Məhkəmə qərarları › İş №2(006)-2499/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2499/2020

02.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2499/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkili X5, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqqının verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqqının verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, böyük oğlu Cavabdeh2 «Pilot Həyat MMC ilə birləşərək onlara qarşı dələduzluq etmişdir. Belə ki, ünvan 2-də yerləşən 110 kv.metrlik evlərinin sökülməsi haqqında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, lakin həmin evdə qeydiyyatda olan o, və İddiaçı2 razılığı alınmamışdır. Onların arasında olan razılığa əsasən 2 ədəd mənzil sökülmüş evlərinin yerində tikilən binadan verilməli idi. Sökülmüş 110 kv.m. evlərinin yerində tikilən binadan ümumi sahəsi 50 kv.m. olan mənzil verilib. Əlavə verilmiş digər evlərini dəyər-dəyməzinə satıb pulunu isə mənimsəyiblər. Halbuki, həmin mənzilin satılması qanuni əsaslarla baş versəydi, onun və ailə üzvlərinin notarial qaydada razılığı tələb olunmalı idi. Sökülmüş evinin yerində yeni bina tikilmişdir. Dəfələrlə onların razılıqları olmadan sökülmüş evinə görə kompensasiya verilməsi ilə bağlı müraciət etmişlər. Yalan vəd verərək hüquqlarını pozmaqla davam edirlər. Yeganə çıxış yolu məhkəməyə müraciət edərək kompensasiya tələb edilməsidir. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 tərəfindən iddiaçıların razılıqları olmadan sökülmüş ünvan 2-də yerləşən 110 kv.metr evinin əvəzində 100.000 (yüz min) manat kompensasiya ödənilməsi, Cavabdeh2 2017-ci ildən bəri hər ay kirayə haqqı olaraq bank kartına ödənilən 500 manat (cəmi 15.000 manat) tutularaq iddiaçılara bərabər qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər iddiaçılar və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, müqavilə iddiaçılar ilə bağlanmamış Cavabdeh2 ilə bağlanmışdır. Bu səbəbdən onların subyektiv hüququnun olmamasının nəzərə alınmasını və iddianın rədd edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 143641 nömrəli xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 7 saylı evin 7 otaqlı 14 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 5 yaşayış otağı Cavabdeh2, 2 yaşayış otağı X1 mülkiyyətindədir. İş üzrə Cavabdeh1 MMC ilə «Mülkiyyətçi» və ya «Kirayəçi» qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli Qərarında Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlı-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş xx.xx.2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin müvafiq bəndinə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Ruhulla Axundov, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu barədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə məxsus olan 46 kv.m. mənzilin hüquqmüəyyənedici sənədlərində göstərilmiş ümumi sahəsini 15% əlavə etməklə təmirli ümumi 60 kv.m. mənzil «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzillərdən «Mülkiyyətçi»nin və ya «Kirayəçi»nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün «Mülkiyyətçi»yə və ya «Kirayəçi»yə 1 otaqlı mənzil üçün 200 manat məbləğində vəsaiti ödəməyi, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 500 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC söküntü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tariədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini və mənzilin yüklülüyünə dair (forma 1) arayışı Cavabdeh2 Əliqəmbər oğlundan tələb etmək öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 205öz nömrəli reyestr kitabının 30214 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh2 ilə Cavabdeh1 MMC ilə bağlanılmış və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarına və Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 133 saylı Sərəncamına əsasən Cavabdeh1 MMC ilə arasında ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 3 otaq y/s 48 kv.m. hissəsinə dair xx.xx.2017-ci Əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Əvəzləşdirmə müqaviləsinə əsasən göstərilən mənzilə görə Cavabdeh2 sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmişdir. Bundan əlavə onun mənzilinin əlavə sənədsiz tikililəri var idi, həmin tikililərə görə isə ona Cavabdeh1 MMC tərəfindən 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər. Həmin məbləğin 50.000 manat hissəsi Cavabdeh2 nağd şəkildə ödənilib. Hal-hazırda isə Cavabdeh1 MMC qarşılıqlı razılaşmaya əsasən ona 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 MMC-ya qarşı bundan sonra heç bir iddiasının və tələbinin olmamasını və gələcəkdə göstərilən mənzilə və onun əlavə tikililərinə dair qeydiyyatda olan şəxslər tərəfindən hər hansı bir iddia yaranarsa bütün məsuliyyəti qanun qarşısında öz üzərinə götürülməsi göstərilmişdir. Cavabdeh1 MMC yuxarıda qeyd olunanlarla bağlı bildirir ki, Cavabdeh2 qarşılıqlı razılaşmaya əsasən ödənilməli olan 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, R.Axundov küçəsində yerləşən 7 saylı evdə xx.xx.1992-ci ildən X4, oğlu Cavabdeh2 Əliqəmbər oğlu, oğlu İddiaçı2 Əliqəmbər oğlu, oğlu İddiaçı1 Əliqəmbər oğlu və digər ailə üzvləri ilə birlikdə (cəmi 22 nəfər) qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, 10,11,14 nömrəli mənzillər 005250 №-li xx.xx.1993-cü il tarixli order əsasında X3 (6 nəfər ailə tərkibi ilə birlikdə) məxsus olmuşdur. İş materiallarında Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1994-cü il tarixli 409/185 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, T.Axundov küçəsi, 7 nömrəli evin 7 otaqlı, ümumi sahəsi 170 kv.m., yaşayış sahəsi 110 kv.m. olan 14 nömrəli mənzilinin əvəzsiz olaraq Cavabdeh2 şəxsi mülkiyyət kimi verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi 7 nömrəli evin 14 saylı mənzilin icarədarı Yəhyayeva (Sayadova) Arifə Mirheydər qızı olmuş və o, həmin mənzildə 6 nəfər ailə tərkibi ilə, yəni özü və 6 nəfər uşaqları ilə, o cümlədən hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 ilə 1993-cü ildə qeydiyyata alınmışdır. 1994-cü ildə Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin mənzil Cavabdeh2 şəxsi mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləsinə əsasən Cavabdeh2 kompensasiya ödənilməklə iddiaçıların qeydiyyatda olan mənzili Cavabdeh1 MMC tərəfindən sökülmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə öhdəlik müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 məxsus olan R.Axundov küçəsində yerləşən 7 saylı evin yaşayış sahəsi 48 kv.m. olan 3 otaqlı 14 saylı mənzilə görə ona sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmiş, həmin mənzilin əlavə sənədsiz tikililərə görə MMC tərəfindən oan 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər, həmin məbləğin 50.000 manat ona nağd şəkildə ödənilmiş, qalan 5.000 manat pulu Cavabdeh1 MMC notariusun depozit hesabı vasitəsi ilə ödəməyi, Cavabdeh2 isə gələcəkdə mənzilə və onun əlavə tikililərə dair qeydiyyatda olan şəxslər tərəfindən hər hansı iddia yaranarsa bütün məsuliyyətin öhdəsinə götürmüşlər. Hazırda iddiaçılar hesab edirlər ki, mübahisəli mənzildə qeydiyyatda olduğundan və onların razılığı almadığından, «Pilot-İnşaat» tərəfindən evin sökülməsi nəticəsində 100.000 manat kompensasiyanın ödənilməsi və Cavabdeh2 2017-ci ildən cəmi 15000 manat kirayə haqqının bərabər qaydada onlara verilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə cavabdehlərdən biri olan Cavabdeh1 MMC bu mübahisə ilə bağlı iddiaya cavab verməli olan şəxs deyildir. Yəni subyektiv cavabdehlik daşımır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarına və Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 133 saylı Sərəncamına əsasən Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə Cavabdeh2 məxsus olan 3 otaq y/s 48 kv.m. hissəsinə dair xx.xx.2017-ci Əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən həmin mənzilə görə Cavabdeh2 sökülən mənzilin yerində tikilən binada 50 kv.m. təmirli mənzil verilmişdir. Bundan əlavə Cavabdeh2 özbaşına tikililərə görə Cavabdeh1 MMC tərəfindən 55.000 manat ödənilməsi barədə razılığa gəlmişlər. Həmin məbləğin 50.000 manat hissəsi Cavabdeh2 nağd şəkildə ödənilib. Cavabdeh1 MMC qarşılıqlı razılaşmaya əsasən Cavabdeh2 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Bu baxımdan Cavabdeh1 MMC mübahisəli mənzili mülkiyyətçiyə kompensasiyanı tam şəkildə ödəyərək öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Cavabdeh1 MMC iddiaçıların iddiasına cavab verməli olan şəxs olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olsa da, onun Cavabdeh1 MMC-dən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli mənzil R.Axundov küçəsi, ev 7, mənzil 14 rəsmi sənədlərə əsasən 48 kv m olmuş və onun əvəzinə (istinad olunan- əvəzləşdirilmə müqaviləsi) 50 kv m təmirli mənzil verilmişdir. İddiaçıların iddia etdiyi 110 kv m hissə ilə bağlı isə əlavə sahənin heç bir hüquq müəyyənedici sənədi ( çıxarış, order və s) olmamış, lakin Cavabdeh2 onun əvəzinə 55000 manat məbləğ pul ödənilmişdir ( istinad olunan- Öhdəlik müqaviləsi) . Yəni iddiaçıların mənzil 14-ə aid hissədə heç bir hüquqlarının pozulması aşkar olunmamış, onların mübahisəli mənzilə dair qeydiyyatları olmuş və bu hüquqda aradan qalxmamışdır (yerinə təmirli mənzil verilmişdir) Bu əsasdan məhkəmə hesab edir ki, iddia tələbi «kompensasiya ödənilməsi» hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 2017-ci il tarixdən hər ay kirayət haqqı olaraq cəmi 15000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, kirayədə qaldıqları ilə bağlı (kirayət müqaviləsi, ödəniş qəbzi) iddiaçılar tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələblərin əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmadığından, irəli sürülmüş tələblər təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə xərvləri iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «sökülmüş mənzilə görə kompensasiyanın ödənilməsi və kirayə haqqının verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar