Məhkəmə qərarları › İş №2(006)-25/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-25/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-25/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi ”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi var. Sözügedən ev xx xxx 2017-ci il tarixli, BA ******* saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 14-xx xxxx 2017-ci il tarixində yağan aramsız yağışlardan sonra iddiaçının istifadəsində olan evdə iri çatlar yaranmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti və Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən arayışdan müəyyən edilmişdir ki, təbii proseslər nəticəsində iddiaçının evi yerləşən ərazidə leysan yağışları yağmış və torpaq (yer) sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı xx xxxx 2017ci il tarixində “xxxx” ASC-yə telefon məlumatı verilmişdir. Məlumatla bağlı “xxxx” ASC-nin səlahiyyətli nümayəndələri 18-xx xxxx 2017-ci il tarixində hadisə yerində olmuş və sözügedən çatları görmüşlər. İddiaçı inşaat sahəsində xüsusi bilik və təcrübəyə malik olan şəxsi (eksperti) cəlb etməklə əmlakına dəymiş zərəri müəyyən etmişdir. Dəymiş zərərin ümumilikdə məbləği 74 872 manatdır. Sözügedən evdə yaşamaq təhlükəli olduğu üçün iddiaçı zərərə düşüb hər ay 600 manat verməklə kirayə evdə qalır. Göstərilənlərə əsasən təbii fəlakət (yer sürüşməsi) nəticəsində iddiaçının evinə dəymiş 74 872 manat zərər üzrə sığorta ödənişinin həyata keçirilməsi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi, öhdəliyini icra etməyən cavabdeh qətnamə icra olunana kimi ümumi kirayə haqqı (hər ayı 600 manat olmaqla) məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli, BA № 759017 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi sığorta şirkəti tərəfindən sığortalanmışdır. Sığorta müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş “Bakı şəhəri, Suraxanı rayonu, Günəşli Yaylası, döngə 1 ünvanının yerləşdiyi ərazinin mühəndis-geoloji şəraiti haqqında” xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, sözügedən ünvanda torpaq qatında qırılma xətti və istiqaməti aydın seçilir. Son günlər əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Təbii və texnogen amillərin təsirində prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli zərər aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evinə 91.883,82 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş “daşınmaz əmlakın təmir-bərpa işlərinə dair” qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evinə 239.856,95 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” mütəxəssis rəyindən görünür ki, yaşayış evinin arxa, sol yan və ön tərəfdən evin uzunluğunun 2/3 hissəsi xaricdən sonradan tökmə qruntla doldurulmuşdur. (həyət hissəsi də daxil olmaqla). 1-ci mərtəbənin ön tərəfinin torpaqla təmasda olan divarlarında daxildə eni 1,0-1,5 sm-ə çatan mərtəbə boyu çatlar və daxilə doğru hiss edilən qabarlamalar yaranmışdır. Çatlar digər yan və arxa divarlarda da yaranmışdır (divar kağızının altında). Yuxarıda qeyd olunanlara əsaslanaraq texniki baxış keçirilən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2375 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında olan fərdi yaşayış evində Azərbaycan Respublikası FHN X2 Dövlət Agentliyinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlarına əsasən, İddiaçı inşa etdiyi fərdi yaşayış evinə hər hansı bir ziyan dəymişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının xx.xx.2017-ci il tarixli, 231 saylı mütəxəssis rəyinə əsasən əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi baş vermiş və nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Tədqiq olunan mütəxəssis rəyinə əsasən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdə olmaqla və istismara yararsız olduğunu nəzərə alaraq, tədqiq olunan tikilinin inşası üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 156.750 manat məbləğində müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən təbii fəlakət sayılan – zəlzələ, leysan və yer sürüşməsi sığorta hadisəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli Yaylası, döngə 1 ünvanında fərdi yaşayış evi 2017-ci ilin iyun ayında əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi hadisəsinin nəticəsində zədələnmişdir. Bununla əlaqədar İddiaçı aralarında bağlanmış “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin yaşayış evinə dəymiş zərərin sürüşmə-çökmə prosesi nəticəsində yarandığını, həmin hala sığorta təminatı verilməməsini əsas gətirərək, imtina cavabı vermişdir. Halbuki, işin məhkəmə araşdırılması zamanı (təyin edilmiş ekspertiza rəylərinə əsasən) müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaylası, döngə 1 ünvanında olan fərdi yaşayış evinə hər hansı bir ziyan dəymişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının xx.xx.2017-ci il tarixli, 231 saylı mütəxəssis rəyinə əsasən əraziyə düşən intensiv atmosfer yağıntıları və texnogen amillərin təsirindən ərazidə qırılma xəttindən yamac istiqamətinə sürüşmə-çökmə prosesi baş vermiş və bunun nəticəsində sözügedən ünvanın yerləşdiyi ərazidə torpaq qatında və tikililərin divarlarında müxtəlif ölçülü və istiqamətli çatlar əmələ gəlmişdir. Tədqiq olunan mütəxəssis rəyinə əsasən yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdə olmaqla və istismara yararsız olduğunu nəzərə alaraq, tədqiq olunan tikilinin inşası üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 156.750 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuşdur. Tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli, BA № 759017 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”nin şərtlərinə əsasən daşınmaz əmlakın sığorta risklərinin – yer sürüşməsi və s. hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin şəhadətnamənin 4 və 5-ci bəndlərindən görünür ki, daşınmaz əmlakın sığorta məbləği 25.000 manat, azadolma məbləği isdə 250 manat təşkil edir. Məhkəmə iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin, habelə daşınmaz əmlakın sığorta şəhadətnaməsinin şərtlərini nəzərə alaraq, fərdi yaşayış evinə dəymiş zərərin məbləği 24750 manat (25000-250=24750) məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi, öhdəliyini icra etməyən cavabdeh qətnamə icra olunana kimi ümumi kirayə haqqı (hər ayı 600 manat olmaqla) məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 (iyirmi dörd min yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış mütəxəssis rəyinin dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, VÖEN:**********, H/h:AZ75AZFİ********************, “xxxx” ASC SAHİL FİLİALİ, KOD:501305, M/h:AZ81NABZ********************, VÖEN (bank):**********, SWİFT:AZFİAZ-22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.780 (iyirmi dörd min yeddi yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış mütəxəssis rəyinin dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, VÖEN:**********, H/h:AZ75AZFİ********************, “xxxx” ASC SAHİL FİLİALİ, KOD:501305, M/h:AZ81NABZ********************, VÖEN (bank):**********, SWİFT:AZFİAZ-22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar