Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2452/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə təyin edilmiş 11.000 (on bir min) icbari sığorta haqqımın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - İddiaçı 2004-cü il tarixdə Kəpəz rayon həqiqi hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrıldıqdan sonra hərbi xidmətimi çəkərkən 22.04.2004-cü il tarixdə aldığı «sol qamış sümüyünün distal metaepifıznin qapalı oynaqdaxili sınığı» nəticəsində travma almışdır. Bundan sonra etdiyi müraciətlərindən sonra 2017-ci il tarixdə yekunda ona Həkim Komissiyası tərəfindən aldığı xəsarətin travma olduğu və travmanm hərbi Xidmət dövründə aldığını təsdiqlədikdən sonra ona 13.10.2017ci il tarixdə əlillik təyin edilmişdir. Bundan sonra o, aldığı xəsarəti ilə bağlı cavabdehə müraciət etsə də ona hərbi qulluqçular üçün müəyyən edilmiş sığorta haqqının ödənilməsindən imtina edilmişdir. O, təkrar olaraq cavabdehə və Prezidentə, 1-ci X2 Xanıma və Əmək Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət etsə də ona etdiyi müraciəti ilə bağlı heç bir cavab verilməmişdir. Hazırda cavabdeh «Azərbaycan Sığorta» şirkəti ona aldığı xəsarətə görə qan pulunu vermək istəmir. Göstərilənlərlə bağlı cavabdeh «Azərbaycan Dövlət Sığorta Şirkətirıinin» hərəkətlərini qanunsuz hesab etməklə, aldığı xəsarəti ilə bağlı hərbi qulluqçu olaraq Hərbi Qulluqçuların İcbari şəxsi sığortası haqqında qanunun 5-ci maddəsinə əsasən sığorta haqqı ona ödənilməlidir. Ona həmin qanunun tələbinə əsasən imtina edilməsi və sığorta haqqının ödənilməsinin qeyri mümkünlüyü şamil edilə bilməz və həmin qanunun qeyri mümkünlüyü ilə bağlı hər hansı sənəd onun tərəfindən cavabdehə verilməmiş əksinə bütün sənədlər təqdim edilmiş və onun aldığı xəsarət 2004-cü ildə olduğundan həmin qanuna 03 dekabr 2013-cü il tarixdə edilmiş dəyişiklik geriyə qüvvəyə malik olmamaqla yanaşı o, 02.09.2014-cü il tarixdə təxris olunduğu müddətdə 3 il müddətinə əllillik əldə edərək cavabdehə müraciət etmişdir. Həmçinin qeyd olunan qanuna əsasən onun barəsində həkim Komissiyası 2017-ci il tarixdə rəy vermiş həmin rəyi vermək onun vəzifəsi deyil, o, cümlədən ona əlillik təyin edilməsidə onun səlahiyyətlərinə daxil olmadığından onun sığorta haqqı almaq kimi sosial təminat hüququ pozula bilməz. Bu hüquq ona AR Konstitusiyası ilə təmin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 teleqram ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 manat deyil 6.600 manat pulun tutularaq iddiaçıya ödənilməsini və onların iştirakı olmadan qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməsinə etiraz etdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. SHXÇDX-nın Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 19.09.2014-cü il tarixdə verilmiş hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0362 saylı, 24.06.2004-cü il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilmiş, 0646 saylı, 02.09.2014-cü il tarixli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 16.03.2017-ci il tarixdə verilmiş 621 nömrəli qərarın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz RHK tərəfindən 2004-cü ildə hərbi xidmət keçərkən 22.04.2004-cü ildə aldığı və 22.04.2004-cü ildən 30.04.2004-cü ilə kimi SQ-nin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu travma – diaqnoz: “sol qamış sümüyünün distal metaepifizinin qapalı oynaqdaxili sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nın Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 16.01.2017-ci il tarixli, ZG/98 nömrəli göndərişi, 16.01.2017-ci il tarixli, ZG/15 nömrəli arayışı, SQ-nin BKH-dan verilmiş 30.04.2004-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, Hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Gəncə şəhəri Kəpəz rayon filialının direktoruna ünvanlanmışı 06.11.2017-ci il tarixli cavabından görünür ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-cİ maddəsinin "xxxx" bəndinə əsasən hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Ona görə də əgər İddiaçı hərbi xidmətdən buraxılan gündən üç il müddətində əlillik təyin edilərsə, o halda ona sığorta ödənişinin verilməsi təmin oluna bilər. Əks halda İddiaçı Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin "xxxx" bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2452/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2452/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver