Məhkəmə qərarları › İş №2(006)-2497/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2497/2022

14.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2497/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT “İnkişaf üçün Maliyyə" MMC arasında bağlanmış L-BK 0047312-F saylı Kredit və BK-00026248 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1997,62 manat, 3,27 manat faiz borcu olmaqla, cəmi 2.000,89 manat məbləğində kredit borcunun və ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq BOKT "İnkişaf üçün Maliyyə” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin ’'Azərbaycan Respublikasında fziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT “İnkişaf üçün Maliyyə" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0047312-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2485 (iki min dörd yüz səksən beş) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK- 00026248 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 358,70 (üç yüz əlli səkkiz manat 70 qəpik) manat, faiz borcu üzrə 30,30 (otuz manat 30 qəpik) manat olmaqla, cəmi 309,00 (üç yüz söksən doqquz manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 1997,62 (bir min doqquz yüz doxsan yeddi manat 62 qəpik) manat, 3,27 (üç manat 27 qəpik) manat faiz borcu olmaqla, cəmi 2.000,89 (iki min manat 89 qəpik) manat məbləğində kredit borcu var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya qismən etiraz edərək qalan borcunu maddi imkanı olamdığından tam ödəyə bilmədiyini və hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0047312-F saylı kredit müqaviləsinə əsasən borc verən BOKT "xxxx" MMC borc alan Cavabdeh1 vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə, illik 1% hesablanmaqla 2.485,00 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müştərinin öhdəliyi Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. BOKT "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 və zamin Cavabdeh2 ünvanlanan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə BOKT "xxxx" MMC tərəfindən xəbərdar olunmuşlar. Maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixə 1.997,62 manat əsas borc, 3,27 manat faiz borcu, cəmi 2.000,89 manat ödənilməmiş borcu vardır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli L-BK-0047312-F saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC borcalan Cavabdeh1 5 il müddətinə, illik 1% hesablanmaqla 2.485,00 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun əsas borcu üzrə 1.997,62 manat əsas, faiz borcu üzrə 3,27 manat, cəmi 2.000,89 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın xx.xx.2019-cu il tarixli L-BK-0047312-F saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Eyni zamanda qeyd edilməlidir ki, kredit müqaviləsi ləğv edildiyindən, ondan irəli gələn zaminlik müqaviləsi də ləğv edilməlidir. Belə ki, hazırki məhkəmə aktı cavabdehlərin BOKT "xxxx" MMC-yə olan öhdəliklərini artıq “borc alan” və “zamin” statusunda yox, “birgə borclu” kimi icra etməsi üçün zəmin yaratmışdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kredit və zaminlik müqavilələri ləğv edilməli, əsas borc üzrə 1.997,62 manat, faiz borcu üzrə 3,27 manat və dövlət rüsumu kimi ödənilmiş 41 manat, cəmi 2.041,89 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK- 0047312-F saylı kredit müqaviləsi və BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BK-00026248 saylı zaminlik müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1.997,62 manat, faiz borcu üzrə 3,27 manat və dövlət rüsumu kimi ödənilmiş 41 manat, cəmi 2.041,89 (iki min qırx bir manat, səksən doqquz qəpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar