Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2454/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Həmidulla oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Həmidulla oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə hərbi xidməti vəzifəsini yerinə yetirərkən Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə Çernobıl AES-də qəza ilə əlaqədar xəsarət almışdır. Bu səbəbdən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. Hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta şirkəti tərəfindən sığorta pulu ödənilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə müraciət edərək sığorta ödənişinin ödənilməsini xahiş etdim. Lakin sonuncu 30 noyabr 2020-ci il tarixli 07-07-624 məktubla bildirmişdir ki, Çernobıl hadisələri baş verərkən "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən imtinanı qanunsuz hesab edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddia ərizəsinə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməyinə dair vəsiqəsini əlavə edir. Bir daha bildirir ki, Çernobıl AES-də xəsarət alan şəxslər şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərdir. İddiaçı Həmidulla oğlu məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı Həmidulla oğlunun iddiası onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə Çernobl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə Çemobl AESdə qəza ilə əlaqədar xəsarət almışdır. Bununla da İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ona sığorta ödənişinin verilməsini tələb edir. Hesab edirlər ki, İddiaçı Həmidulla oğlunun bu iddia tələbi tam əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. İddiaçının istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 10.08.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. Bu Qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının müstəqilliyi dövründə hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.02.1992-ci il tarixli 99-6 və 04.08.1992ci il tarixli 426-20 saylı qərarları ilə icbari sığortalanmış və həmin qərarlar 22.06.1998-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.1998-ci il tarixli 140 saylı qərarı əsasında) qüvvədən düşmüşdür. İddiaçı isə Sovetlər Birliyi dönəmində yəni 1988cı ildə Çernobl AES-də baş vermiş qəzaya görə sığorta ödənişini tələb edir. Çernobl AES-də baş vermiş qəza Azərbaycan SSR dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə Dövlət Sığorta Şirkəti arasında heç bir müqavilə olmamışdır. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktım qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyil. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında'" Azərbaycan Respublikasının Qanunu qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsai mümkün deyil. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə (Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması) istinad edərək hesab etmişdir ki, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Lakin həmin Qanunun 2-ci maddəsinə (Hərbi qulluqçu statusuna malik şəxslər) əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Beləliklə, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. İddiaçının istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında’' Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul olunmuşdur. İddiaçı isə 1988-ci ildə baş vermiş hadisəyə görə sığorta ödənişi tələb edir. Qanunun qüvvəsinin geriyə keçmiş SSSRİ-də baş vermiş hadisəyə şamil olunması üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş əsas yoxdur. Göstərilənlərə əsasən İddiaçı Həmidulla oğlunun iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. ƏƏSMF-nin yanında DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən 10.12.2019-cu il tarixdə verilmiş 034302 saylı vəsiqədən görünür ki, İddiaçı Həmidulla oğluna müddətsiz İİ qrup əlillik verilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövründə Çernobl AES-də baş vermiş qəza zamanı yaralanması olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 seriyalı, 663924 saylı arayışın surətindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı Həmidulla oğluna hərbi xidmət dövründə Çernobıl AES-də qəza ilə əlaqədar müddətsiz ikinci qrup əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsizdir. Əlilliyin verilməsi üçün əsas 10/582 nömrəli, 10.02.2009cu il tarixli müayinə aktıdır. Şəki şəhər hərbi komissarlığı tərəfindən verilmiş 21.05.1975-ci il tarixli, НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Həmidulla oğlu 13.04.1988-ci il tarixdən 07.05.1988-ci il tarixədək Çernobl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 39 saylı, 13.01.2009-cu il tarixli qərarından görünür ki, Şəki RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı Həmidulla oğlunun 1988-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 18.06.1991-ci ildə Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çemobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: «Ensefalopatiya, serebral aroxnoidit, tez-tez baş verən vegetativ-damar krizlərlə. Kəskin dərəcədə ifadə olunmuş asteno-nevrotik sindrom. Hipertoniya xəstəliyi, İİ mərhələ, tez-tez baş verən krizlərlə. ÜİX, sakitlik stenokardiyası, İİ FS» (Şəki RHK-nın 19.12.2008-ci il tarixli 3990 nömrəli göndərişi, 19.12.2008-ci il tarixli 4569, 4570 nömrəli arayışları, Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çemobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası ekspert şurası tərəfindən təyin edilmiş 18.06.1991-ci il tarixli 85 nömrəli ekspert rəyi, hərbi biletdən çıxarışlar ilə təsdiq edilir), «xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır». Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı Həmidulla oğluna ünvanladığı 30.11.2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, onun əlilliyi ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Şirkətə göndərdiyi sənədlərə baxılmış və bildirilmişdir ki, Çernobıl hadisələri baş verərkən ”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilməmişdir. Buna görə də onun xahişini yerinə yetirmək qeyri-mümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, X3 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməli, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli olduğu müəyyən edilmişdir. Göründüyü kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərtin nəzərdə tutulmadığı halda belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən Qərarda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtinanın konstitusiya prinsipi olan bərabərlik hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalanan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Lakin iş materiallarından görünüdüyü kimi iddiaçı Sovet İttifaqı dönəmində, yəni 1986-cı il tarixində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə və həmin qəza nəticəsində əlillik dərəcəsini aldığına görə sığorta ödənişinin verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Çernobıl qəzası Azərbaycan SSR-i dövründə baş vermişdir və həmin dövrdə nəyinki Dövlət Sığorta Kommersiya Şirkəti ilə Müdafiə Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə bağlı müqavilə bağlanmamış, Dövlət Sığorta Kommersiya Şirkətinin özü belə təsis edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri sayır ki, müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi olmadığı kimi, Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası öz müstəqilliyinə nail olmamışdan əvvəl Azərbaycan SSR-nin ərazisində fəaliyyət göstərən Dövlət Sığorta İdarələrinin hüququ varisi deyildir. Belə ki, 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Həmidulla oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Həmidulla oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2454/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2454/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver