun gəlmir. Buna görə də bu dəlillər əsassız hesab edilir. Həmçinin, qeyd edilməlidir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) aktiv olan cavabdeh vergi orqanına bəyannamə verməkdən yayındığına görə, onun xalis gəlirini müəyyən etmək mümkün olmamışdır. Bu halı cavabdehin xeyrinə - 800 manat icarə haqqından başqa gəlirinin olmaması kimi qiymətləndirmək isə uşaqların üstün mənafeyinə və işin faktiki hallarına uyğun olmayacaqdır. Çünki cavabdehin mülkiyyətində kifayət qədər çox avtomobilin olmasının müəyyən edilməsi iddiaçının “cavabdehin avtosalonunun olması” barədə dəlilinin əsaslı olduğunu və onun kifayət qədər gəlirinin olmasını, məhz gəlirini bəyan etməkdən yayınaraq xalis gəlirinin məbləğinin müəyyən edilməsinə imkan vermədiyini deməyə əsas verir. Cavabdeh tərəf aldığı icarə haqqının bir hissəsini obyektin faktiki sahibi olan atasına verdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Həmçinin, dövlət reyestrinin həqiqiliyi prezumpsiyası məhkəməyə imkan verir ki, bu dəlili formal mülahizə kimi qiymətləndirsin. Cavabdeh tərəfin nikah pozulandan sonra uşaqları ilə vaxt keçirib, onlara lazımi qayğını göstərib, zəruri xərcləri çəkdiyinə dair təqdim etdiyi fotoşəkillərə münasibətdə qeyd edilməlidir ki, cavabdehin bir ata kimi qanundan irəli gələn vəzifəsini heç bir məhkəmə qərarı və məcburi tədbirlər tətbiq edilmədən yerinə yetirməsi yaxşı hal olsa da və iddiaçının “cavabdehin uşaqları ilə maraqlanmaması” barədə dəlilini əsassız saymağa səbəb olsa da, bu, hazırkı iddianın qismən təmin edilməli olması halını aradan qaldırmır. Çünki göründüyü kimi, uşaqların saxlanması ilə bağlı tərəflər arasında anlaşılmazlıq vardır, deməli, uşaqlardan ayrı yaşayan valideyn kimi cavabdehdən alimentin məhkəmə qaydasında tutulması zəruridir.
23. Həmçinin, qeyd edilməlidir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58. Valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; Maddə 58.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
27. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2025-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
28. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: 8.2-ci bənd. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 №-li qərarı: 1-ci bənd. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1-ci bənd. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
32. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
33. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcinin 20 (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə:
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 20 (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, mediasiya xərcinin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova