Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2485/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda İİ qrup əlillər üçün nəzərdə tutulmuş 6.600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iki il Sovet Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi iştirak etmişdir və ağır yaralanmışdır. Hazırda 2-ci qrup müharibə əlilidir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması göstərilmişdir. Lakin bu günə qədər 2-ci qrup əlillər üçün nəzərdə tutulan 6.600 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin ona verilməsi xahişi ilə 2020-ci ilin dekabr ayında cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi müraciətinə cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1963cü il tarixdə Laçın rayonu, Alıqulu kəndində doğulmuşdur. İddiaçı 1992-ci ildə Laçın RHK tərəfindən hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə yaralanmışdır. «Qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sağ və sol tərəfdə qaşın buruna yaxın hissəsinin qəlpə yarası, asteno-nevrotik sindrom, aşağı ətraflarda hissiyat pozğunluğu» diaqnozu ilə müalicə və müayinə olunmuşdur. Həmin yaralanmalar hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, İddiaçı «Postkontuzion sindrom. Keçirilmiş kəllə-beyin travması. Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya. Kəskin ifadə olunmuş asteno nevrotik sindromla. Hipertenziv ensefalopatiya İİ dərəcə. Vertebrobazilyar arterial sistem sindromu. Beyin qan dövranının xr. çatmamazlığı» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı oğluna İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2485/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2485/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver